Soğan oğrusunun üçqat cəzası

Bir nəfərin iri soğan sahəsi vardı. Ailəsi ilə birlikdə soğan əkib-becərir, satıb pulu ilə dolanırdı. Qonşusu onun xeyir-bərəkətinə həsəd aparırdı. İşləməyib tüfeyli halda yaşayan qonşusu asan yolla pul qazanmaq arzusunda idi. Nəhayət, qərara gəlir ki, gecə vaxtı qonşunun əkin sahəsinə getsin, soğanları oğurlayıb aparsın.

Gecə düşəndə oğru qonşu öz at arabasını da götürüb əkin yerinə gəlir. Heç kimin onu görmədiyinə əmin olandan sonra soğanları yığmağa başlayır. Arabasını soğanla doldurub qayıtmaq istəyəndə at yerindən tərpənmir. Acgöz oğru arabaya o qədər soğan doldurmuşdu ki, at arabanı çəkə bilmirdi. Oğru qonşu atı qırmanclayır, bu yolla onu tərpənməyə məcbur etmək istəyir. Bu zaman at ucadan kişnəməyə başlayır. Əkin sahibinin arvadı səsə ayılıb pəncərədən baxır, soğanlığa oğru girdiyini görüncə ərini və oğullarını oyadır. Onlar da gəlib oğrunu tuturlar.

Əkin sahibi oğruya deyir: “Sənə yazığım gəlir, ona görə məhkəməyə getməyəcəyəm. Sənə özüm cəza verəcəyəm. Üç cəza növünü təklif edirəm, hansını istəyirsənsə seçə bilərsən. Ya gərək oğurladığın soğanlardan yüz dənəsini yeyəsən, ya gərək sənə yüz qırmanc vurum, ya da gərək mənə yüz manat cərimə verəsən”.

Oğru sevinir ki, məhkəməsiz işi həll edə bilər. Bir az düşünür. Öz-özünə deyir: “Nə yüz qırmanca dözməyə taqətim var, nə də yüz manat verməyə pulum. Ona görə yaxşısı budur ki, soğanları yeyim. Birtəhər soğanın acılığına dözərəm. Yüz soğan nədir ki?”

Oğru soğanları yeməyə razı olduğunu söyləyir. Yüz soğan ayırıb ona verirlər. Bir-bir soğanları yeməyə başlayır. 25 soğandan sonra görür ki, daha yeyə bilmir. Qarşıda iki cəza növü dururdu, onlardan birini seçməli idi. Düşünür ki, yüz manat verməkdənsə, yüz qırmanca dözmək yaxşıdır. Qonşusuna deyir: “Mən bu soğanların hamısını yeyib qurtara bilmərəm. Ona görə ikinci cəzanı seçirəm. Mənə yüz qırmanc vur”.

Əkin sahibi qırmancı götürüb oğrunu cəzalandırmağa başlayır. Bir neçə zərbədən sonra oğru ağrıdan huşunu itirir. Özünə gələndən sonra anlayır ki, yüz zərbəyə dözə bilməyəcək. Daha başqa çarəsi qalmamışdı. Ona görə razılaşır ki, qonşuya yüz manat cərimə versin.

Beləliklə, oğru əvvəla, öz azgözlüyü, sonra da axmaqlığı üzündən üçqat cəza çəkməli olur. Əgər əvvəldən oğurluq etməsəydi, başına bu işlər gəlməzdi. Onsuz da axırda yüz manat cərimə verməli oldu. Elə əvvəldən zəhmət çəkib halal yolla yüz manat qazansaydı, nə oğurluq edər, nə də ziyan görərdi. Hətta oğurluq edib tutulduqdan sonra da ağılla hərəkət etsəydi, cəzanı üç qat artıq çəkməzdi...

Bəzən biz də həyatda buna oxşar şəkildə davranırıq. Hər hansı məqsədə çatmaq üçün ağıllı və məntiqli yol mövcud olduğu halda, dolanbaclara baş vururuq. Elə güman edirik ki, taleyi aldada biləcəyik, bəxt üzümüzə güləcək. Halbuki, həmin dolanbac yolun adətən uğursuzluqla sona çatdığını ya özümüzün, ya da başqalarının təcrübəsində çox görmüşük. Bununla belə, yenə qane olmur və özümüzü çətinliyə salırıq. Nəhayət, uğursuzluğa düçar olanda əlacsız qalıb yenə bəyənmədiyimiz həmin yola qayıtmalı oluruq. Bizə qalan isə artıq əziyyət və ziyan olur...


Yerləşdirilib:23 Avqust, 2017, Baxılıb:1808, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com