İslam məzhəbləri ilə tanışlıq

Maliki məzhəbi

(Əvvəli: http://az.islam.az/article/a-921.htmlhttp://az.islam.az/article/a-922.htmlhttp://az.islam.az/article/a-923.html)

Maliki məzhəbinin banisi Əbu Abdullah Malik ibn Ənəs ibn Malik ibn Əbu Amir Əsbəhi (712-795) əslən Yəməndən idi. Babası Yəmən hakiminin zülmündən Mədinəyə köçmüş və Qüreyşə mənsub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Malik fiqh elmini məşhur Mədinə fəqihi Rəbiətür-rəydən öyrənmişdi. Rəvayətə görə, nə zaman hədis söyləmək istəsəydi, dəstəmaz alıb ətir vurar, saç-saqqalını darayar, vüqar və əzəmətlə minbərdə oturardı. Tələsik halda, yol gedərkən hədis rəvayət et-məkdən çəkinirdi. Mədinə məscidində və evində hədis və fiqh dərsləri deyirdi. Özü-nün söylədiyinə görə 70 nəfər böyük alimdən icazə aldıqdan sonra müəllimlik fəaliyyətinə başlamışdı.

Malik fiqh dərslərində verilən suallara dəqiq şəkildə və yazılı formada cavab verirdi. Baş verməmiş (məcazi) hadisələr barədə sualları cavablandırmazdı, yalnız real hadisələrin fiqhi həllini verərdi. Cavabını bilmədiyi məsələlər barədə tam qətiyyətlə “bilmirəm” deyirdi. Malik ömrü boyu Mədinə şəhərini tərk etməmişdi. Bu şəhəri çox sevirdi, Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarına ehtiramı üzündən Mədinədə ata minmir, həmişə piyada gəzirdi.

764-cü ildə Malik ibn Ənəsdən Abbasi xəlifəsi Mənsurun əmisi Cəfər ibn Süley-mana şikayət etdilər. Cəfərin əmri ilə alimi Bağdada çağırıb şallaqladılar.

Mədinə Peyğəmbər şəhəri kimi tanındığından, buranın alimləri də hədislərə çox bağlı idilər. Kufə və s. şəhərlərdə fəqihlər öz rəyləri əsasında fətva verirdilərsə, Mədinədə bu, yaxşı qarşılanmırdı. Malik ibn Ənəs öz məzhəbini qurarkən həm hədis əhlinin, həm də rəy əhlinin görüşlərini ümumiləşdirdi və orta yolu tutdu.

Maliki məzhəbində Quran, sünnə və səhabələrin dedikləri ilə yanaşı, Mədinə alimlərinin icması da əsas sayılır. Ümumiyyətlə, maliki məzhəbində şəriət hökmlərinin əsaslandığı ana mənbələr və hökmlərin istinbat (əsaslandırılma) üsulları aşağıdakı ardıcıllıqla sıralanır:

1. Quran.

2. Sünnə (vahid xəbər və mürsəl hədis də höccət sayılmaqla).

3. Səhabə və tabiinin fətvaları.

4. İcma. İmam Malikin nəzərində icma – yalnız Mədinə alimlərinin bir məsələ barədə fikir birliyinə gəlməsidir. Maliki məzhəbinə görə Mədinə alimləri bir məsələ barədə yekdil fikirdədirlərsə, səhv edə bilməzlər.

5. Mədinə əhalisinin əməli. Maliki fiqhində vahid xəbər mədinəlilərin əməli ilə ziddiyyət təşkil etsə, ikincisi daha üstün sayılır.

Bunlardan sonra qiyas, istihsan, istishab, məsalihi-mürsələ, sədd əl-zəraye və ürf gəlir. Malikilər ürfə zidd olan qiyası qəbul etmir və bu halda ürfə üstünlük verirlər.

Malik ibn Ənəsin əsərləri arasında ikisi xüsusilə məşhurdur. Bunların biri Abbasi xəlifəsi Mənsurun təşviqi ilə yazılmış, 1720 hədisdən ibarət “əl-Müvətta” məcmuəsidir. “Əl-Müvətta” zaman etibarilə əhli-sünnənin 6 səhih hədis kitabından əvvəl yazılsa da, elə onlar qədər şöhrətə malikdir. Səhabə və tabiinin fətvaları da kitabda yer almışdır. “Əl-Müvətta”da əsasən, şəriət məsələlərinə aid hədislər toplanmışdır.

Məlum olduğu kimi Mənsur özü də savadlı idi, alimlərə himayə göstərirdi. Bir dəfə həcc mövsümündə xəlifə Maliklə görüşüb bəzi elmi məsələləri onunla müzakirə edir, sonra isə deyir: “Ey Əbu Abdullah! Yer üzündə fiqhi ikimizdən daha yaxşı bilən adam qalmadı. Mənim başım xilafət işlərinə qarışıb. Heç olmazsa, sən fiqhə və sair elmlərə aid bilikləri toplamaqla məşğul ol. Camaat üçün bir kitab yaz. O kitabda Abdullah ibn Ömərin sərt fətvalarından, Abdullah ibn Abbasın güzəştlərindən, Abdullah ibn Məsudun nadir rəvayətlərindən çəkin. Orta yolu izlə, imamların və səhabələrin müttəfiq olduqları məsələləri əsas götür”.

İmam Malik bu göstərişə əsasən, “əl-Müvətta” kitabını tərtib etdi. Sonralar özü etiraf edirmiş ki, vallahi, mənə kitab yazmağı Mənsur öyrətdi”.

İkinci əsəri isə Malik özü deyil, tələbələri onun fətvalarına əsasən qələmə almışlar. “Əl-Müdəvvənət əl-kübra” adlı bu kitab təqribən 36 min fiqh məsələsini ehtiva edir.

Maliki məzhəbi əsasən Şimali Afrika ölkələrində geniş yayılmışdır. Orta əsrlərdə Əndəlusda maliki məzhəbi xüsusi üstünlük qazanmışdı. Hal-hazırda məğrib ölkələrində maliki məzhəbinin ardıcılları daha çoxdur. Misirdə şafiilikdən sonra ən geniş yayılmış məzhəb malikilikdir.


Yerləşdirilib:6 Oktyabr, 2017, Baxılıb:1202, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com