İnsanlığın ən yüksək zirvəsi - bəndəlik

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).

İbadətin iki növü vardır: təkvini və təşrii ibadət. Əslində bütün varlıq aləmi – həm canlılar, həm də cansızlar Allah-Taalaya sitayiş və ibadət halındadırlar. Məsələn, Yer kürəsi Günəşin və öz oxunun ətrafında fırlanmaqla Allahın qoyduğu nizam-intizama tabe olur və Ona ibadət edir. Çayın axması, yağışın yağması, gecə-gündüzün növbələşməsi, fəsillərin dəyişməsi, ağacın bar verməsi təbiətin ibadəti sayılır. Bu, təkvini ibadətdir. Yəni bu ibadət, onu edənin iradəsindən asılı olmayaraq, instinktiv qaydada yerinə yetirilir. Bu ibadəti etməməyə heç kimin ixtiyarı yoxdur, çünki bunların hər biri möhkəm təbiət qanunlarına əsaslanır. Bütün varlıq aləmi bu təbiət qanunlarını təsdiq edir, həmin qanunların çərçivəsindən çıxa bilmir və Allahın iradəsini icra edir. Allah-Taala təkvini ibadət barəsində buyurur: “Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin” (Məryəm, 93).

İbadətin ikinci növü təşrii ibadətdir, yəni şəriət qanunları vasitəsilə insana vacib olan ibadətdir. Təkvini ibadətdən fərqli olaraq, təşrii ibadəti insan öz iradəsi və seçimi ilə etməlidir. İnsanların bir qismi şəriətə tabe olub Allaha itaət və ibadət edir, bir qismi isə etmir. Allah-Taala təşrii ibadətin vasitəsilə insanı uca məqama çatdırmaq istəyir. Bu ibadət iradə ilə yerinə yetirildiyi üçün onun savabı var, yerinə yetirilmədiyi halda cəzaya səbəb olur.

Allah, özünə ibadəti yalnız İslam ümməti ilə məhdudlaşdırmamış, sair ümmətlərə də bu yolu göstərmişdir. Bütün bəşəriyyət bəndəliyə doğru dəvət edilmişdir. Quranda buyurulur: “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...” (Həcc, 67).

Təşrii ibadəti yerinə yetirən şəxs əbd, yəni bəndə məqamına nail olur. Əbd məqamı heç də kiçik məqam deyil. Allah-Taalanın əzəmətli peyğəmbərləri bu məqama sahib olmuşlar: “(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!” (Sad, 45).

Biz namazın sonunda müstəhəb olan ikinci salamı bu şəkildə deyirik: “Vəs-səlamü əleyna və əla ibadillahis-salihin”. Yəni bizə və Allahın saleh bəndələrinə salam olsun! Hədislərdə buyurlub ki, Allahın saleh bəndələri məsum imamlardır.

Həmçinin, namazın təşəhhüd hissəsində Həzrət Mühəmməd Peyğəmbəri (s) Allahın bəndəsi kimi yad edirik. Təşəhhüd namazın vacib əməlidir, gündəlik namazların birinci və sonuncu rükətlərində, səcdələrdən sonra yerinə yetirilir. Bu zaman insan öz etiqadını dilə gətirir, İslamın iki mühüm əqidə prinsipini – tövhid və nübüvvəti təsdiq edir. Təşəhhüddə deyirik: “Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur: O, vahiddir və şəriksizdir. Şəhadət verirəm ki, Mühəmməd Onun bəndəsi (əbdi) və elçisidir (rəsuludur)”.

Burada əbd (bəndəlik) məqamı rəsul (elçilik, peyğəmbərlik) məqamından əvvəl gəlir. Əgər əbd məqamı olmasaydı, rəsul məqamı da olmazdı. Əgər Allah-Taalanın hüzurunda Həzrət Mühəmmədin (s) əbd məqamından daha yüksək məqamı olsaydı, bizə namazda o həzrəti həmin məqamla vəsf etmək əmr olunardı.

Qurani-Kərimdə Həzrət İbrahim Peyğəmbərin (s) dilindən öz ögey atasına və ya əmisinə müraciətlə buyurulur: “Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!” (Məryəm, 44).

Şeytana ibadət etmək yalnız o demək deyil ki, onun qarşısında səcdə edib, ondan ötrü namaz qılasan. Şeytana tabe olmaq, xidmət göstərmək, onun buyurduqlarına əməl etmək, vəsvəsəsinə könüllü surətdə baş əymək də ibadət sayılır. Yasin surəsində buyurulur: “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir. (Sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!” (Yasin, 60-61). Burada Allahla insanlar arasında aləmi-zərdə (ruhlar aləmində) bağlanmış əhd-peymana işarə edilib. Quran həmin əhd-peyman barədə buyurur: “(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər” (Əraf, 172). Allahdan uzaqlaşıb günaha bulaşan, Allahın əmr və qadağanlarını pozub şeytanın fitnələrinə uyan adam şeytana ibadət etmiş olur.

İmam Cəfər Sadiq (ə) ibadətin fərqli məna çalarlarına toxunaraq buyurmuşdur: “Hər kim zalıma itaət etsə, ona ibadət etmiş olur” (Bihar əl-ənvar, 23-cü cild, səh. 362).

Quranda buyurulur: “Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (cənnətlə) müjdə ver!” (Zümər, 17).

Təşrii ibadət insanın Allaha əbd (bəndə) olmasına şərait yaradır. Bu ibadət növlərinin ən mühümləri namaz, oruc kimi əməllərdir. İnsan bunları yerinə yetirməklə Allaha əbd olmaq məqamına yüksəlmək imkanını qazanır. Əksinə, bunlardan aralanmaqla, Allahın əbdi (bəndəsi) olmaq məqamından özünü uzaq salır, əskildir.

İmam Hüseyn (ə) insanların yaradılış fəlsəfəsini və bundan çıxan dərin mənaları çox gözəl dillə bəyan etmişdir: “Ey insanlar! Zikri uca olan Allah bəndələri yalnız ondan ötrü yaratdı ki, Onu tanısınlar. Elə ki tanıdılar, Ona ibadət edərlər. Elə ki ibadət etdilər, Ondan başqasına ibadət etməyə ehtiyac duymazlar” (Buhar əl-ənvar, 5-ci cild, səh. 312). Həqiqətən, öz Rəbbini layiqincə tanıyan və Ona ibadət edən şəxs Ondan başqasına bəndəlik edərmi? Əlbəttə, yox! İnsanın növbənöv tanrılara qul olmaqdan, öz nəfsinin əsiri olmaqdan, öz şəxsiyyətini alçaltmaqdan, riyakarlıqdan yeganə xilas yolu Allaha ibadət etməkdir.

Übudiyyət, yəni Allaha bəndəlik insanlıq təkamülünün zirvəsidir, insanın yüksələ biləcəyi ən uca dərəcədir. Übudiyyət insanı cənnətə qovuşdurur. Kamil və xalis übudiyyət məqamına çatmış şəxs Allahdan başqasına tabe olmaz və itaət etməz.


Yerləşdirilib:31 May, 2017, Baxılıb:1658, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com