Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)

Bəşəriyyətə xidmət edən elmlər inkişaf etdikcə elmin, qarşısında aciz qaldığı, sirrini aça bilmədiyi faktlar və yeni yeni müəmmalar da ortaya çıxmaqdadır. Elm bə`zən bu müəmmalar haqqında müxtəlif mülahizələr söyləyir, bə`zən isə bunların qarşısında tamamilə aciz qalır. Bu müəmmalardan biri də, dəqiq yaşı mə`lum olmayan, lakin bəşəriyyət ilə həmyaş olduğu söylənən reenkarnasiya anlayışıdır. Bə`ziləri reenkarnasiyanın Misirdə, bə`ziləri isə Hindistanda, hinduizm dini ilə ortaya çıxdığını söyləsələr də, dəqiq tədqiqatlar nəticəsində hətta eramızdan minlərlə il əvvəl yaşamış ibtidai insanlarda da buna oxşar anlayışların mövcud olduğu ortaya qoyulmuşdur. Günümüzə qədər müxtəlif mərhələlərdən keçmiş, müxtəlif deformasiyalara uğramış olan bu inanc, 19-cu əsrin sonlarında psixologiya elminin yaranması ilə yenidən böyük əhəmiyyət kəsb etmişdir. Başda Freyd olmaq üzərə bir çox məşhur psixoloqlar tərəfindən qəbul edilmiş olan reenkarnasiya nəzəriyyəsi, müxtəlif dəyişikliklərlə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Ölən bir canlının ruhunun başqa bir bədənlə yenidən dünyaya qayıtması deyə izah edilən reenkarnasiya inancı bütün dünyada geniş vüs`ət tapmış, bu inanca aid dərnəklər, vəqflər qurulmuş, mövzuyla əlaqədar jurnal və kitablar çap olunmuş, İnternetdə minlərlə səhifə açılmış, bundan ilhamlanaraq özünü peyğəmbər sayan çoxlu adamlar ortaya çıxmışdır.

Lakin bütün bunlara baxmayaraq tarixdə bir çox insanların bu inanca qarşı çıxdıqlarının şahidiyik. Bu gün də bir sıra elm adamı reenkarnasiya nəzəriyyəsini kəskin şəkildə rədd edir, buna qarşı çoxlu dəlillər gətirirlər. Bu elm adamları reenkarnasiyaya tərəfdarlarının dəlil kimi gətirdikləri faktları isə, çox vaxt Kvant fizikasının irəli sürdüyü Everet nəzəriyyəsi (Pararel dünyalar) və ya Aqaşalar və Holoqram nəzəriyyələri, bə`zən də Eynşteynin məşhur Nisbilik nəzəriyyəsi ilə izah etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, hələ günümüzədək reenkarnasiyanı inkar etməyə qaneedici dəlil tapılmadığı kimi, onu iddia edənlərə də tutarlı cavab verilməmiş, bu haqda yazılan kitablar isə düşüncələrdəki qarışıqlıqlara aydınlıq gətirməmişdir.


Renkarnasiyanın mahiyyəti

İnsanlara ölümdən sonra yaşamaq üçün yeni bədən və`d edən reenkarnasiya inancını daha yaxşı anlamaq üçün bu inancı dilə gətirmək üçün istifadə olunan sözlərə nəzər salmaq, bu kəlimələrin kök anlamını bilmək, hansı termin və inanclarla əlaqəsinin olduğunu anlamaq lazımdır. Fransızca bir kəlimə olan "reenkarnasiya" (reincarnation) təkrar bədənlənmə mə`nasındadır. "Enkarnasiya" (incarnation) isə bədənlənmə mə`nasında Hz. İsa (ə.s.) haqqında işlədilib, ilahi ruhun onda təcəlli etməsi, uluhiyyətin Hz. İsada ortaya çıxması deməkdir. Reenkarnasiyanın qərbdə çox işlənən "metafizika" (metempsycose) və "transmiqrasiya" (transmigration) ilə də əlaqəsi vardır. Türk dilində bu inanca ruh köçü, bununla məşğul olan elm sahəsinə isə ruhçuluq deyirlər. Ərəb dilində reenkarnasiyanın qarşılığı tənasühdür. Tənasüh sözü ‘nəsh’ kökündən gələrək (dilimizdəki ‘nüsxə’ sözü də bu kökdəndir), bir şeyin digərini tə`qib edərək yox etməsi, bir şeyi əldən-ələ gəzdirmək, bir şeyin dolaşaraq digərinin yerini alması mə`nalarını verir. Bu inancı öyrənən elm sahəsi isə ‘tənasühiyyə’ adlanır. Ərəb dilində bu inanc haqqında bu sözdən başqa təcəssüm və hülul sözləri də işlədilir. Sanskrit dilində isə buna samsara deyilir. Bütün bu terminlər bir-birinə yaxın və bə`zən də qarışdırılaraq işlədilən, amma axır nəhayətdə bir inancı və nəzəriyyəni əks etdirən terminlərdir.

Bu kiçik arayışdan sonra reenkarnasiyanın tə`rifini verməyə calışaq. Reenkarnasiya, öldükdən sonra ruhun, insan, heyvan və ya bitki şəklində yenidən dünyaya gələrək həyatına davam etməsidir. Bu, ruhun kamilləşməyi üçündür. Ruh, fiziki aləmdə meydana gələn dəyişmə və inkişaflardan faydalanıb təcrübə və mükəmməlliyini artırmaq üçün yeni bir bədənə ehtiyac hiss edər və bu səbəblə yenidən bədənlənir . Çünki, bir ömür ruhun kamilləşməyi üçün kifayət deyildir. Ruh kamilləşmək üçün bir neçə dəfə gedib gəlməli, müxtəlif bədənlərə girməlidir. Amma bununla bərabər bədəni idarə edən ruhdur .Biliyini tamamlayan ruh, yenidən bədənlənmə ehtiyacını hiss etməz.

Bu inanca görə dünya imtahan deyil, əzab-əziyyət dünyasıdır. Bu əziyyətdən xilas olmaq istəyən ruh, yaxşı əməllər işləyərək hər dəfə yaxşı bədənlərə girməli, bu şəkildə kamilləşərək əzab-əziyyətdən qurtulmalıdır. Yə`ni hər insan öz güzəranına, yaxşı da olsa, pis də olsa özü səbəbkardır. İndiki əməlləri də gələcək həyatındakı vəziyyətini müəyyən edir. Beləliklə ruh bir səbəb-nəticə əlaqəsi içindədir və nəyi əkərsə onu da biçir.

Bu inanca görə ruh əvvəlki həyatında yaxşı adam olubsa, ruhu o biri həyatında daha yaxşı bir insan bədəninə, pis insan olubsa daha pis bir insan bədəninə keçəcək. Reenkarnasiyanın bu növü bütün reenkarnasiya tərəfdarları tərəfindən qəbul edilir və buna ‘nəsx’ deyilir. Bə`zən isə ruhun günahı daha çox olur ki, bu zaman onun ruhu insan bədəninə layiq olmayıb, heyvan bədəninə keçirilir. Bunu iddia edən alimlər misal olaraq cəsur adamın ruhunun aslan, qorxağın ruhunun isə dovşan bədəninə keçə biləcəyini söyləyirlər. Buna isə ‘məsx’ deyirlər. Lakin, elə vaxtlar olur ki, ruhun günahı o qədər çox olur ki, o, artıq heyvan bədəninə də yox, bitki şəklinə girir. Bu, ‘rəsx’ adlanır. Ən faciəli halda isə ruh, bə`zilərinin iddia etdiyinə görə, cisim, cansız əşya şəklinə girir ki, buna da fəsx deyirlər.

Reenkarnasiyanı iddia edənlər, ruhun dəfələrlə dünyaya gələcəyi görüşündə fikir birliyində olsalar da, bunun nə şəkildə olacağı, ruhun hansı bədənlərə keçə biləcəyi məsələlərində ixtilafa düşmüşlərdir. İnancın minlərlə il əvvəl Misirdə ortaya çıxdığını söyləsələr də, o, Misirdə köhnə və primitiv, Hindistanda mistik, Qədim Yunanıstanda isə fəlsəfi şəklə salınmışdı. Son zamanlarda psixologiya elminin inkişafı ilə əlaqədar olaraq reenkarnasiya inancı yeni, özünəməxsus bir şəklə salınmışdır. Buna görə də regionlara görə müxtəlif reenkarnasiya anlayışlarının mövcud olması çox təbiidir. Məsələn, reenkarnasiyaya inananların bə`ziləri məsxi qəbul etdiyi halda, bir çoxları ruhun heyvan və ya bitki bədəninə keçə biləcəyini qəbul etmirlər. Həmin insanlar ruhun təkamül prosesində geriləmənin olmadığını söyləyirlər. Yenə bə`ziləri, ruhun yalnız bu planetdə bədənləndiyini, bə`ziləri isə başqa planetlərə də keçə biləcəyini, üçüncü qrup isə ruhun bir planetdə kamilləşdikdən sonra başqa planetlərə keçə biləcəyini iddia edirlər. Bundan başqa ruhun cinsinin olub olmadığı məsələsi də ixtilaflara səbəb olmuşdur. Biz yeri gəldikcə bu fərqlərə toxunmaqla bərabər, ümumi bir reenkarnasiya anlayışından söz açacaq, onun əsaslarını çürüdərək tənqid etməyə çalışacağıq. Beləliklə, bu inanca görə əzəldə bütün ruhlar müəyyən bir miqdarda yaradılıb və kamilləşmələri üçün dünyaya göndərilib. Ölənin ruhu Ruhçuluqda ‘spatium’ deyilən yerə gedir və orada ruhlar tərəfindən idarə edilən bir sistem tərəfindən mühakimə edilir. Məntiqə əsasən yaxşı ruhlar öz mükafatlarını, pis ruhlar isə öz cəzalarını alırlar (əlbəttə ki, bu cəza maddi yox, mə`nəvi xarakter daşıyır). Pis əməl sahibi olan ruh, cəzasını çəkib, öz xətalarını anladıqdan sonra həmin sistem tərəfindən günahlarını yumaq və daha yüksək mövqe əldə etmək üçün yenidən dünyaya göndərilir. Həmin ruh, günahlarının miqdarına görə nəinki ən pis insan bədəninə, hətta heyvan bədəninə də girə bilər. Bu anlayış Tibet Buddizmindəki tənasüh anlayışı ilə çox yaxındır. Onlara görə də, dünyasını dəyişən ruh, yeni bədən seçməzdən əvvəl ‘bardo’ adlı bir mərhələdən keçir ki, burada o, xüsusi imtahanlar verir və ətraflı sınanır. Bunlar 49 bölümdən ibarət olan məşhur "Tibetin Ölülər Kitabı"nda təsvir edilir. Ona görə bu bədənlənmə müddəti çox yaxın ola biləcəyi kimi, 12-15 əsrə qədər uzana da bilər.

(ardı var)


Aqil Hacıyev
aqil@islam.az


Yerləşdirilib:7 İyul, 2009, Baxılıb:4078, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com