Yalançi “mehdi”lər

Mehdi inancı müsəlmanlar arasında o qədər güclü olmuşdur ki, orta əsrlərdə xeyli insan öz məqsədini həyata keçirmək və ətrafına tərəfdar toplamaq məqsədi ilə özünün mehdi olduğunu iddia etmişdir.

Dünyanın sonuna yaxın mehdinin mütləq zühur edəcəyinə dair Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu hədislər bütün məzhəblər tərəfindən qəbul edilir. Mehdinin zühuru zamanı ona yardım göstərmək və tabe olmaq hər bir müsəlmanın vacib vəzifəsi sayılır. Buna görə də mehdilik iddiası edən şəxslər asan yolla özlərinə tərəfdar toplayır və öz hərəkətlərinə sorğu-sualsız haqq qazandırmış olurdular.

Mehdilik iddiasında olduğu rəvayət edilən şəxslərin bəziləri şiə məzhəbində əsl Mehdi sayılan 12-ci imamdab əvvəl yaşamışlar. Muxtar, Zeydi-şəhid, Əbu Müslim Xorasani, Müqənne, Mühəmməd Nəfsüz-zəkiyyə və başqaları bu qəbildəndir. Lakin bunların bəziləri əslində mehdilik iddiasında olmamışlar; vəfat etdikdən sonra yaxınları onların ölümü ilə razılaşmamış və guya qeybə çəkildikləri barədə şayiə yaymışlar.

Tədqiqatçı alim Abdullah Mübəlliği Abadani 3 cildlik “Dünya dinləri və məzhəbləri tarixi” əsərinin III cildində məşhur cəfəri alimi, hədis və rical elmlərinin mütəxəssisi mərhum Ayətullah əl-üzma Seyyid Şihabəddin Mərəşi Nəcəfiyə istinadən, mehdilik iddiasında olduğu söylənilən 46 nəfərin siyahısını vermişdir (Abdullah Mübəlliği Abadani. Dünya dinləri və məzhəbləri tarixi, 3-cü cild, səh. 1111-1122).

Mehdilik iddiasında olanların böyük bir hissəsi məğrib (Şimali Afrika) əsillidir. Bunların arasında 1881-98-ci illərdə Sudanda ingilis işğalına qarşı silahlı qiyam qaldırmış “sudanlı Mehdi” ləqəbli Mühəmməd Əhməd xüsusi seçilir. Onun qurduğu Mehdiçilər dövləti bir neçə il yadelli işğalçılara qarşı uğurla mübarizə aparmışdır.

Dini baxımdan, özünü yalandan mehdi kimi təqdim etmək böyük günah sayılır. Özünü mehdi adlandıranlar bu iddianın doğru olduğunu sübut etmək üçün hədislərdə qeyd edilən əlamətləri təqim etməlidirlər. Mehdiyə məxsus olan əlamətləri təqdim etməyən şəxs yalançıdır.

Şiə əqidəsinə görə, Həzrət Mehdi (ə) yalnız ona məxsus olan şəraitdə və konkret əlamətlərlə zühur edəcək, bu bənzərsiz və təkrarsız əlamətlər onun həqiqi mehdi olduğunu sübuta yetirəcək. Özünü yalandan mehdi adlandıranlar və ya mehdinin elçisi,  babı  (qapısı) olduqlarını iddia edənlər fırıldaqçıdırlar.

Şiə inancına görə, XII imam Həzrət Mehdi (ə) 5 yaşında ikən qeybə çəkilmişdir və yalnız Allaha məlum olan vaxta kimi qeyb halında qalacaqdır. İmamın qeybət dövrünü şərti olaraq iki hissəyə bölürlər. Kiçik qeybət dövrü adlanan mərhələ hicri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddət ərzində İmam Mehdi (ə) dörd nəfər naib vasitəsilə Əhli-beyt tərəfdarları ilə əlaqə saxlayır, onların şifahi və yazılı suallarına cavab verir, əmr və tövsiyələrini çatdırırdı. Dördüncü naibin vəfatından sonra böyük qeybət dövrü başlamışdır və İmamın zühuruna kimi davam edəcəkdir. Böyük qeybət dövründə də bəzi məşhur alimlərin və mömin şəxslərin İmamla şəxsən görüşdükləri haqqında məlumatlar mənbələrdə qeyd edilib.

Həzrət Mehdinin (ə) zühurunun intizarını çəkmək və zühurun tezləşməsini arzu etmək (bu məzmunlu dualar da vardır) şiə məzhəbində müsbət əməllərdən sayılır. Bəzi təsəvvürlərin əksinə olaraq, zühurun intizarını çəkmək heç də passivlik və ətalət deyil. Bu, dağıdıcı və məhvedici intizar deyil, qurucu və islahedici intizardır. Zühurun intizarını çəkmək – haqla batilin, xeyirlə şərin böyük mübarizəsinə mənəvi cəhətdən hazırlaşmaq, bu mübarizədə özünün hansı cəbhədə duracağını müəyyənləşdirmək, Mehdinin (ə) layiqli silahdaşlarından olmağa çalışmaq deməkdir.


Yerləşdirilib:12 May, 2017, Baxılıb:1906, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com