İslamın ilk dövrlərində idman yarışmaları

(üçüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-908.html; http://az.islam.az/article/a-909.html)

Tarixi mənbələr yazır ki, Peyğəmbərimiz Mədinədə at yarışları üçün xüsusi cıdır marşrutu təyin etmişdi. Yarış üçün nəzərdə tutulmuş atlar Səniyyət əl-vəda təpələri ilə Bəni-Züreyq məscidi arasındakı bir millik (təqribən 1,6 km) məsafədə cıdıra çıxarılırdı. Yarış üçün nəzərdə tutulmuş cins atlar isə Həfya məntəqəsindən Səniyyət əl-vəda təpələrinə kimi 6 mil (təqribən 10 km) məsafəni qaçırdı (Səhih əl-Buxari, Cihad, 56; Sünən əl-Tirmizi, Cihad, 22; Sünən Əbu Davud, Cihad, 60 və Sünən ibn Macə, Cihad, 44).

Peyğəmbərimizin savaşlarını təsvir edən ən məşhur mənbələrdən sayılan Vaqidinin “əl-Məğazi” kitabında yazılıb ki, o həzrət atlar və dəvələr arasında yarış keçirmişdi. Bu yarışda Peyğəmbərin dəvəsi Qəsva qalib gəlmişdi. Həmin yarışda Qəsvanı idarə edən süvari isə məşhur müəzzin Bilal Həbəşi idi. Peyğəmbərin Lizaz və Zərib ləqəbli iki atı da atların yarışında qalıb gəlmişdi. Onları da səhabə Əbu Üseyd Saidi sürürdü (Vaqidi. əl-Məğazi, 2-ci cild, səh. 426).

Məşhur tarixçi Bəlazuri qeyd edir ki, Peyğəmbər (s) at cıdırlarına özünün üç atını çıxarırdı. Bu atların ləqəbləri Lizaz, Zərib və Səkb idi. Birinci atı o həzrətə Misir hakimi Müqəvqis, ikincini isə Oman hakimi hədiyyə etmişdi. Yuxarıda adı çəkilən Əbu Üseyd Saidi adlı səhabə bir yarışda Zəribin belində birinci gəlib çatdığı üçün Peyğəmbər ona Yəmən ipəyindən əba vermişdi. Həmin səhabə bir dəfə də Lizazın belində birincilik qazandığına görə Peyğəmbərdən Yəmən ipəyindən köynək almışdı (Bəlazuri. Ənsab əl-əşraf, 1-ci cild, səh. 510).

Çoxsaylı mənbələrdən məlum olur ki, Peyğəmbər dövründəki atsürmə yarışlarında gənclər fəal iştirak edirdilər. Abdullah ibn Ömər və Üseymə ibn Zeydin bu yarışlara qatıldığını təsdiq edən məlumatlar vardır.

Peyğəmbərimizin həyat tarixçəsini yazanlar belə bir hadisəni təsvir etmişlər. Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurdu ki, sənə atlar arasında cıdır keçirməyi tapşırıram. Əli (ə) də Süraqə ibn Malik adlı səhabəni çağırıb söylədi: “Peyğəmbərin cıdırla bağlı mənə tapşırdığı işi mən də sənə həvalə edirəm. Cıdır yerinə get və yarışa çıxan atları sıra ilə düz. Sonra camaata səslənib soruş ki, yarışa qatılmaq istəyən varmı? Əgər heç kimdən cavab gəlməsə, üç dəfə təkbir söyləyib atları yarışa burax.

Əli ibn Əbutalib (ə) özü gedib cıdırın sonunda (finişdə) oturdu və yerdə xətt çəkdi. İki nəfər bu xəttin uclarında üz-üzə durdular (hansı atın birinci gələcəyini təyin etmək üçün) (Sünən əl-Darəqutni, 5-ci cild, səh. 552-553).

Həzrət Rəsulüllahın at yarışlarında iştirak etdiyini məşhur səhabə Ənəs ibn Malik də təsdiq etmişdir. Ondan soruşdular: “Ey Əbu Həmzə! Siz Peyğəmbərin zamanında at cıdırında yarışırdınızmı?” Ənəs cavab verdi: “Bəli, Allaha and olsun ki. Peyğəmbərin özü Səhbə adlı atın belində yarışmış və hamını ötüb-keçmişdi” (Müsnəd Əhməd ibn Hənbəl, 3-cü cild, səh. 160 və 256; Sünən əl-Darimi, 2-ci cild, səh. 279-280; Sünən əl-Darəqutni, 5-ci cild, səh. 545; Beyhəqi. Əl-Sünən əl-kübra, 10-cu cild, səh. 35 (21), hədis 19.774 və s.).

Peyğəmbərimiz dəvə yarışları da təşkil edirdi. O həzrətin Əzba adlı yaraşıqlı bir dəvəsi vardı. Bu dəvənin adını Qəsva kimi də qeyd etmişlər. Əzba iti sürətli heyvan idi, yarışlarda çox zaman qalib gəlirdi. Bir dəfə Peyğəmbərin (s) oğulluğu Zeydin oğlu Üsamə bu dəvənin belində Təbukdan Mədinəyə kimi məsafəni birinci keçmişdi. Müsəlmanlar qalib gələn dəvənin Peyğəmbərə (s) məxsus olduğunu nəzərə alıb “Allahın Rəsulu birinci gəldi” söyləsələr də, həzrət özü buna etiraz edərək buyurmuşdu: “Xeyr, Üsamə birinci gəldi” (Vəsail əl-şiə, 19-cu cild, səh. 255-256, hədis 24.538).

Bir gün isə bir bədəvi ərəbin dəvəsi Əzbanı arxada buraxdı. Müsəlmanlar bu məğlubiyyətdən narahat olub kədərləndilər. Lakin Allahın Rəsulu (s) buyurdu: “Allah bu dünyada bir zaman yüksələni nəhayət, aşağı endirər (yəni qələbədən sonra ona məğlubiyyət verər)” (Səhih əl-Buxari, Cihad, 59). Bu kəlamla Peyğəmbər (s) yarışmaların nəticəsini səbirlə qarşılamağı, məğlubiyyətə təmkinlə reaksiya verməyi müsəlmanlara öyrətmiş oldu.


Yerləşdirilib:12 İyul, 2017, Baxılıb:1210, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com