İrfan və təsəvvüfə münasibət

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-895.html)

İrfan və təsəvvüfə münasibətdə müsəlman alimlərinin mövqeyi birmənalı deyildir. Bəzi alimlər irfani dünyagörüşündə İslamla ziddiyyət təşkil edən məqamlar olduğunu iddia edir, ariflərin təqdim etdikləri riyazət üsullarına, seyri-süluk yolunu qət etmək üçün təlimatlara tənqidi yanaşırlar. Onların fikrincə, bu deyilənlərin bir qismi sonradan dinə əlavə edilmiş və əslində dinlə əlaqəsi olmayan bidətlərdir və ariflərin dini düzgün anlamamasından qaynaqlanır. Bu dəstənin içində şəriət alimləri, fəqihlər üstünlük təşkil edirlər.

Qeyd:

İran ənənəvi olaraq irfan və təsəvvüfün əsas məskənlərindən və hətta az qala vətəni hesab edilir. Həm orta əsrlərdə, həm də sonrakı dövrlərdə ən məşhur arif və sufilərin böyük əksəriyyəti ya bu coğrafi ərazidən çıxmış, ya da burada fəaliyyət göstərmişlər. Ən gözəl sufi ədəbiyyatı nümunələri farsdilli şairlər tərəfindən yaradılmışdır. Həm şiəliyin yayılmasından əvvəl İran və ona bitişik ərazilərdə yaşamış əhli-sünnə əhali arasında, həm də XVI əsrdən etibarən şiələr arasında təsəvvüf və irfan çox geniş rəvac tapmışdı. Buna baxmayaraq, bu məkanda irfan və təsəvvüfə qarşı mənfi münasibət hallarına da rast gəlmək mümkündür. Səfəvi hökmdarı Şah Abbasın zamanında Şeyx Bəhai, Şah Sultan Hüseynin zamanında Əllamə Məclisi sufilərə qarşı təqib dalğasını təşkil etmiş və əsas hədəf kimi qələndəriyyə tərəfdarlarını seçmişdilər. Əllamə Məclisi öz atasının guya süfilərə bağlı olduğu haqda iddianı şiddətlə rədd etmişdir (Əlamə Məclisinin atası Molla Mühəmməd Təqi Məclisi də böyük din alimi idi. Əllamə Məclisi yazırdı ki, atası əvvəlcə sufiləri əsil din və şəriət yoluna qaytarmaq üçün özünü onlardan biri kimi təqdim etmiş, bu yolda çox çalışmışdı. Amma sufilərin islah olmadığını görüncə onlardan birdəfəlik ayrılmış və tənqid yolunu seçmişdi).

Müasir dövrdə İranda irfan və fəlsəfə əleyhinə çıxışlar daha tez-tez səslənir. Ayətullah Seyyid Cəfər Seyyidan, tədqiqatçı alim Mehdi Nəsiri, Şeyx Həsən Milani və başqaları bu cəbhənin öndə gedənlərindən sayılırlar.

Qeyd etməliyik ki, fundamentalist və radikal qüvvələr də təsəvvüfə müsbət baxmırlar. Son yüzilliklərdə İslam dünyasında geniş yayılmaqda olan sələfi düşüncəsində sufilər az qala dindən çıxmış sayılırlar.

Sufi və ariflərin bir qismi öz yollarının düzgünlüyünü sübut etmək üçün ifrat çalışqanlıq etmiş, hətta şəriətdə göstərilməyən və alimlərin belə, çata bilmədikləri dərin və incə qatları açmağa qadir olduqlarını iddia etmişlər. Onların fikrincə, bəzi mətləbləri ağılla dərk etmək mümkün deyil, bunu yanlız eşqlə əldə etmək olar. Bəzən kəşflə (yəni ilhamla) qazanılan biliklər ağılla əldə edilən biliklərdən daha faydalı və düzgün olur.

Üçüncü qrup alimlər isə məsələyə obyektiv baxmağa çalışır, irfan düşüncəsinin İslamala zidd olmadığın, əksinə, saf İslamdan qaynaqlandığını qəbul etməklə bərabər, ifrat irfani görüşləri də tənqid edirlər. Onlar təsəvvüf və irfanı yalnız Quran və sünnə bünövrəsi üzərində qəbul edir, məsumların səhih və təsdiq edlmiş kəlamlarına dayaqlanan irfani təlimləri dəstəkləyirlər. Bununla yanaşı, bəzi sufilərin və ariflərin qeyri-adi çıxışlarını təxribat kimi dəyərləndirir, İslama zərbə adlandırırlar. Zənnimizcə, irfan barədə düzgün təsəvvür əldə etmək üçün məhz üçüncü dəstənin metodikasını izləmək və gətirdikləri sübutları incələmək daha faydalıdır.

Sırf dini deyil, siyasi və sosial baxımdan da təsəvvüfə münasibət fərqlidir. Belə ki, müasirlik (modernizm) tərəfdarı olan qüvvələr adətən təsəvvüfə tənqidi yanaşırlar. Bunun əsas səbəbi təsəvvüfü İslama zidd görmələrində deyil. Bu qüvvələr adətən ənənəvi və sxolastik İslama da xoşgörü bəsləmirlər. Onlar təsəvvüfdə orta əsrlərin ab-havasını duyur və təriqətləşmə, şeyxə tabelik, zahidlik kimi məfhumları tərəqqi qarşısında maneə hesab edirlər.


Yerləşdirilib:22 May, 2017, Baxılıb:1807, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 24 May, 2017  06:13
# Ответить
+1


]]>]]>

Səlamun əleykum!Əlbətdəki ücüncü dəstənin metodikasını izlımək doğru olardı.Muasır insanın irfanı tərəqqiyə maneə görməyi həqiqətə uyğun gəlmır.Artıq bəşər tamamilə yüksək texnaloğiyalar dovründə yaşayır və bu dövrü hər iki sahənin bir birilə uzlaşdığı dövr olduğunun şahidiyik.İrfanla tərəqqinin anlaşması həqiqət olaraq ğöz qabağindadır və bu ən doğru qarşıllqll münasıbət sayıla bilər!Vəssəlamu əleykum və rəhmətullahı və bərəkatu!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com