İmam Zeynül-abidindən (ə) gözəl bir hədis

İmam Zeynül-abidin (ə) günahların barəsində belə buyurmuşdur:

Allahın nemətlərini dəyişdirən (yəni neməti əzaba çevirən) günahlar bunlardır:

Camaata zülm etmək, xeyir işlər görməyi tərgitmək, bəyənilən əməllərdən uzaqlaşmaq, nemətlərə naşükür olmaq və şükr etməmək. Allah-Təala buyurur: “Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz” (Rəd, 11).

Peşmançılıq gətirən günahlar bunlardır:

Allahın haram (toxunulmaz) buyurduğu canı öldürmək. Allah-Təala öz qardaşını öldürən və cəsədi dəfn etməyi bacarmayan Qabildən söz açarkən buyurur: “O, artıq peşman olmuşdu” (Maidə, 31). İmkanı ola-ola sileyi-rəhmi tərk etmək (yəni qohumlarla rabitəni kəsmək), vaxtı bitənə kimi namazı qılmamaq, ölməmişdən qabaq vəsiyyət etməmək, haqqı sahibinə qaytarmamaq, ölüm insanı haqlayana və dil hərəkətdən qalana kimi zəkat verməkdən boyun qaçırmaq.

Nemətləri yox edən günahlar bunlardır:

Hörmətə layiq olan şəxslərin üzünə ağ olmaq, insanlara yuxarıdan aşağı baxıb istehza etmək və adamlarla qaba şəkildə davranmaq.

Ruzini uzaqlaşdıran günahlar bunlardır:

(Ehtiyacı olmadığı halda) özünü kasıb göstərmək, axşam (işa) namazını qılmadan yatmaq, sübh namazını qılmamaq, nemətləri kiçik saymaq və (hər xırda narahatçılıqdan ötrü) Allaha şikayət etmək.

Həya pərdəsini yırtan günahlar bunlardır:

Şərab (məstedici içki) içmək, qumar oynamaq, xalqı güldürən şeylər hazırlamaq, hərzə-hədyan danışıb çox zarafat etmək, camaatın eyiblərini açıb danışmaq, şübhə əhli ilə (yəni adamın imanında şəkk-şübhə yaradan şəxslərlə) oturub-durmaq.

Bəla enməsinə səbəb olan günahlar aşağıdakılardır:

Qəm-qüssəli şəxsə təsəlli verməmək, məzluma dayaq olmamaq, insanları yaxşı işlərə çağırmamaq və pis işlərdən çəkindirməmək.

Düşmənlərin güclənməsinə səbəb olan günahlar bunlardır:

Zülm və əxlaqsızlığı açıq-aşkar şəkildə etmək, harama halal donu geyindirmək, yaxşı insanlara tabe olmamaq və pis adamlara boyun əymək.

Qəfil ölümlərə səbəb olan günahlar bunlardır:

Qohumlarla rabitəni kəsmək, yalandan and içmək, yalan danışmaq, zina etmək, müsəlmanların yolunu kəsmək (soyğunçuluq etmək) və haqqı çatmadan imamlıq iddiası etmək.

Ümidləri üzən (ümidsizlik gətirən) günahlar bunlardır:

Allahın mərhəmətindən bədgüman olmaq, Allah-Təaladan başqasına arxalanmaq və Allahın vədəsini təkzib etmək (Allah-Təalanın vəd etdiyi həqiqətlərə inanmamaq).

Havanı qaranlıq edən günahlar bunlardır (burada həm işığın və aydınlığın azalması, həm də həyat durumunun dözülməz olması nəzərdə tutula bilər):

Sehr və kahinliyin yayılması, ulduzlara (bürclərə) inam, qəzavü qədəri inkar etmək və ağvalideyn olmaq.

Pərdələri aradan qaldıran günahlar bunlardır (burada insanlar arasındakı münasibətlər zamanı qorunması gərəkən hədlər də nəzərdə tutula bilər):

Qaytarmamaq niyyəti ilə borc almaq, başqalaının payını verərkən israf etmək, ailəyə, övladlara və qohumlara qarşı simiclik etmək, insanlarla kobud davranmaq, səbirsizlik etmək, kəmhövsələ olmaq, dindarlara sayğısız yanaşmaq.

Duaları geri qaytaran (və müstəcab olmağa qoymayan) günahlar bunlardır:

Pis niyyətli olmaq, dostlar arasında nifaq salmaq, suala doğru cavab verməkdən yayınmaq.

Yağış yağmasını əngəlləyən günahlar bunlardır:

Hakimlərin nahaq hökm verməsi, yalandan şahidlik etmək, şahidliyi gizlətmək, zəkat verməmək, qonşunun istədiyi əşyanı əsirgəmək, kasıblara və ehtiyaclılara qarşı daş qəlbli olmaq, yetimlərə və dul qadınlara zülm vermək, dilənçini əliboş qaytarmaq, xüsusilə, gecəyarısı qapıya gələni ümidsiz yola salmaq.

Allahın lütf və kərəminə arxalanaraq bütün bunlardan Ona sığınırıq”.

(Hədis İbn Fəhd Hillinin qələmə aldığı “Üddət əl-dai” adlı məşhur dua kitabındandır).


Yerləşdirilib:29 Avqust, 2017, Baxılıb:1983, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com