İslam məzhəbləri ilə tanışlıq

Zeydilik məzhəbi

(birinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-921.htmlhttp://az.islam.az/article/a-922.htmlhttp://az.islam.az/article/a-923.htmlhttp://az.islam.az/article/a-925.htmlhttp://az.islam.az/article/a-926.html)

Zeydi-şəhid dördüncü imam Əli Zeynülabidinin (ə) oğludur. Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin hakimiyyəti dövründə Zeyd Kufə əhalisinin dəvəti ilə qiyama qalxdı. Həm ümumilikdə Əməvi hökumətinin törətdiyi zülmlərdən narazılıq hissi, həm də Zeydin özünə qarşı yönələn təqib və təzyiqlər bu qiyamın meydana çıxmasına səbəb oldu. Qiyamın başlanma tarixi barədə salnamələrdəki məlumatlar fərqlidr. Hərəkatın səfər ayında başlandığı şübhəsizdir. Lakin bunun hicri 120-ci, 121-ci yoxsa 122-ci ilə aid olduğu barədə fikir ayrılıqları vardır. Keçmiş mənbələrin əksəriyyətində hicri 121-ci il göstərilsə də, müasir araşdırmalar qiyamın hicri 122-ci il səfər ayında (miladi 740-cı il) başladığını ehtimal etməyə əsas verir. Qısa müddət ərzində hərəkat Kufədən əlavə, Bəsrə, Mədain, Vasit, Mosul, Xorasan bölgələrini də əhatə etdi. Yalnız Kufədəki qiyamçıların sayı 15 mini ötüb-keçmişdi. Zeydin qiyamının əsas şüarlarından birini də İmam Hüseynin (ə) intiqamını almaq çağırışı təşkil edirdi.

Zeyd ibn Əlinin qiyamı bəzi nüfuzlu şəxslər tərəfindən də razılıqla qarşılandı. İmam Cəfər Sadiq (ə) qiyama şəxsən qoşulmasa da, onun mənəvi cəhətdən Zeydi dəstəkləməsi barədə məlumatlar vardır. Hənəfi məzhəbinin banisi Əbu Hənifə də Zeydin qiyamının haqlı olduğu barədə fətva vermiş, maddi yardım kimi Zeydə 20 min dinar pul göndərmişdi.

Kufə valisi camaatın Zeydə qoşulmasına mane olmaq üçün şəhər əhalisinin böyük bir hissəsini came məscidinə toplayıb məscidin qapılarını bağladı. Zeyd öz qiyamını cəmi bir neçə yüz nəfərlə başlamalı oldu. Valiyə tabe olan qüvvələr Zeydin məsciddəkiləri azad etmək cəhdinin qarşısını aldılar. Kufə əhalisinin əksəriyyəti isə öz evinə çəkilib Zeydi tək buraxdı.

Kufədə əsasən Şamdan gətirilmiş 12 min nəfərlik hərbi qarnizon yerləşirdi. Xəlifə Hişam şəhərə daha 8 min nəfərlik yardım göndərdi. Belə bir şəraitdə Zeydin tərəfdarları ilə hökumət qoşunlarının mübarizəsi tamamilə qeyri-bərabər xarakter almışdı. Qiyamçıların sıraları getdikcə seyrəlirdi. Bununla belə, Zeyd öz silahdaşları ilə birlikdə düşmənin qarşısında 2 gün müqavimət göstərməyə nail oldu. Kufə valisi xüsusi olaraq Hindistandan gətirilmiş mahir oxatanları döyüşə cəlb etdi. Atılan oxlardan biri Zeydin alnına dəydi. Ağır yaralanmış Zeydi Əhli-beyt tərəfdarlarından birinin evinə aparıb müalicə etməyə çalışdılar. Lakin oxu alnından çəkib çıxaranda Zeyd dünyasını dəyişdi. Bu zaman onun 42 yaşı vardı.

Zeydi diri və ya ölü halda təhvil verən şəxs üçün min dinar mükafat təyin edilmişdi. Zeydin silahdaşları onu gizli şəraitdə dəfn etdilər. Lakin Kufə valisi casusların vasitəsilə həmin yeri öyrənib cəsədi qəbirdən çıxartdırdı, başını kəsib xəlifəyə göndərdi, bədənini isə şəhər meydanında dar ağacına çəkdirdi. Zeydin cəsədi dörd il dar ağacında qaldı, sonra onu yandırıb külünü havaya sovurdular. Valinin əmri ilə Zeydin tərəfdarlarını axtarıb amansızlıqla cəzalandırmağa başladılar.

Şeyx Səduq “Üyun əxbar əl-Riza” əsərində Zeydin haqqında İmam Rizanın (ə) dilindən bir neçə hədis rəvayət edib. Həmin hədislərin birində buyurulur: “O, Ali-Mühəmmədin alimlərindən idi. İzzət və cəlal sahibi olan Allahın yolunda (düşmənlərə) qəzəbləndi, Allahın düşmənləri ilə döyüşdü və Allahın yolunda şəhid oldu”. İmam Cəfər Sadiqin (ə) Zeyd barəsində belə buyurduğunu yazırlar: “Əmim Zeydə Allah rəhmət etsin! O, camaatı Ali-Mühəmmədin rizasına çağırırdı. Əgər qalib gəlsəydi, mütləq öz çağırışına vəfalı olardı”.

Zeydin oğlu Yəhya da atasının qiyamında iştirak etmişdi. Qiyam yatırıldıqdan sonra Yəhya Xorasanda sığınacaq tapsa da, tezliklə ələ keçirilib zindana atıldı. Xəlifə Hişamın ölümündən sonra hakimiyyətə gəlmiş Vəlid onu həbsdən azad etdi. Yəhyanı yenidən İraqa qaytarmağı qərara aldılar. Lakin Yəhya, onu müşayiət edən dəstənin nəzarətindən çıxıb Cürcan (Gürgan) şəhərinə getdi. Onun tərəfdarlarının sayının 150 ilə 500 arasında olduğunu yazırlar. Xorasan valisinin göndərdiyi qüvvələrlə döyüşdə Yəhya və silahdaşları şəhid oldular. Bu hadisə hicri 126-cı ilin əvvəllərində (miladi 743-cü il) baş vermişdir.


Yerləşdirilib:21 Oktyabr, 2017, Baxılıb:1977, Çap
 

Son şərhlər : 1
Müəllif: Zahir | 21 Oktyabr, 2017  17:01
# Ответить
+2


]]>]]>

Fikir verdiniz! Yenə də Kufə əhlinin adı hallanır. Zatən imam Hüseynin qətlində baş rol oynayan bu kufəlilər Zeydin də ölümünə səbəb oldular. Həqiqətən də bu kufəlilər fitnə əhli olublar.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com