Təqva

“Təqva” sözünün hərfi tərcüməsi “çəkinmək, uzaq durmaq” deməkdir. Yəni təqva insanın ruhunu zərərli sifətlərdən, günahlardan uzaq saxlayır. Hədislərin bırində buyurulur: “Təqvalı insan odur ki, əgər onun bütün əməllərini açıb insanlara göstərsələr, utanmağa layiq bir əməl tapmaq mümkün olmasın”.

Təqvanın mənası budur ki, insan Allahı narazı salmaqdan, qəzəbləndirməkdən qorxsun, özünü həmişə Onun nəzarəti altında hiss etsin, halal və haramlara ciddi riayət etsin.

Hədislərdə təqva gözəl xasiyyətlərin başı, peyğəmbərlərin əxlaqı kimi dəyərləndirilir. Həzrət Əli (ə) təqva haqqında buyurub: “Təqvanın zahiri tərəfi dünyada insana şərəf gətirər, batini tərəfi isə axirətdə”. Quranda “təqva libası” ifadəsi işlədilir: “Təqva libası daha yaxşıdır...” (Əraf, 26). Libas insana yaraşıq verir, onun eybini örtür, onu soyuqdan və təhlükədən qoruyur. Bütün bu xüsusiyyətlər simvolik mənada təqvada da vardır. Təqva insana Allah yanında dəyər qazandırır. Qurani-kərimdə Allah-təala insanları yalnız təqvalarına görə qiymətləndirdiyini açıq-aşkar bildirir: “Allah yanında ən hörmətli olanınız ən təqvalı olanınızdır” (Hücürat, 13). Təqvanın sayəsində insanın mənəvi çirkinlikləri, günahları məhv olur, bu rəzalətlər təqvalı ruhdan uzaqlaşır.

Təqva o qədər mühüm dəyərdir ki, bütün müqəddəslər öz xütbə və məktublarını təqvaya çağırışla başlayır, “sizə təqvalı olmağı tövsiyə edirəm” söyləyirdilər. Qurani-Kərimdə təqva ifadəsi imanla yanaşı işlədilir, buradan aydın olur ki, təqva möminə xas olan və möminin malik olması gərəkən keyfiyyətdir. Allah-Təala buyurur: “...Əgər möminsinizsə, Allaha münasibətdə təqvalı olun!” (Maidə, 57 və 112).

Bəzi ariflər təqvalı olmağı tikanlıqda yerıyən insanın halına bənzətmişlər. Tikanlıqda gəzən adam ayağını yerə diqqətlə qoyar, ətəyini yuxarı qaldırar, bir sözlə, tikanlıqla daha az təmasda olmağa çalışar. Təqvalı insan da bu dünyanın ləzzətləri qarşısında o cür davranmalıdır.

Təsəvvüf böyükləri təqvanın 3 mərtəbəsi olduğunu söyləmişlər:

Təqvanın ən aşağı həddi odur ki, insan əbədi cəzaya məhkum olmamaq üçün özünü böyük günahlardan, şirkdən qorusun. Quranda təqvanın bu mərtəbəsi haqqında buyurulur: “Allah onlara təqva kəlməsini (kəlmeyi-şəhadəti) xas etdi” (Fəth, 26).

Təqvanın ikinci mərtəbəsi günahlardan, hətta kiçik xətalardan da təmizlənməkdir. Quranda buyurulur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, şübhəsiz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq” (Əraf, 96).

Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: “Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!” (Ali-İmran, 102).

XII əsrdə yaşamış məşhur hənbəli alimlərindən Əbülfərəc İbn Covzi müxtəlif elm sahələrində söz sahibi kimi tanınmış, təfsir, fiqh, hədis, tarix, əqaid elmlərində, əxlaq və nəsihət mövzularında dəyərli kitablar qələmə almışdır. Alim özü əsərlərinin həcminin 200 cildi aşdığını deyirmiş; bəziləri isə onun 700, hətta min kitab müəllifi olduğunu bildirmişlər.

İbn Covzi  xütbə və moizələri ilə daha məşhur olmuşdur. Onun moizə məclisləri izdihamlı keçirdi, alimin söz¬lərini eşitmək üçün on minlərlə adam bu məclislərə axışırdı. Günahkarlar onu dinləməklə tövbə edir, qeyri-müsəlmanlar İslama gəlirdilər. Alim özü fəxrlə qeyd edirdi ki, əhli-kitabdan iki yüz nəfər onun sayəsində İslam dininə gəlmiş, moizələrini eşidən yüz min nəfər tövbə etmişdir.

Rəvayət edirlər ki, İbn Covzi kitab yazarkən istifadə etdiyi qələmləri yonduqdan sonra yonqarları tullamır, bir sandığa töküb saxlayırdı. Öləndə vəsiyyət etmişdi ki, həmin yonqarlardan ocaq qalayıb, cənazə qüslü üçün suyu həmin tonqalda qızdırsınlar. Deyilənlərə görə ocaqda suyu isitdikdən sonra da xeyli yonqar artıq qalmışdı.

İbn Covziyə aid edilən kitablardan biri 30 xütbədən ibarətdir. Kitabın özəlliyi budur ki, əlifbadakı 28 hərfə uyğun olaraq, xütbələrin hər biri əlifbadakı bir hərfdən istifadə edilmədən söylənib (birinci xütbədə “əlif” hərfi, ikinci xütbədə “be” hərfi yoxdur və s.). Axırıncı iki xütbədən biri tamamilə nöqtəsiz hərflərdən, o biri isə tamamilə nöqtəli hərflərdən ibarətdir.

Bu qədər uca elmi və əxlaqi məqama çatmış alim öz oğluna ünvanladığı “Ləftət əl-kəbəd ila nəsihət əl-vələd” risaləsində bunun səbəbini izah edərək yazırdı: “Sənə söyləmək istədiklərimin hamısını sənin üçün bir cümlədə cəmləyirəm, o da Allah-Təalanın bu kəlamıdır: “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir” (Bəqərə, 282).


Yerləşdirilib:16 Oktyabr, 2017, Baxılıb:2973, Çap
 

Son şərhlər : 3
Müəllif: Celal | 16 Oktyabr, 2017  22:55
# Ответить
+4


]]>]]>

Allah bizleri heqiqi teqva sahibi olanlardan qerar versin ve bu yolda bize qarshi chixan sheytan ve sheytani insanlardan hifz elesin.
Müəllif: rashad | 17 Oktyabr, 2017  11:11 | Ответ на #3381
# Ответить
+1


]]>]]>

Amin... Allah (c.c) razı olsun məqalə üçün. Salam və dua ilə...
Müəllif: Ceyhun | 6 Noyabr, 2017  09:15
# Ответить
0


]]>]]>

Məlumatı götürdüm. Halal edin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com