Şərəfli nəslin övladları - seyyidlər

(dördüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-913.htmlhttp://az.islam.az/article/a-914.htmlhttp://az.islam.az/article/a-916.html)

 

Peyğəmbər övladlarına edilmiş zülmlər

 

Peyğəmbərin (s) öz nəslinə hörmətlə bağlı tövsiyəsi haqqında maraqlı bir olay Heysəminin “Məcmə əl-zəvaid” kitabında nəql edilib:

Abdullah ibn Abbas rəvayət edir ki, Allah Rəsulunun bibisi Səfiyyənin oğlu ölmüşdü. O da ağlayıb ah-nalə edirdi. Peyğəmbər onun yanına gəlib soruşdu: “Ay bibi, niyə ağlayırsan?” Səfiyyə dedi: “Oğlum ölüb”. Peyğəmbər buyurdu: “Bibi, hər kimin oğlu İslamı qəbul etmiş halda ölsə, o (valideyn) səbr etsə, Allah onun üçün cənnətdə ev ucaldar (yəni belə valideyn cənnətə düşər)”. Səfiyyə bu sözləri eşidəndə sakit oldu, sonra Peyğəmbərin yanından durub getdi. Ömər ibn Xəttab onunla rastlaşıb söylədi: “Ey Səfiyyə, eşitmişəm ki, (oğlunun müsibətinə) ağlayıb səs salırsan. Peyğəmbərlə qohumlu¬ğun sənin Allah qarşısında cavabdehliyindən heç nə azaltmır!” Səfiyyə bu sözlərdən inciyib ağladı. Peyğəmbər onun ağlamaq səsini eşitdi. O həzrət, bibisinin xatirini əziz tutur və onu çox sevirdi. Dedi: “Ay bibi! Sənə dediklərimdən sonra yenə ağlayırsanmı?” Səfiyyə cavab verdi: “Ey Allahın Rəsulu! Ona görə ağlamıram. Ömər ibn Xəttabla rastlaşdım. Mənə dedi ki, sənin Allah Rəsulu ilə qohumluğun Allah qarşısında cavabdeh¬liyindən heç nə azaltmır”.

Peyğəmbər qəzəblənib Bilala dedi: “Bilal, camaatı məscidə çağır!” Bilal azan verdi. Peyğəmbər minbərə qalxdı, əvvəlcə Allaha həmdü-səna etdi. Sonra buyurdu: “Olmaya, bəzi adamlar elə düşünürlər ki, mənimlə qohum olmaq insana fayda verməz?! Qiyamət günündə mənimlə olan səbəb və nəsəbdən savayı, bütün səbəb və nəsəblər qırılacaq. Mənimlə bağlılıq isə həm dünyada, həm də axirətdə davam edəcək” (Heysəmi. Məcmə əl-zəvaid, 8-ci cild, səh. 398, 13.827-ci hədis).

Mühibbüddin Təbəri “Zəxair əl-üqba” kitabında (səh. 6) bu hadisəni təsvir edir, amma Səfiyyəni qınayan şəxsin Ömər olduğunu bildirmir, “bir nəfər” yazır.

Şiə mənbələrində də Peyğəmbər nəslini sevmək və ona yardımçı olmaq barədə tövsiyələr çoxdur. İxtisar naminə onlardan yalnız ikisinə işarə edirik. Allahın Rəsulu (s) buyurmuşdur: “Mənim övladlarıma hörmət edən mənə hörmət etmiş¬dir”. “Mənim şəfaətim öz əli, dili və malı ilə nəslimə yardım göstərən şəxsə nəsib olar” (Hürr Amili. Müstədrək əl-Vəsail, 12-ci cild, səh. 376, hədis 14.339).

Bununla belə, seyyidlərə münasibət tarix boyunca birmənalı olmamışdır. Hər nə qədər dini mətnlərdə Peyğəmbər (s) nəslinə hörmət göstərmək təkid edilsə də, sadə xalq bu tövsiyəyə riayət etsə də, Əməvi və Abbasi hökumətləri tam bunun əksinə davranmış və mübarək nəslə qarşı əsl soyqırımı siyasətini həyata keçirmişlər. Əhli-beyt üzvlərinin, o cümlədən, Peyğəmbərin (s) öz əbası altına alaraq məsum (günahsız) adlandırdığı əziz nəvəsi Hüseynin (ə) qətl edildiyi Kərbəla olayı Əməvi siyasətinin ən mənfur səhifəsi adlandırılmağa layiqdir. Seyyidlərə qarşı bundan sonra da zülm və təqiblər davam etdi. İmam Zeynül-abidinin (ə) oğlu Zeydin, daha sonra onun oğlu Yəhyanın qiyamları amansızlıqla yatırıldı...

Əməviləri devirərək halimiyyətə gəlmiş Abbasilərin Əhli-beytə qarşı daha mülayim mövqe tutacaqları gözlənilsə də, ümidlər özünü doğrultmadı. Abbasilər özləri də seyyid sülaləsinə mənsub idilər və Ali-Mühəmmədin razılığını qazanmaq, şəhid seyyidlərin intiqamını almaq şüarı altında fəaliyyətə başlamışdılar. Lakin onlar öz qohumları olan Ələvi seyyidləri (İmam Əlinin nəslindən olanları) hakimiyyətlərinə təhlükə sayaraq bu nəslə qarşı düşmənçilik edirdilər.

Məşhur ədib və tarixçi Əbül-Fərəc İsfahani “Məqatil əl-Talibiyyin” kitabında tarixi ardıcıllıq üzrə İslamın ilk üç əsri ərzində qətlə yetirilmiş Əbutalib övladlarının qısa tərcümeyi-halını vermişdir. Kitabda 126 nəfər şəhid seyyid barədə məlumat verilir. Bunların əvvəlinciləri Cəfəri-təyyar və Həzrət İmam Əli (ə), sonuncuları isə xəlifə Müqtədirin hakimiyyəti dövründə şəhid edilmiş seyyidlərdir.

Abbasi xəlifələrindən Mənsurun zamanında İmam Həsənin (ə) nəticəsi Mühəmməd Nəfsüz-zəkiyyə və qardaşı İbrahimin qiyamları amansızlıqla yatırıldı, onlarla seyyid şəhid edildi. Bununla eyni zamanda Mənsurun zindanında qiyamçıların 20 nəfərdən artıq yaxın qohumu da dözülməz şəraitdə dünyasını dəyişdi. İmam Həsənin (ə) nəslindən olan Mühəmməd Əsğər ibn İbrahim Ğəmər ibn Həsəni-müsənnanı diri-diri iki divarın arasında qoyub hördülər.

Mənsurdan sonra xəlifə olmuş Mehdi İmam Həsənin (ə) nəslindən olan Əli ibn Abbasa əvvəlcə aman versə də, sonra xəyanətlə ona zəhər içirtdi və bu nəcib seyyid faciəvi şəkildə, dəhşətli ağrılar içində dünyasını dəyişdi...


Yerləşdirilib:6 Sentyabr, 2017, Baxılıb:1552, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 10 Sentyabr, 2017  07:42
# Ответить
0


]]>]]>

Hörmətli islam.az,uzun müddətdirki saytın video böıməsini niyə işlətmirsizki,qarşıdada məhərrəmlik gəlir,muasır dünyada video din sahəsində boyuk işlər görməyə qadırdir,texniki səbəb varsa aradan qalxmağı yerinə düşərdı,Allah köməyiviz olsun!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com