Şərəfli nəslin övladları – seyyidlər

(üçüncü məqalə)

(Əvvəli: http://az.islam.az/article/a-913.htmlhttp://az.islam.az/article/a-914.html)

Seyyidlərə ehtiram göstərmək vacibdir

İslam dinində seyyidlərə ehtiram göstər¬mək çox təkid olunur. Bütün məzhəblərin nümayəndələri Peyğəmbərin (s) nəslini sevir, ona ehtiram göstərirlər. Xalq içində seyyidlərə ehtiram göstərmək ənənəsi geniş yayılıb. Məclislər¬də seyyidi yuxarı başda əyləşdirir, onun qulluğunda dururlar. Cəfəri məzhəbinə görə, xümsün yarısı ehtiyaclı seyyidlərə verilməlidir.

Tarix boyunca istər konkret olaraq 12 imamın, istərsə də, ümumilikdə Peyğəmbər (s) zürriyyəsinin fəzilətləri barədə cildlərlə kitablar yazılmışdır. Elə bir irihəcmli hədis məcmuəsi tapmaq olmaz ki, orada Peyğəmbərin nəslindən olanların üstünlüyü və onları sevməyin vacibliyi barədə fəsil olmasın. Bu mövzuda müstəqil kitablar da yazılmışdır. Məsələn: “İhya əl-meyt fi fəzail Əhl əl-beyt” (Süyuti); “Məvəddət əl-qürba” (Mir Seyyid Əli Həmədani); “Təzkirət əl-xəvass” (Sibt ibn əl-Cövzi); “əl-Füsul əl-mühimmə” (İbn Səbbağ); “Fəraid əl-simtayn” (Həmmuyi); “Zəxair əl-üqba” (Mühibbüddin Təbəri); “Mətalib əl-süul” (İbn Təlhə); “Cəvahir əl-əqdeyn” (Səmhudi); “Nur əl-əbsar” (Şəblənci); “Yənabi əl-məvəddə” (Qunduzi Hənəfi) və s.

Hədislərdən nümunələr

Məşhur şafii alimi Əllamə Cəlaləddin Süyuti “İhya əl-meyt fi fəzail Əhl əl-beyt” kitabında Peyğəmbərin (s) nəslini mədh edən 60 hədisi toplamışdır. Həmin hədislərdən birini diqqətinizə təqdim edirik:

“Qiyamət günündə dörd dəstəyə şəfaət edəcəyəm: zürriyyətimlə (nəslimlə) yaxşı rəftar edənə, onların ehtiyacını ödəyənə, əziyyətli günlərində onlara yardım göstərənə, qəlbi və dili ilə onları sevənə” (hədis İmam Əliyə (ə) istinadən Peyğəmbərdən rəvayət edilir). Eyni hədisə aşağıdakı mənbələrdə də rast gəlirik: Zəxair əl-üqba, səh. 17; Yənabi əl-məvəddə, 2-ci cild, səh. 115, 270 və 464; Kənz əl-ümmal, 12-ci cild, səh. 100 (34.180-ci hədis); Əl-Füsul əl-mühimmə fi mərifət əhval əl-əimmə, səh. 27 və s.

Məşhur təfsirçi Zəməxşəri “əl-Kəşşaf” təfsirində məvəddət ayəsini (Şura, 23) şərh edərkən Peyğəmbərin (s) bu hədisini verir: “Ali-Mühəmmədin məhəbbəti ilə ölən kəs şəhid kimi ölər, günahları bağışlanmış halda ölər, tövbəsi qəbul olmuş halda ölər, imanı kamil olan mömin kimi ölər. Ali-Mühəmmədin məhəbbəti ilə ölən kəsə əvvəlcə ölüm mələyi, daha sonra isə Münkər və Nəkir (sorğu-sual mələkləri) behişt müjdəsi verərlər. Ali-Mühəmmədin məhəbbəti ilə ölən kəs ər evinə köçən gəlin kimi cənnətə girər, qəbrinə behiştdən iki qapı açılar, onun qəbrini Allah rəhmət mələklərinin ziyarətgahı edər... Ali-Mühəmmədə kinli halda ölən kəs qiyamət günü alnında “Allahın rəhmətindən uzaqdır” yazısı ilə məhşərə gələr, kafir kimi ölər, behiştin ətrini duymaz” (əl-Kəşşaf, 5-ci cild, səh. 405-406).

İmam Fəxr Razi də “Təfsiri-kəbir”də məvəddət ayəsini şərh edərkən eyni hədisi “Təfsir əl-Kəşşaf”a istinadən təkrar edib (27-ci cild, səh. 166-167).

Hədislərin birində buyurulur: “İzzət və cəlal sahibi olan Allahın çox möhtərəm saydığı üç dəyər var. Hər kim bunlara riayət etsə, Allah onun din və dünya işlərini öz qayğısı altında saxlayar. Hər kim bunlara riayət etməsə, Allah onun heç nəyini qorumaz. (Həmin üç şey bunlardır:) İslamın ehtiramı, mənim ehtiramım və qohumlarımın ehtiramı” (Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 9-cu cild, səh. 266, 14.983-cü hədis). İbn Həcər Heysəmi Məkki “əl-Səvaiq əl-mühriqə” kitabında bu hədisi iki dəfə rəvayət etmişdir.

Müxtəlif mənbələrdə dəfələrlə Həzrət Mühəmməd Peyğəmbərdən (s) nəql edilən başqa bir hədisdə oxuyuruq: “Qiyamət günündə bütün evlilik və əsil-nəsəb bağlılıqları qırılacaq (fayda verməyəcək); yalnız evlilik və əsil-nəsəb vasitəsilə mənə bağlılıqdan savayı” (Süyuti. Əl-Came əl-səğir, 6309-cu hədis). Süyuti bu hədisin səhih olduğunu göstərir. “Əl-Came əl-səğir”ə şərh yazmış Mənavi isə Deyləmiyə əsaslanaraq qeyd edir ki, səbəb – məhəbbət və istək əsasında olan bağlılıqdır; bir şeyə yetişmək üçün vasitəyə “səbəb” deyirlər. Ona görə də, evliliklə yaranan qohumluğu da “səbəb” adlandırırlar. Nəsəb isə, doğum vasitəsilə yaranan qohumluqdur (valideyn-övlad qohumluğu) (Mənavi. Feyz əl-qədir, 5-ci cild, səh. 20 (6309-cu hədisin şərhi).

Bu hədisin fərqli variantları müxtəlif kitablarda xatırlanıb (o cümlədən, Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 186-187 (4811-ci hədis). Həmin variantların bəzisində nəsəb (əsil-nəsəb qohumluğu) və sıhr (evlənməklə yaranan qohumluq) ifadələri işlənir (Süyuti. Əl-Came əl-səğir, 6361-ci hədis).

Məhz buna görə seyyid olmayan şəxslər savab sahibi olmaq üçün seyyid ailələrin qızı ilə evlənirlər. Lakin nəzərə almaq lazımdır ki, bu şərəfin həm də cavabdehlik tərəfi vardır. Seyyidə xanımla ailə quran şəxs onun hörmətini gözləməli, onu incitməməli, təhqir etməməlidir. Əks halda, Peyğəmbər nəslinə pislik etdiyi üçün günah qazanmış olar.


Yerləşdirilib:17 Avqust, 2017, Baxılıb:1422, Çap
 

Son şərhlər : 2
Müəllif: Nazim | 18 Avqust, 2017  08:16
# Ответить
+1


]]>]]>

Seyidlərə can qurban,onlar olmasaydı islamda müsəlnanlarda coxdan batıb getmişdi,seyidlərin salamatcılığı ücün ucadan gözəl və nurani salavat!
Müəllif: Nazim | 18 Avqust, 2017  08:29
# Ответить
+1


]]>]]>

İstənilən bir kəsin hətda bütün dünyanin hökmüdarı olması mümkündür lakin hər hansı bir kəsin istəməylə seyid olması mümkünsüz,bunun ücün seyid doğulmaq lazım,bu səbəbdən hər bir kəs Allah və Peyqəmbərə xatir seyidlik məqamının hörmətini saxlamalıdır,hətda prezident olsada helə,vəssəlamu və rəhmətullahi və bərəkatu!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com