İslam məzhəbləri ilə tanışlıq

Hənbəli məzhəbi

(Əvvəli: http://az.islam.az/article/a-921.htmlhttp://az.islam.az/article/a-922.htmlhttp://az.islam.az/article/a-923.htmlhttp://az.islam.az/article/a-925.html)

Bu məzhəb öz banisi Əhməd ibn Hənbəlin adı ilə adlandırılmışdır. Əbu Abdullah Əhməd ibn Mühəmməd ibn Hənbəl Şeybaninin (780-855) valideynləri Bəni-Şeyban qəbiləsindən idilər, Mərvdə yaşayırdılar. Əhmədin Mərvdə doğulduğu, lap kiçik yaşlarında ailəsi ilə birlikdə Bağdada gəldiyi ehtimal edilir. Digər məlumata görə, Əhməd dünyaya gəlməzdən əvvəl valideynləri Bağdada köçmüşdülər.

Əhməd kiçik yaşlarında atasını itirdi. Əvvəlcə Bağdadda Əbu Hənifənin tələbəsi qazı Əbu Yusifdən fiqh dərsi aldı, sonra Məkkə, Mədinə, Şam, Kufə, Bəsrə, Yəmən və Misir bölgələrinə səfərlər edib böyük hədis alimləri ilə görüşdü. Hicaz bölgəsinə səfəri zamanı Şafii ilə görüş Əhmədə böyük təsir göstərdi.

Əhməd ibn Hənbəl həm hədisçilik, həm də fiqh elmlərində dərin bilik sahibi idi. Ona “imam əl-mühəddisin” (hədisçilərin imamı) ləqəbi ilə müraciət edirdilər. İbn Hənbəl 300 min, hətta bəzi rəvayətlərə görə, bir milyon hədisi əzbər bilirmiş. Onların arasından təqribən 30 minini seçərək, məşhur “Müsnəd” kitabında toplamışdı (“Müsnəd”dəki hədislərin ümumi sayı 40 minə çatır, bunların təqribən 10 mini təkrardır).

İbn Hənbəl dini məsələlərdə mühafizəkarlığı ilə seçilirdi. O, bir çox mövzularda ayə və hədisləri şərh etməyin, rəmzi ifadələr barədə müzakirələr aparmağın əleyhinə idi. Hətta əksər alimlər tərəfindən məcazi mənada yozulan məsələlər barədə də zahiri baxımdan hökm çıxarır, dərin araşdırmalardan çəkinirdi. Məsələn, Allahın bir çox sifətləri barədə ondan soruşduqda belə cavab verərdi: “Allahda bu sifətin olduğu qəti məlumdur. Lakin bunun necəliyi barədə məlumatımız yoxdur”. İbn Hənbəl mütəşabih (qeyri-dəqiq, şərhə möhtac olan) ayələri təfsir etməyi bidət və küfr sayır, belə məsələlərin əsl şərhini Allahın öz öhdəsinə buraxmağı lazım bilirdi.

Quranın qədim (əzəli) olduğuna inandığı üçün İbn Hənbəl mötəzililər tərəfindən düşməncəsinə qarşılanmış, Abbasi xəlifələri Məmun və Mütəsimin təzyiqlərinə məruz qalmışdı. Onu Quranın yaranma (hadis) olduğunu söyləməyə məcbur etmək üçün həbsə atmış, şallaqlamışdılar.

Hənbəli məzhəbi hədislərə böyük önəm verməsi ilə fərqlənir. Hər hansı məsələ barədə Quranda və sünnədə qəti hökm tapmayanda səhabələrin fətvalarına əməl edirlər. Əgər səhabələrin də bu məsələyə münasibəti məlum olmasa, onda tabiinin fikrini araşdırırlar. Hənbəli məzhəbində qiyas qəbul edilsə də, ona son dərəcə zəruri hallarda müraciət olunur.

Əhməd ibn Hənbəl də Şafii kimi sənədi səhih olan vahid xəbəri mötəbər dəlil sayır və onun hökmünə əməl edirdi. O, mürsəl hədisləri (sənəd zəncirində səhabənin adı qeyd edilməyən hədisləri) zəif sayır, amma zərurət qarşısında qiyasdan üstün bi¬lirdi.

Hənbəli məzhəbində “siyasəti-şəriyyə” adlı anlayış da vardır ki, bu, müsəlman dövlət başçısının cəmiyyəti islah etmək məqsədilə öz ictihadına əsasən gördüyü bəzi tədbirlərdən ibarətdir. Hənbəli məzhəbində istihsan və istishab metodlarından da istifadə edirlər. Xüsusilə, istishab metodu hənəfi və maliki məzhəblərinə nisbətən daha geniş anlama malikdir. Əhli-sünnə məzhəbləri içində sədd əl-zəraye prinsipinə ən ciddi əməl edənlər də hənbəlilərdir. Sədd əl-zəraye prinsipinə görə, harama aparıb-çıxaran əməllər və vasitələr də haram hökmündədir. Məsələn, zina etmək haramdır; qadının məhrəm yerlərinə baxmaq da zinaya səbəb olduğundan haramdır.

Hənbəli məzhəbinə görə, ictihad qapısı bağlanmamışdır. Hər dövrdə bir müctəhidin olması, fiqh elmini öyrənib camaat üçün fətva verməsi fərzi-kifayidir. Bununla belə, ona kor-koranə təqlid etmək olmaz. Müctəhidin fətvasına əməl etmək təqlid deyil, ittiba (tabeçilik) sayılır. Yəni müctəhid hər hansı məsələ barədə fətva verirsə, insan onun dəlillərini öyrənməli, bu məsələdə müctəhidin sözünə deyil, onun əsaslandığı dəlillərə əməl etdiyini niyyət etməlidir. Hədislərə verdiyi böyük önəmə görə hənbəli məzhəbini sələfi məzhəbi də adlandırırlar.

Hənbəli məzhəbi Əhmədin oğulları Saleh (vəf. 879) və Abdullah (vəf. 903) tərəfindən davam etdirilmişdir. Bu məzhəb çox da geniş yayılmamışdır. Bunun səbəbini hənbəli məzhəbindəki fətvaların ağır şərtlərə dayaqlanması və insanlar üçün çətinlik törətməsi ilə ilə izah edirlər. Hal-hazırda hənbəli məzhəbi Səudiyyə Ərəbistanı ərazisində daha geniş yayılmışdır.


Yerləşdirilib:12 Oktyabr, 2017, Baxılıb:1633, Çap
 

Son şərhlər : 1
Müəllif: Zahir | 14 Oktyabr, 2017  08:54
# Ответить
-3


]]>]]>

İmam Əhməd ibn Hənbəl böyük alim və sünnənin qoruyucusu olmuşdur. Zəlalətə düşmüş xəlifələr Məmun və Mötəsim Quranın "xəlq-məxluq" olması kimi murdar əqidəni insanlara yeritmək istəyərkən bu mihnənin qarşısını yalnız imam Əhməd ibn Hənbəl almış, Quranin əzəldən mövcud olduğunu, Allah kəlamlarının əbədi olduğu mövqeyini qoruya bilmişdir. Hənbəli məzhəbi öz sərtliyi və ədaləti, bidət əhlinə qarşı mübarizəsi ilə seçilir. Təsadüfi deyil ki, sələfi ideolqiyasının banislərindən biri şeyxul-islam ibn Teymiyyə məhz hənbəli məzhəbinin nümayənədsi olmuşdur.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com