İslam məzhəbləri ilə tanışlıq

Hənəfi məzhəbi

Əhli-sünnənin dörd məşhur məzhəbindən biri hənəfi məzhəbidir. Məzhəbin banisi Əbu Hənifənin (700-767) əsil adı Nöman ibn Sabit idi, Kufədə doğulmuşdu. Babası Kabil ətrafından idi, cihadların birində müsəlmanlara əsir dü¬şərək, İslamı qəbul etmişdi.

Əbu Hənifə Kufənin məşhur alimlərindən olan Həmmad ibn Əbu Süleymanın (vəf. 738) dərslərində iştirak etmiş, onun vəfatından sonra özü bu şəhərdə dərs deməyə başlamışdı. Onun iki il ərzində Mədinədə İmam Cəfər Sadiqdən (ə) də dərs aldığı göstərilir. Əbu Hənifə sonralar bunu xatırlayaraq deyirmiş: “Əgər həmin iki il olmasaydı, Nöman həlak olardı”. Lakin bu, Əbu Hənifənin müstəqil məzhəb yaratmasına mane olmadı.

Əbu Hənifə şəriət hökmlərini əsaslandırarkən qiyas (müqayisə, bənzətmə) və rəyi (şəxsi fikir), habelə ürfü (adət-ənənələr) mötəbər saydığına görə onun məz-həbini rəy məzhəbi kimi xarakterizə etmişlər. Əbu Hənifə fiqhdə özünün izlədiyi metodlar barədə belə deyirdi: “Mən hökm ve¬rərkən əvvəlcə Allahın kitabına (Qurana) müraciət edirəm. Əgər istədiyimi orada tapmasam, Peyğəmbərin məlum və məşhur sünnəsinə baxıram. Sünnədə də bir şey tapmayanda səhabələrin sözünü araşdırıram; hansı birinin sözünü bəyənsəm, qəbul edi¬rəm. Amma bunlardan da nəticə alınmayan¬da və tabiinin sözünə müraciət etmək lazım gələndə, mən də onlar kimi ictihad edirəm”.

Hənəfi məzhəbində qiyas çox geniş yayılmış fiqhi metoddur. Əhli-sünnənin qalan məzhəblərinə nisbətən Əbu Hənifə qiyas¬dan daha çox istifadə edirdi. Qiyas vasitəsilə nəticə alınmayanda istihsana müraciət olu¬ur. Hənəfi alimləri istihsanı “gizli qiyas” adlandırırlar. Bu, elə bir əsaslandırma üsuludur ki, əslində qiyasa dayaqlanır, lakin bu zaman ənənəvi qiyas vasitəsilə əldə edilən hökmə əks olan hökm meydana çıxır. Mə¬sələn, hənəfi məzhəbinə görə yırtıcı heyvanların əti haram olduğu kimi, içdikləri suyun artığı da haramdır. Əgər ənənəvi qiyasa müraciət etsək, yırtıcı quşların da əti haram olduğu üçün içdikləri suyun artığı haram sayılmalıdır. Lakin burada nəzərə alınır ki, yırtıcı heyvanlar su içərkən onların damağı və dili suya toxunur, bunun nəticəsində su murdar olur. Yırtıcı quşlarda isə suya toxu¬nan dimdikdir. Dimdik isə sümükdən olduğu üçün, suyu murdar etmir. Beləliklə, istihsan vasitəsilə aydın olur ki, yırtıcı quşların içdikləri suyun artığı murdar deyil, amma hər halda ondan istifadə etmək məkruhdur.

Əbu Hənifəni əhli-sünnə məzhəbində “imami-əzəm” (ən əzəmətli imam) adlandırırlar. Şafii onun barəsində deyirdi: “Fiqhdə insanlar Əbu Hənifənin balalarıdır”.

Əbu Hənifə öz dövrünün hökmdarları ilə yola getməmiş, buna görə də təqiblərə məruz qalmışdı. Hələ sonuncu Əməvi xəlifəsi Mərvan Himarın dövründə ona Kufə qazılığı təklif edilmişdi. Əbu Hənifə razılaşmadığı üçün şəhər valisinin əmri ilə onu şallaqladılar. Sonralar Abbasi xəlifəsi Mənsur ona Bağdad qazılığını (bəzi məlumatlara görə hətta qazılar qazısı məqamını) təklif etdi, lakin Əbu Hənifə bu dəfə də məsuliyyətli vəzifənin yükü altına girmək istəmədi. Mənsurun əmri ilə onu həbsə aldılar. Əbu Hənifəni qazılıq vəzifəsini qəbul etməyə zorlamaq üçün hər gün dünənkindən 10 zərbə çox olmaqla şallaqlayırdılar. Zərbələrin sayı 100-ə çatanda alim vəfat etdi.

Əbu Hənifənin şəxsən qələmə aldığı heç bir əsər günümüzə gəlib-çatmamışdır. Ona aid edilən bu kitablar isə şagirdləri tərəfindən tərtib edilmişdir: “əl-Fiqh əl-əkbər”, “əl-Fiqh əl-avsət”, “əl-Alim və-l-mütəəllim” və s.

Əbu Hənifənin fiqh məktəbi onun iki bacarıqlı şagirdi vasitəsilə inkişaf etdirilmişdir: Əbu Yusif və Mühəmməd Şeybani.

Hənəfiliyin yayılmasında Əbu Yusifin rolu, hər şeydən əvvəl qazılar qazısı vəzifəsini daşıması ilə bağlıdır. Əbu Yusif 18 il ərzində Bağdadın baş qazısı vəzifəsini yeri¬nə yetirmiş, Harun ər-Rəşidin əmri ilə ən məşhur əsəri olan “Kitab əl-xərac”ı qələmə almışdır.

Əbu Hənifənin ikinci məşhur tələbəsi Mühəmməd Şeybani Əbu Hənifədən əlavə Süfyan Sovri, Övzai, Malik ibn Ənəs və Əbu Yusifdən də dərs almışdı. Şeybani İmam Şafii ilə müasir idi, Harun ər-Rəşidin hüzurunda onunla elmi mübahisələr aparmışdı. Şafii etiraf edirdi ki, Şeybanidən bir dəvə yükü qədər elm öyrənmişəm.

Şeybani 805-ci ildə Rey yaxınlığındakı kəndlərin birində vəfat etdi. Həmin gün Rey şəhərində məşhur ərəb qrammatiki Kisai də dünyasını dəyişdi. Harun ər-Rəşid bu münasibətlə demişdi: “Fiqh elmi və ərəb dilçiliyi Reydə dəfn olundu”.

Hənəfi məzhəbi İraqda yaranmış, əsasən, şərq istiqamətində yayılmışdır. Orta əsrlərdə Abbasilər xilafətinin rəsmi məzhəbi kimi tanınırdı. Osmanlı imperiyası hənəfi məzhəbini bütün dünyada yaymış və onun çiçəklənməsi üçün şərait yaratmışdı. Hənəfi məzhəbi hal-hazırda Əfqanıstan, Pakistan, Türküstan (Orta Asiya dövlətləri), Türkiyə kimi ölkələrdə üstünlüyə malikdir, Balkan ölkələrinin müsəlmanları da hənəfidirlər. Suriya, Ərəbistan və Yəməndə, eləcə də, Azərbaycanda hənəfi məzhəbinin çoxlu ardıcılı var.


Yerləşdirilib:15 Sentyabr, 2017, Baxılıb:2948, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com