Xilaskar

(İmam Mehdinin (ə) mövludu münasibəti ilə)

“Mehdi” sözünün ərəb dilindən tərcüməsi “hidayət olunmuş, doğru yola yönəldilmiş” deməkdir. Dini anlamda mehdi – dünyanın sonuna yaxın, zülm və haqsızlığın cövlan etdiyi bir vaxtda zühur edəcək, dinsiz və azğın dəstələri bir-birinin ardınca məğlubiyyətə uğradıb, yer üzündə ədalətli hökumət quracaq şəxsiyyətin ləqəbidir. Mehdi inancı İslamdan əvvəlki bir çox dinlərdə də mövcud olmuşdur. Hinduizmin müqəddəs kitabı olan Vedlərdə, Zərdüştün şagirdi Camasbın kitabında, Zənd-Avestada dünyanın sonuna yaxın xilaskar bir qüvvənin gələcəyinə inam ifadə edilib. Yəhudi dinində dini və dünyəvi hakimiyyətin simvolu olan məsihə (meşşiyax) inam əsas yerlərdən birini tutur.

İslam ənənəsində də mehdi inancı bütün məzhəblər və cərəyanlar tərəfindən qəbul edilmişdir. Bəzən mehdinin gəlişinə inanmaq doktrinasını səhv olaraq yalnız şiəliklə bağlayırlar. Əslində, mehdi inancı əhli-sünnə məzhəbinə məxsus hədis və əqidə kitablarında da geniş şəkildə öz əksini tapmışdır. Sünni mənbələrində dünyanın sonuna yaxın Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslindən, daha konkret desək, Fatimə (ə) soyundan Peyğəmbərin adını və künyəsini daşıyan bir nəfərin zühur edərək ədalət uğrunda mübarizəyə başlayacağı, Həzrət İsa Peyğəmbərin (s) yardımı ilə bu mübarizədə qələbə qazanacağı qəti şəkildə bildirilir. Bu mövzuda Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilmiş hədislərin sayının 100-dən artıq olduğunu bildirirlər. Mehdinin gəlişi barədə hədislər əhli-sünnə alimlərinin yüzlərlə kitabında işıqlandırılır.

Məsələn:

Sünən Əbu Davud, Kitab əl-mehdi, 4282-85-ci və 4290-cı hədislər;

Sünən əl-Tirmizi, Kitab əl-fitən, 52-ci bab, 2230-32-ci hədislər;

Sünən Ibn Macə, Kitab əl-fitən, Xüruc əl-mehdi babı, 4082-88-ci hədislər;

Buxari. Əl-Tarix əl-kəbir, III, 346, 1171-ci hədis;

Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, V, 18-20, 8733-39-cu hədislər;

Təbərani. Əl-Möcəm əl-səğir, I, 27;

Əhməd ibn Hənbəl. Müsnəd, II, 74, 645-ci hədis;

Müsnəd əl-Bəzzar, II, 243, 644-cü hədis;

Müsnəd Əbu Yəla, I, 461-ci və 983-cü hədislər və s.

Mehdi barədə hədislər 45-dən artıq məşhur səhabə tərəfindən rəvayət edilmişdir. Bü hədislərin raviləri sırasında Əli ibn Əbu Talib (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), Əbu Əyyub Ənsari, Əbu Səid Xüdri, Əbu Hüreyrə, Ənəs ibn Malik, Cabir ibn Abdullah, Salmani-farsi, Təlhə ibn Übeydullah, Abbas ibn Əbdülmüttəlib, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Əmr ibn As və oğlu Abdullah, Abdullah ibn Məsud, Osman ibn Affan, Ömər ibn Xəttab, Əmmar ibn Yasir, Müaz ibn Cəbəl, Fatimeyi-Zəhra (ə), ümmül-möminin Aişə, Ümmi-Sələmə və başqalarının adlarına rast gəlirik.

Əhli-sünnənin 30-dan çox alimi mehdi haqqında hədislərin mütəvatir olduğunu söyləmişdir. İslam tarixi boyunca yalnız iki alim – İbn Xəldun və İbn Həzm Zahiri mehdi haqqında rəvayətlərin səhihliyini şübhə altına almışlar. Lakin onların bu görüşü sonrakı tədqiqatçılar tərəfindən kəskin tənqidlə qarşılanmış və bu iki alimə qarşı bir neçə rəddiyyə (etiraz kitabı) qələmə alınmışdır.

Əhli-sünnə mənbələrindəki məlumatlardan bu aydın olur ki, mehdi Fatimeyi-Zəhranın (ə), daha dəqiq ifadə etsək, İmam Hüseynin (ə) nəslindəndir (bəzi rəvayətlər İmam Həsənin (ə) nəslindən olduğunu bildirir), adı Peyğəmbərin adı, künyəsi Peyğəmbərin künyəsidir. Lakin əhli-sünnə inancına görə, mehdi qiyamətə yaxın dövrdə doğulub normal yaşda zühur edəcək.


Yerləşdirilib:8 May, 2017, Baxılıb:1760, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 9 May, 2017  05:54
# Ответить
+1


]]>]]>

Əccil fərəcəhum!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com