İmam Əlinin (ə) hədisinə Əllamə Təbatəbaidən maraqli şərh

Təsəvvüfdə  ən çox istinad edilən hədislərdən biri “Hər kim nəfsini tanısa, Rəbbini də tanıyar” hədisidir. Bəzi mənbələrdə bu hədis Həzrət Mühəmməd Peyğəmbərə (s) aid edilsə də, daha çox İmam Əli ibn Əbutalibin (ə) kəlamı kimi məşhurdur.

Həzrətin hikmətli kəlamlarının toplandığı “Ğürər əl-hikəm” kitabında da bu cümləyə rast gəlirik.

Fərqli  formalarda ifadə olunmuş eyni mənalı bir neçə hədis də İmam Əliyə (ə) mənsub hesab edilir: “Öz nəfsindən xəbərsiz olan kəs Rəbbini tanıya bilərmi?”, “Öz nəfsini ən yaxşı tanıyan kəs Rəbbindən ən çox qorxan kimsədir”.

Mərhum Əllamə Təbatəbai “əl-Mizan” təfsirində bu hədisin şərhini çox incə şəkildə verməyə müvəffəq olmuşdur. Müəllif “Maidə” surəsinin 105-ci ayəsini təfsir edərkən “nəfs” mövzusuna toxunur:

“Ey iman gətirənlər! Nəfsinizdən muğayat olun! Siz doğru yolda olsanız, azğınlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönümü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir” (Maidə, 105).

Əllamə Təbatəbai bu ayəni təfsir edərək bildirir ki, ayədəki nəfs - möminin Allaha doğru yolu deməkdir. Allah möminləri öz nəfslərindən muğayat olmağa çağırmaqla, əslində onları Allaha doğru  yönəldən və Allahın hüzurunda sona çatan yolda möhkəm olmağa və bu yoldan dönməməyə səsləyir: “Ayədə nəfsdən muğayat olmaq və onu buraxmamaq tapşırığının səbəbi budur ki, nəfsiniz elə sizin hidayət yolunuzdur, hidayət yolunun yolçusu deyildir. Başqa sözlə desək, əgər Allah möminləri hidayət yolunda möhkəm olmağa səsləyərkən öz nəfslərindən muğayat olmalarını tapşırırsa, məlum olur ki, möminin nəfsi elə keçməli olduğu yolun özüdür. Beləliklə, möminin nəfsi Allahda qurtaran yol və xətdir... Nəfsin bu günü və sabahı var. Nəfs hər an hərəkətdə və məsafə qət etməkdədir. Onun hərəkətinin sonu uca Allahdır, çünki yaxşı əvəz (yəni behişt) də Allahın hüzurundadır. Buna görə də insan bu yolu keçərkən həmişə Allahı yad etməli və onu bir an da unutmamalıdır. Allah məqsəd və hədəfdir, ağıllı insan isə məqsədi və son ünvanı yaddan çıxarmaz. Çünki məqsədi unutmaq yolu unutmağa səbəb olar. Bu hesabla Allahı yaddan çıxaran adam özünü də unudar və nəticədə gələcək həyatı üçün lazım olan azuqəni toplamamış  qalar; bu isə həlak olmaq deməkdir...”

Burada Əllamə Təbatəbai “Hər kim öz nəfsini tanısa, Rəbbini də tanıyar” hədisini misal gətirərək, onu yuxarıda söylənmiş fikirlərin süzgəcindən keçirir:

“İnsanın özündən savayı heç nə onun yolu ola bilməz. İnsanın özü müxtəlif dəyişikliklərdən keçərək, müxtəlif mərhələləri adlayır. Əvvəl rüşeym, sonra körpə, sonra cavan, daha sonra qoca şəklinə düşür. Bundan sonra bərzəx aləmində həyatını davam etdirir, oradan qiyamətə keçir, axırda isə behiştdə, yaxud cəhənnəmdə qalır” (əl-Mizan, “Maidə” surəsinin 105-ci ayəsinin təfsirindən).


Yerləşdirilib:17 May, 2017, Baxılıb:2460, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com