İslam məzhəbləri ilə tanışlıq

Zeydilik məzhəbi

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-921.htmlhttp://az.islam.az/article/a-922.htmlhttp://az.islam.az/article/a-923.htmlhttp://az.islam.az/article/a-925.htmlhttp://az.islam.az/article/a-926.htmlhttp://az.islam.az/article/a-928.html)

Zeydilik məzhəbi şiəliyin qollarından biridir. Zeydin sağlığında şiələrin bir qrupu yalnız zalım hökumətə qarşı silahlı mübarizə aparan Əhli-beyt nümayəndəsinin imamətə layiq olduğu ideyasını ortaya atdı. Onlar İmam Mühəmməd Baqiri (ə) zəiflikdə günahlandırıb, qardaşı Zeydi imamətə layiq bildilər. Zeydi məzhəbində İmam Həsənin (ə) nəvəsi Abdullah Məhzin Abbasilərlə mübarizədə şəhid olmuş iki oğlu - Mühəmməd (Nəfs əl-zəkiyyə) və İbrahim də imam sayılırlar.

Zeydiyyənin növbəti imamı Əbus-Səraya qiyamının ideoloji rəhbəri İbn Təbatəba ləqəbli Mühəmməd ibn İbrahimdir. İmam Həsənin (ə) nəslindən olan Mühəmməd 815-ci ildə Kufədə özünü xəlifə elan etdi, amma az sonra dünyasını dəyişdi. Ondan sonra qiyama rəhbərliyi Zeydi-şəhidin nəvəsi Mühəmməd öhdəyə aldı. Qiyam yatırıldıqdan sonra Mühəmməd əsir edildi və xəlifənin əmri ilə zəhərlədildi.

İbn Təbatəbanın qardaşı Tərcümanəddin Qasim ibn İbrahim Hindistanda məskunlaşmışdı. Onun oğlu Hüseyn isə Yəmənə gəlib burada ilk zeydi dövləti olan Rəssi imamlığını təsis etdi. Rəssi imamları 860-cı ildən başlayaraq müəyyən fasilələrlə təqribən 400 il Yəməndə hakimiyyət sürdülər. Süleyhi, Həmdani və Əyyubi sülalələri müxtəlif dövrlərdə Rəssilərin hakimiyyətini məhdudlaşdırmışlar. 1592-ci ildən 1962-ci ilə kimi Yəməndəki zeydi imamlığını Rəssilər sülaləsinin Qasimilər qolu idarə edirdi. Yəmən Ərəb Respublikası elan edildikdən sonra axırıncı zeydi imamı əl-Mənsur-billah Mühəmməd Bədr ibn Əhməd hakimiyyətdən devrildi.

Büveyhilər və İdrisilər sülaləsi zeydi əqidəsinə mənsub idi.

Zeydiliyin ideoloji əsasları şiə, mötəzili və qismən əhli-sünnə məzhəblərinin əsasında formalaşmışdır. İslam mənbələrində zeydiyyənin 19-a qədər şaxəsi barədə məlumat verilir ki, bunların ən məşhurları carudiyyə, süleymaniyyə, yəqubiyyə və bətriyyədir.

Zeydiyyə məzhəbinə görə, ilk imamlar Əli ibn Əbu Talib (ə), ondan sonra İmam Həsən (ə) və İmam Hüseyndir (ə). Lakin Həzrət Mühəmməd Peyğəmbər (s) sonrakı imamları açıq şəkildə deyil, gizli və rəmzi formada elan etmişdir. Zeydiyyə əqidəsinə görə, İmam Hüseyndən (ə) sonrakı imamlar Peyğəmbərin buyurduğu əlamətlərə uyğun olan şəxslərin arasından seçilməlidir. İmam mütləq Fatimənin (ə) nəslindən olmalı, zülmə qarşı qiyam etməli, öz elmi, imanı və şücaəti ilə seçilməlidir. İmam Həsənlə (ə) İmam Hüseynin (ə) övladları arasında hər kim mübariz əhval-ruhiyyəyə malikdirsə, imamlığa layiqdir. İmamət Hüseynin (ə) övladlarından Həsənin (ə) övladlarına və ya əksinə qaydada da keçə bilər. Bir imam vəfat etdikdən sonra imamlığa layiq növbəti şəxsin zühuruna kimi zeydi icmasını dailər (dəvətçi mübəlliğlər) də idarə bilərlər.

İmamın məsum olması şərt deyil. Amma ədalətə riayət etməli, məzlumların haqqını verməli və zülmlə barışmamalıdır. Bu vəzifələri yerinə yetirməyən imama tabe olmaq düzgün deyil. Eyni zamanda müxtəlif məntəqələrdə iki imam fəaliyyət göstərə bilər.

Zeydiyyə məzhəbinin ricət, iradə azadlığı, böyük günah etmiş şəxsin statusu, qəbir əzabı və sair məsələlərdə özünəməxsus görüşləri vardır. Göründüyü kimi, bu məsələlərin əksəriyyəti mötəzili məktəbinin müzakirə obyektidir.

Zeydiyyə məzhəbi fiqhi baxımdan hənəfi məzhəbinə daha yaxındır. Bunları yaxınlaşdıran ən əsas cəhət hər iki¬sində qiyasın mötəbər sayılmasıdır. Bununla belə, zeydi fiqhi ilə cəfəri fiqhi arasında müəyyən oxşar cəhətlər də mövcuddur.


Yerləşdirilib:25 Oktyabr, 2017, Baxılıb:1514, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com