Əsil irfan və təsəvvüf ictimai təlimdir

(beşinci hissə)

(Əvvəli: (Əvvəli: http://az.islam.az/article/a-895.html; http://az.islam.az/article/a-900.htmlhttp://az.islam.az/article/a-901.htmlhttp://az.islam.az/article/a-903.html).

Ötən məqalədə digər dinlərdəki irfani dünyagörüşləri barədə qısa məlumat verdik. İslamın irfan konsepsiyası bütün bunlardan daha dərin, daha əsaslı və daha pozitivdir. İslam özü digər dinlərdən daha kamil olduğu kimi, onun irfan nəzəriyyəsi də daha mükəmməldir. Hər şeydən əvvəl bu, onunla əlaqədardır ki, İslamın irfanı mükəmməl tövhid bünövrəsi üzərində qurulub, digər dinlərdə rast gəlinən əqidəvi nöqsanlar burada yoxdur. Bu da Allah-insan münasibətlərinin daha düzgün müstəvidə araşdırılmasına şərait yaradır.

İkincisi, bütün qeyri-İslami təlimlərdəki irfan konsepsiyası cəmiyyətdən təcrid olunmaq, tərli-dünyalıq yolunu seçmək üzərində qurulub. Həmin dinlərdə insan öz ruhunun imkanlarını anlayıb qiymətləndirmək, Tanrı barədə düşünüb qənaətbəxş nəticəyə gəlmək, nəfsini təmizləmək üçün mütləq tərki-dünya olmalıdır, cəmiyyət içində bunları etmək qeyri-mümkün görünür. Buna görə Budda insanlardan ayrılıb tənhalığa çəkilmişdi. Buna görə xristian rahibləri on illər boyunca monastrlarda yaşayıb qapalı şəkildə ibadət edirlər.

Lakin İslam baxımından tərki-dünyalıq, cəmiyyətdən üz çevirmək bəyənilmir. Əgər seyri-süluk yolu cəmiyyətə qayıtmaqla bitməyəcəksə, onun faydası olmaz. İslam irfanında arif yolun başlanğıcında hər nə qədər tənhalığa üstünlük verirsə, yenə sonda xalqın içinə qayıdır və öz ictimai vəzifələrini yerinə yetirir. Təsadüfi deyil ki, əksər sufi təriqətlərində xidmət, yəni cəmiyyətə fayda vermək ən mühüm qayələrdən hesab olunur. Dərviş xidmətə qoşulmazsa, öz missiyasını tamamlamış olmaz. İnsan ictimai varlıqdır, onun fərdi həyatı ilə yanaşı, mütləq ictimai həyatı da vardır. Mənfi dünyəvi bağlılıqlardan xilas olmuş, haqqı tapmış arif mütləq başqalarını də hidayət (irşad) etməli, onların da həmin məqama çatmasına yardım göstərməlidir.

İrfan dünyasının ən mühüm simalarından olan Molla Sədra seyri-süluk yolunu 4 mərhələyə bölərək, bunlara “əsfari-ərbəə” (dörd səfər) adını vermişdi. Onun ən məşhur əsəri də “əl-Əsfar əl-ərbəə” adlanır. Molla Sədranın təsnifatına görə, əsfari-ərbəə bunlardan ibarətdir:

1. Min əl-xəlq iləl-Həqq (məxluqatın arasından Haqqa doğru səfər).

2. Bil-Həqq fil-Həqq (Haqq ilə birlikdə Haqda olan səfər).

3. Minəl-Həqq iləl-xəlq bil-Həqq (Haqq ilə birlikdə Haqdan xalqa (məxluqata) sarı olan səfər).

4. Bil-Həqq fil-xəlq (Haqla birlikdə xəlq içində olan səfər).

Bu səfərlərin hər biri haqqında bir qədər ətraflı məlumat verək.

Birinci mərhələ: Məxluqatın arasından Haqqa doğru səfər (min əl-xəlq iləl-Həqq). Bu, seyri-süluk yolunun ilk mərhələsidir. Salik bu mərhələdə öz nəfsini dünya bağlılıqlarından təmizləməyə çalışır. Onun hədəfi paklanmaqdır. O, öz naqisliyini anlayır, onu tərəqqidən, təkamüldən saxlayan səbəbləri araşdırır, bunlardan tədriclə xilas olmağa çalışır. Belə yazırlar ki, dörd səfərin ən çətini də elə birinci səfərdir. Salik bu mərhələdə ən böyük maneələrdən biri olan öz mənəmliyindən xilas olmalıdır. Riyazətlər, dualar, ağlayış və yalvarışlar bu səfərdə daha çox köməyə çatır. Bunlar nə qədər çox olsa, yol o qədər tez qət olunar. Bu yolda salikə mütləq bir yolgöstərici rəhbər, mürşid lazımdır. Dini ədəbiyyatda bu rəhbəri “pir”, “Xızr” və başqa adlarla ifadə edirlər. Birinci mərhələnin sonunda salik “fəna” mərhələsinə yetişir. Amma bu, fənanın ilk mərtəbəsidir. Salik hələ ki, öz zatını fani (məhv, yox) edə bilib.

İkinci mərhələ: Haqq ilə birlikdə Haqda olan səfər (bil-Həqq fil-Həqq). Bu, fənanın daha dərin mərtəbəsidir. Əgər birinci səfərin sonunda arif öz zatını fani etmişdisə, ikinci səfərin sonunda həm də öz iradəsini və əməllərini Allahda fani edir. Arif öz iradəsindən, istəyindən əl çəkir, hər şeyi Allahın öhdəsinə buraxır. Bəzi sufi kitablarında deyilir ki, insan gərək Allahın qarşısında özünü ölüyuyanın əlindəki meyit kimi hiss etsin. Ölüyuyan meyiti istədiyi tərəfə çevirir və meyit heç bir ixtiyar, müqavimət göstərmədən ona tabe olur. Gərək salik də Allaha bu şəkildə tabe olsun. İkinci səfərin sonunda fəna halı başa çatır və bundan sonra bəqa dövrü başlayır.

Üçüncü səfər: Haqq ilə birlikdə Haqdan xalqa (məxluqata) sarı olan səfər (minəl-Həqq iləl-xəlq bil-Həqq). Molla Sədra üçüncü səfəri birinci səfərin əksi adlandırırdı. Bu mərhələdə salik boşalmış qəlbini doldurmağa başlayır. Fəna halının sonu boşluq və heyranlıqıdr. Üçüncü səfər boyunca arif Allahın ad və sifətlləri, feilləri barədə düşünür, bunları müşahidə edir, bunların həqiqətini anlamağa çalışır, özündə bunları tərbiyə etməyə can atır. Bu, bəqa (qalmaq, başqa sözlə, dirilmək) halıdır. Bunun üçün salik Haqqın yaratdıqlarına – məxluqat aləminə baxmalıdır. O, Allahın xilqətindəki nizam-intizamı, hikməti seyr edir, bunları pozmağın fəsadını anlayır. Arifin boş qəlbi ilahi hikmətlərlə dolur. O, gizli sirləri, hikmətləri anlamaq səviyyəsinə çatır, kəşf və ilhamlar onu daim müşayiət edir. Göründüyü kimi, əgər əvvəlki iki səfər kəsrətdən (çoxluqdan) vəhdətə doğru istiqamət götürmüşdüsə, üçüncü səfər vəhdətdən kəsrətə qayıdış deməkdir.

Dördüncü səfər: Haqla birlikdə xəlq içində olan səfər (bil-Həqq fil-xəlq). Molla Sədra bunu ikinci səfərin əksi kimi təqdim edirdi. Bu səfər boyunca arif artıq özü pir və şeyx kimi fəaliyyətə başlayır. Əgər birinci səfərin başlanğıcında o, yolgöstərən rəhbərə möhtac idisə, indi artıq özü başqalarına yol göstərir. Elə seyri-sülukun məqsədi də budur. Arif yalnız özünü xilas etməyi qarşısına məqsəd qoymamalıdır. Müəyyən məqama çatdıqdan, Haqqı tapdıqdan sonra mütləq öz biliyini və təcrübəsini səfərə yeni çıxan saliklərlə bölüşməlidir. Əks halda, onun səfəri yarımçıq qalar və fayda gətirməz.


Yerləşdirilib:10 İyun, 2017, Baxılıb:1664, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 11 İyun, 2017  00:04
# Ответить
0


]]>]]>

Təşəkkür,əla izahdır!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com