İslam məzhəbləri ilə tanışlıq

Cəfəri məzhəbi

(Əvvəli: http://az.islam.az/article/a-921.html)

Cəfəri məzhəbi şiəliyin əsas qollarından biridir. Bu məzhəb altıncı şiə imamı Cəfər Sadiqin (ə) adı ilə adlandırılmışdır. Bir çoxlarının təsəvvürünün əksi olaraq, cəfəri məzhəbi İmam Cəfər Sadiq (ə) tərəfindən icad edilməmişdir. Şiə inancı¬na görə, İmam Sadiq (ə) İslamın ilk əsrlərində yaranmış çoxsaylı məzhəblərə cavab olaraq Həzrət Mühəmməd Peyğəmbərin (s) Əhli-beyt vasitəsilə ötürülən əsl şəriətini sistemləşdirmişdir. Cəfəri məzhəbinin təməlini təşkil edən hədislərin böyük əksəriyyətinin məhz İmam Sadiqdən (ə) rəvayət edilməsi də təsadüfi deyildir. Səbəbi budur ki, İmam Cəfər Sadiq (ə) Əməvi və Abbasi sülalələrinin hakimiyyət uğrunda mübarizəsindən yaranmış qarışıqlıqdan uğurla istifadə edərək, öz təbliğatını aparmaq fürsətini əldə etmişdi. İmam Cəfərin (ə) şagirdləri Hişam ibn Həkəm, Mömin əl-taq (Mühəmməd ibn Əli ibn Nöman Bəcəli), Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün və qardaşları Həmranla Bəkr, Süleyman ibn Mehran Əməş, Mühəmməd ibn Saib Kəlbi və oğlu Hişam, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac və başqaları öz fəaliyyətləri ilə cəfəri məzhəbini yaymışlar.

“Cəfəri” sözü hələ İmam Cəfər Sadiqin (ə) zamanında istifadə edilirdi. Rəvayətlərdən məlum olur ki, Əbus-Səbah Kinani adlı bir nəfər İmam Sadiqə (ə) deyir: “Bizi Kufədə “cəfəri” adlandırıb tənə edirlər”. İmam Cəfər Sadiq (ə) qəzəblə ona cavab verir: “Sizin aranızda Cəfərin əshabı azdır. Cəfərin əshabı o adamdır ki, şiddətlə haramdan çəkinir və hər nə edirsə, Allaha xatir edir” (Əllamə Məclisi. Bihar əl-ənvar, 41-ci cild, səh. 166).

Cəfəri məzhəbi kəlam, üsuli-fiqh, fiqh və hədis sahələrində özünəməxsus prinsiplərə malikdir ki, bu, əhli-sünnə məzhəblərindən, eləcə də, şiəliyin digər qollarından fərqlənir. Məsələn, cəfəri əqidəsincə Allahın sifətləri zatından ayrı deyil, Allah nə bu dünyada, nə də axirətdə gözlə görünməz, Quran əzəli deyil, sonradan yaranmadır (hadisdir). Cəfərilər iradə azadlığı məsələsində nə əşərilər kimi bəşəri iradəni rədd edir, nə də mötəzililər kimi insanı hüdudsuz ixtiyar sahibi sayırlar. Cəfərilərin əqidəsincə, peyğəmbərlər və imamlar mütləq mənada məsumdurlar, onlar peyğəmbərlik və imamlıq dövründən əvvəl də hər cür günahdan, səhvdən, nöqsandan uzaqdırlar. Cəfəri məzhəbində Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonra Əli ibn Əbu Taliblə (ə) başlayıb İmam Mehdi (ə) ilə bitən 12 məsum şəxsin imamlığına etiqad mövcuddur. Əhli-sünnədən fərqli olaraq, cəfərilikdə səhabələrin həyatı daha ciddi şəkildə araşdırılır, Peyğəmbəri görmək heç bir şəxs üçün üstünlük sayılmır. Hər hansı səhabənin dəyərləndirilməsində onun Əhli-beytə münasibəti də əsas göstəricilərdən biri kimi götürülür. 10 məşhur səhabənin (Əli ibn Əbu Talibi (ə) istisna etməklə) Peyğəmbər tərəfindən cənnətlə müjdələndiyi barədə əhli-sünnə mənbələrindəki hədis cəfəri məzhəbində düzgün sayılmır. Cəfəri məzhəbində hədis ravilərinin etibarlılıq şərtlərindən biri də şiə məzhəbinə mənsub olmaqdır.

Cəfərilikdə bütün dini hökmlərin ilk ana mənbəyi Quran və sünnədir. Bundan sonra şiə alimlərinin icması (əgər zəmanə imamının da onların rəyi ilə razı olması ehtimal edilərsə) və ağıl (məntiq) əsas götürülür. İctihad qapısı qiyamətə kimi açıqdır, müctəhidlər Peyğəmbərin və imamların canişinləri sayılırlar. Şəriətdə nəzərdə tutulmuş şərtlərə cavab verən müctəhidin fətvaları ictihad edə bilməyən şiələr üçün keçərlidir. Cəfəri məzhəbində qiyas qəbul edilmir.

Cəfərilər əhli-sünnədən fərqli olaraq dəstəmaz alarkən ayaqların üzərinə məsh çəkir, zöhrlə əsr, məğriblə işa namazlarını ardıcıl qılmağı caiz bilir, namazda qollarını çarpazlamır, möhürün üzərinə səcdə edir, namazın qiraətindən sonra amin demir, mütə nikahını məqbul sayır, səfər halında oruc tutmur və namazları qısa qılır, cümə və bayram namazlarının XII İmamın zühurundan sonra vacib olacağına inanırlar. Cəfəri ənənəsinə görə, mühərrəm və səfər aylarında İmam Hüseynin (ə) şəhadətinin xatirəsi kimi 40 gün matəm tutulur, Qədir-Xum bayramı, məsum imamların mövlud günləri təntənə ilə qeyd edilir.

Hal-hazırda dünya şiələrinin böyük əksəriyyətini cəfərilər təşkil edirlər. Cəfəri məzhəbi İran, İraq, Livan və Azərbaycan ərazilərində geniş yayılmışdır. Dünyanın başqa ölkələrində də cəfəri icmaları mövcuddur (Bəhreyn, Əfqanıstan, Türkiyə, Suriya və s.).

Cəfəri məzhəbinin ardıcıllarını bəzən isna əşərilər (on ikiçilər) adlandırırlar ki, bu da 12 imam doktrinası ilə əlaqədardır.



Yerləşdirilib:20 Sentyabr, 2017, Baxılıb:1425, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com