İslam məzhəbləri ilə tanışlıq

Şafii məzhəbi

(Əvvəli: http://az.islam.az/article/a-921.htmlhttp://az.islam.az/article/a-922.html)

Əhli-sünnənin dörd məzhəbindən biri olan şafii məzhəbi Əbu Abdullah Mühəmməd ibn İdris Mütəllibi Şafiinin (767-819) adı ilə adlandırılmışdır. Rəvayətə görə onun təvəllüdü Əbu Hənifənin vəfat gecəsinə təsadüf etmişdir. Şafii Qüreyş tayfasından, Bəni-Haşimdən idi. Həm də ulu babası Şafe Mühəmməd Peyğəmbərin (s) səhabəsi olmuşdu.

Uşaq ikən atasını itirmiş Şafii ibtidai təhsilini aldıqdan sonra Məkkəyə get¬di və orada böyük alimlərin hüzurunda oxu¬du. Kasıbçılıqdan dərslərini yazmağa kağız tapa bilmir, sümük və s. üzərinə yazırdı. Ərəb dilinin gözəlliklərinə daha dərindən vaqif olmaq üçün Şafii bir müddət öz bəlağəti ilə məşhur olan Bəni-Hüzeyl qəbiləsinin içində yaşadı. Sonra o, Mədinəyə getdi, burada Əbu Hənifənin tələbəsi Mühəmməd Şeybanidən hədis dərsi aldı. 13 yaşında ikən Malik ibn Ənəsin dərslərinə qatıldı. Sonra Yəmənə və İraqa səfərlər etdi, oranın alimləri ilə görüşdü. O, Süfyan ibn Üyeynə, Füzeyl ibn İyaz və başqalarından da hədis rəvayət etmiş, Əhməd ibn Hənbəllə elmi müzakirə aparmışdı.

Bəziləri Şafiini üsuli-fiqh barədə ilk kitabın müəllifi hesab edirlər. (Üsuli-fiqh şəriət hökmlərinin əsaslandırılması mexanizmindən və bunun qaydalarından bəhs edən elmdir). Lakin bu mövzuda ilk kitabın Şafiidən əvvəl Əbu Hənifə və ya Əbu Yusif, ya da Şeybani tərəfindən yazıldığını da iddia edənlər var. Şiə alimlərinin əqidəsincə, üsuli-fiqh mövzusunda kitab yazmış cəfəri alimləri zaman etibarilə Şafiidən daha əvvəl yaşamışlar. Mə¬sələn, 763-764-cü illərdə vəfat etmiş Mühəmməd ibn Saib Kəlbi Qurani-Kərimdəki əhkam ayələrindən çıxan şəriət hökmlərini bir kitabda toplamışdı. Ondan bir qədər sonra yaşamış İmam Kazimin (ə) səhabəsi Hişam ibn Həkəm (vəf. 795-796) də üsuli-fiqhin bəzi bəhslərini müstəqil kitabda işıqlandırmışdı.

Şafii bir müddət Yəmənin Nəcran bölgəsində qazılıq etdi, lakin az sonra Əli ibn Əbu Talibin (ə) nəslindən olanlara mehriban mü¬nasibətinə görə şiəlikdə təqsirli bilinib vəzifəsindən uzaqlaşdırıldı. Onu cəzalandırmaq üçün Bağdada gətirdilər. Burada Mühəmməd Şeybani onu Harun ər-Rəşidin qəzəbindən xilas etdi.

İmam Şafiinin fiqh sahəsindəki fəaliyyəti iki dövrə bölünür. Bağdadda yaşadığı zaman Şafiinin verdiyi fətvaları “köhnə məzhəb”, ölümündən 4 il öncə Misrə köçdükdən sonra verdiyi fətvaları isə “yeni məzhəb” adlandırırlar. Şafii fiqhində onun yeni məzhəbinə aid olan fətvalar əsas götürülür. Çünki Şafii özü köhnə fətvalarından imtina etmiş və bunlara əməl etməyi doğru saymadığını bildirmişdi.

Şafii məzhəbi hədis əhli ilə rəy əhlinin məzhəbi arasında orta mövqeyə ma-likdir. Bunu Şafiinin Mədinədə Malik ibn Ənəsdən, Bağdadda Şeybanidən dərs alması ilə izah edirlər. İmam Malik fiqhdə daha mühafizəkar mövqe tutan Mədinə məktəbindən çıxmışdı. Şeybani isə qiyas və rəydən bol-bol faydalanan Əbu Hənifənin tələbəsi idi. Şafii Mədinə və Kufə məktəblərinin metodlarını ümumiləşdirərək sanki bunların sintezini yaratmışdır.

Şafii məzhəbində hökmlərin əsas mənbəyi Quran, sünnə, icma, səhabələrin sözü və qiyasdır. Bunların içində Quranla sünnə əsas sayılır. Qiyasın da mənbələri Quranla sünnədir. Şafii digər məzhəblərdən fərqli olaraq istihsanı və məsalihi-mürsələni rədd edirdi, maliklilərin mötəbər saydığı Mədinə əhalisinin əməlini qəbul etmirdi. O, vahid xəbəri də etibarlı sübut kimi dəyərləndirirdi. Şafiiyə görə, vahid xəbər bütöv və səhih sənədlə rəvayət edilirsə, etibarlıdır; ravinin hər hansı şərtlərə malik olması zəruri deyil. Şafii məzhəbini maliki məzhəbi ilə yaxınlaşdıran cəhətlərdən biri də hər ikisində sükuti icmanın höccət sayılmamasıdır. Yəni hər hansı məsələ barədə bir və ya bir neçə fəqih tərəfindən irəli sürülmüş görüşü başqa alimlər sözlə dəstəkləməsələr, amma ona etiraz da etməsələr, bu halda həmin icma “ükuti icma”adlanır. Şafii fəqihlərin hər hansı fətva müqabilində sükut etməsini həmin fətva ilə razılaşmaq əlaməti kimi qəbul etmir və bunu icma saymırdı.

Şafiinin 100 (bəzi məlumatlara görə 140-a yaxın) adda əsəri olmuşdur. Bunlardan ən məşhurları aşağıdakılardır: “Əhkam əl-Quran”, “İxtilaf əl-hədis”, “Ədəb əl-qazı”, “Üsul əl-fiqh”, “əl-Sünən”, “əl-Müsnəd” və s. Onun fiqhi görüşlərinin böyük əksəriyyəti “əl-Ümm” adlı irihəcmli kitabında toplan¬mışdır.

İmam Şafii ömrünün son illərini Misirdə keçirdiyinə görə bu məzhəb Misirdə daha geniş yayılmışdı. Xüsusilə, Əyyubilər dövründə şafii məzhəbi özünün çiçəklənmə dövrünü yaşadı. Misir Osmanlılar tərəfindən fəth edilidkdən sonra, həmçinin, Misir xədivləri zamanında bu ölkədə hənəfi məzhəbi şafiiliyi sıxışdırmağa başladı. Bununla belə, günümüzdə də şafiilik Misirdə ən geniş ya-yılmış məzhəb olaraq tanınır. Fələstin, Cənub-Şərqi Asiya ölkələrində də ardıcılları az deyil. İndoneziyada şafiilik hegemon məzhəbdir.


Yerləşdirilib:25 Sentyabr, 2017, Baxılıb:1668, Çap
 

Son şərhlər : 4
Müəllif: Asim | 27 Sentyabr, 2017  14:31
# Ответить
-1


]]>]]>

Mezhebler haqqinda yazirsiniz cox sagolun, amma sexsen men mezheb haqqinda hec bir melumat ala bilmedim, yalniz mezhebin yaradicisi baresinde melumat verirsiniz. Meselen shafilik mezhebinin ferqlendirici xususiyetleri haqqinda yazsaniz daha yaxsi olar.
Müəllif: Muslim | 24 Noyabr, 2017  01:32 | Ответ на #3365
# Ответить
0


]]>]]>

Diqqətlə oxuyun. Prinsipial fərqlər barədə yazılıb. Zatən 4 məzhəb arasında prinsipial fərqlər o qədər də çox deyil. Məqalədə hər xırda fərq haqqlnda yazmaq məqsəd qoyulmayıb. Əsas fərq üsuldakı fərqlərdir. Onlar haqqında da yazılıb.
Müəllif: Muslim | 24 Noyabr, 2017  01:33 | Ответ на #3365
# Ответить
0


]]>]]>

Şafii məzhəbində hökmlərin əsas mənbəyi Quran, sünnə, icma, səhabələrin sözü və qiyasdır. Bunların içində Quranla sünnə əsas sayılır. Qiyasın da mənbələri Quranla sünnədir. Şafii digər məzhəblərdən fərqli olaraq istihsanı və məsalihi-mürsələni rədd edirdi, maliklilərin mötəbər saydığı Mədinə əhalisinin əməlini qəbul etmirdi. O, vahid xəbəri də etibarlı sübut kimi dəyərləndirirdi.
Müəllif: Muslim | 24 Noyabr, 2017  01:33 | Ответ на #3365
# Ответить
0


]]>]]>

Şafiiyə görə, vahid xəbər bütöv və səhih sənədlə rəvayət edilirsə, etibarlıdır; ravinin hər hansı şərtlərə malik olması zəruri deyil. Şafii məzhəbini maliki məzhəbi ilə yaxınlaşdıran cəhətlərdən biri də hər ikisində sükuti icmanın höccət sayılmamasıdır. Yəni hər hansı məsələ barədə bir və ya bir neçə fəqih tərəfindən irəli sürülmüş görüşü başqa alimlər sözlə dəstəkləməsələr, amma ona etiraz da etməsələr, bu halda həmin icma “ükuti icma”adlanır. Şafii fəqihlərin hər hansı fətva müqabilində sükut etməsini həmin fətva ilə razılaşmaq əlaməti kimi qəbul etmir və bunu icma saymırdı.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com