İmam Cəfər Sadiq (ə) niyə xilafəti ələ keçirmədi?

(İmam Sadiqin (ə) şəhadət günü münasibəti ilə)

(birinci hissə)

İmam Cəfər Sadiqin (ə) həyat və fəaliyyətində maraq doğuran cəhətlərdən biri Əməvilərlə Abbasilər arasında baş verən hakimiyyət savaşında o həzrətin göstərdiyi mövqedir. Hicri 132-ci (miladi 749-cu) ildə Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlibin nəslindən olan Abbasilər sülaləsi Əməviləri hakimiyyətdən salıb xilafətə yiyələndi.

Abbasilər hakimiyyəti ələ keçirmək üçün Ali-Məhəmmədin (s) razılığını qazanmaq şüarından istifadə edirdilər. Yəni hərəkat qələbə ilə başa çatdıqdan sonra Peyğəmbər nəslindən hər kim hakimiyyətə təyin olunsa, bütün hərəkat iştirakçıları onu qəbul etməli idilər. Abbasilər bununla hərəkatı sığorta etmiş olurdular; çünki əgər hərəkat hər hansı konkret şəxsi hakimiyyətə gətirmək uğrunda aparılsaydı, həmin şəxsin aradan götürülməsi ilə hərəkat da məhv olardı. Həm də bu halda həmin şəxsin rəqibləri hərəkatla müxalifətdə ola bilərdilər. Halbuki, konkret ad çəkmədən, Ali-Məhəmmədin (s) haqqını özünə qaytarmaq şüarı altında aparılan mübarizədə bütün qüvvələr yekdil şəkildə iştirak edirdi. Təbliğat proqramının əsas mövzuları ərəblərlə qeyri-ərəblərin bərabərliyi, Əhli-beytin fəzilətləri, onların qəsb olunmuş hüquqlarının tanıtdırılması və Əməvilərin iç üzünün ifşası idi.

Abbasilər Ali-Mühəmməd amilini irəli sürməklə şiələri və xüsusilə də İmam Mühəmməd Baqirlə (ə) İmam Cəfər Sadiqi (ə) özlərinə tərəf çəkmək, onların nüfuzundan istifadə etmək istəyirdilər. Lakin məsum imamlar iki zalım sülalənin mübarizəsinə qoşulmadılar və öz tərəfdarlarına da bu icazəni vermədilər. İmamlar aydın şəkildə başa düşürdülər ki, Abbasilərin məqsədi heç də Əhli-beytin intqamını almaq və hakimiyyəti Əhli-beytə təhvil vermək deyil. Abbasilər özləri xilafət taxtına göz dikmişdilər, bu məqsəd naminə hər imkandan faydalanmağa razı idilər. Tarix göstərdi ki, Abbasilər hakimiyyəti ələ keçirəndən qısa müddət sonra ən əsas yardımçılarını, onları hakimiyyətə gətirmiş Əbu Müslim Xorasani, Əbu Sələmə kimi liderləri xəyanətlə aradan götürdülər…

Abbasi təbliğatının başçıları arasında Əbu Sələmə xüsusi seçilirdi. Hələ bir neçə il əvvəldən Kufədə Əməvilər əleyhinə çıxışlara gizli rəhbərlik edən Əbu Sələmənin əsil adı Həfs ibn Süleyman Xəllal idi. “Xəllal” ərəb dilindən tərcümədə “qılınc qını düzəldən” və ya “sirkəçi” deməkdir. Tarixçilər Əbu Sələməyə qılınc qını ustası olduğuna, ya da Kufənin sirkəçilər məhəlləsində yaşadığına görə bu ləqəbin verildiyini yazırlar. Əbu Sələmə kifayət qədər varlı idi və sərvətini Abbasi təbliğatına sərf edirdi. Qayınatası Bükeyr ibn Mahanın vəfatından sonra Kufədə hərəkatın liderliyi ona keçmişdi...

Abbasilərə sadiq olan ordu Kufə kənarında düşərgə qurub yeni əmrləri gözləyirdi. Bu arada sonuncu Əməvi xəlifəsi Mərvan Himar Şamda nəzarət altında saxladığı Abbasi lideri İbrahim ibn Məhəmmədi qətlə yetirdi. İbrahim Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Abbasın nəvəsinin nəvəsi idi. Ölümündən qabaq İbrahim qardaşı Əbül-Abbas Səffahı (birinci Abbasi xəlifəsini) öz yerinə canişin təyin etdi. Abbasi sülaləsinin digər nümayəndələri növbənin onlara çatacağını dərk edərək Mərvanın əlindən qaçmağı qərara aldılar. Əbül-Abbas 17 nəfər yaxın qohumu ilə birlikdə gizlicə Kufəyə gəldi. Onlar hicri 132-ci ilin səfər ayında (miladi 749, sentyabr-oktyabr) Kufəyə çatdılar. Əbu Sələmə gələnləri şəhərdə hamıdan gizli bir evdə yerləşdirdi və heç kimə bu barədə məlumat vermədi. 40 gün Abbasilərlə onlara sadiq olan ordu bir-birindən xəbərsiz qaldı. Nə Əbül-Abbas ordunun Kufə ətrafında düşərgə qurduğundan xəbər tutdu, nə də ordu onun Kufədə olduğunu bildi.

Bu 40 gün ərzində Kufədə Abbasi təbliğatına rəhbərliyi Əbu Sələmə demək olar ki, təkbaşına icra edirdi. Yetişmiş və öz sahibini gözləyən hakimiyyət meyvəsini kimə vermək məsələsi onu çox düşündürürdü. Elə bu məqsədlə Əbu Sələmə Əbül-Abbasın gəlişini hamıdan gizli saxlayırdı. Bununla imkan qazanmaq istəyirdi ki, hakimiyyəti istədiyi şəxsə asanlıqla ötürə bilsin.

Keçən 40 gün ərzində Əbu Sələmənin rəftar və davranışı tarixçilər arasında mübahisələr doğurmuşdur. Bir tərəfdən, Əbu Sələmə Abbasi sülaləsinin müdafiəçisi və yardımçısı kimi çıxış etdiyi üçün Abbasi hökumətinə tərəfdar olması fikri güclü görünür. Digər tərəfdən, Əbu Sələmənin hakimiyyəti Abbasilərə verməzdən əvvəl Əli övladlarına təklif etməsi faktı bunu ehtimal etməyə imkan verir ki, o, əslində Həzrət Əlinin (ə) nəslindən olanları xilafətə gətirmək istəyirmiş...


Yerləşdirilib:17 İyul, 2017, Baxılıb:1299, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com