Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

(beşinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-890.htmlhttp://az.islam.az/article/a-881.html; http://az.islam.az/article/a-882.html; http://az.islam.az/article/a-887.html)

Cəfəri məzhəbində 12 imamın sözləri də hədis sayılır və Həzrət Mühəmməd Peyğəmbərin (s) sözləri qədər müqəddəs hesab edilir. Səbəbi budur ki, şiə inancına görə, imamlar bütün sözlərində Peyğəmbərə əsaslanmışlar. Peyğəmbərin hədisləri Həzrət Əli ibn Əbu Talib (ə) vasitəsilə İmam Həsənə (ə) və İmam Hüseynə (ə), onların vasitəsilə də digər imamlara ötürülmüşdür. İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: “Mə¬nim hədisim atamın hədisidir. Atamın hədisi babamın hədisidir. Babamın hədisi Hüseynin hədisidir. Hüseynin hədisi Həsənin hədisidir. Həsənin hədisi Əmirül-mömininin (yəni Əli ibn Əbu Talibin) hədisidir. Əmirül-möminınin hədisi Allahın Rəsulunun hədisidir. Allahın Rəsulunun hədisi isə izzət və cəlal sahıbi olan Allahın sözüdür” (Küleyni. Üsul əl-Kafi, Elmin fəziləti kiiabı, XVII bab, hədis 14).

Hədislərin toplanması və yazıya alınması prosesi Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında başlamışdır. Bəzi səhabələr Peyğəmbərin icazəsi ilə hədisləri köçürürdülər. Məsələn, Abdullah ibn Əmr ibn As 1000-ə yaxın hədisi kitab şəklində toplamış və buna “əl-Səhifət əl-sadiqə” (Doğru səhifə) adını vermişdi. Peyğəmbərin vəfatından sonra da hədislərin toplanması prosesi davam edirdi. Lakin əvvəlcə ikinci xəlifə Ömər ibn Xət¬tab, daha sonra isə Əməvi xəlifələri hədislərin yazılması və köçürülməsi üzərində qadağan qoydular. Bunun nəticəsində hədisçilik elmi xeyli zəiflədi. Daha sonralar Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz hədislərin yaziya alınması üzərindəki qadağanı götürdü.

İlk mühəddislərin (hədis mütəxəssislərınin) fəaliyyəti yalnız bir sahə ilə məhdud¬laşmırdı. Bunlar hərtərəfli biliyə malik, hə¬dis, rical, təfsir, ərəb qrammatikası və s. elmləri mükəmməl mənimsəmiş, zöhd və təqvada məşhur olan insanlar idilər. Səhabə və tabiin təbəqəsindən sonra yaşamış alimlər hədisləri daha çox şifahi formada gələcək nəslə ötürürdülər.

Abbasilərin hakimiyyətə gəlişindən az sonra hədislərin sistemli şəkildə toplanması və hədis məcmuələrinin tərtibi istiqamətində iş başladı. Yaranan ilk hədis məcmuələri həcmcə kiçik, formaca nisbətən dağınıq və qeyri-münəzzəm idi. Lakin zaman keçdikcə əldə olunmuş təcrübələr öyrənildi və bu sa¬hədə böyük nailiyyətlər əldə edildi.

Əhli-sünnə məzhəbinə aid ilk hədis məcmuələri sırasında maliki məzhəbinin banisi Malik ibn Ənəsin “əl-Müvətta”, Abdul¬lah ibn Mübarəkin “Sünən”, Süfyan ibn Üyeynənin “Came”, Təyalisi, Hümeydi, İshaq ibn Rahiveyh, Əsfərayini, Əbu Yəla, İbn Həbban və Əhməd ibn Hənbəlin “Müsnəd”, İbn Sədin “əl-Təbəqat əl-kübra”, Dariminin “Sünən”, İbn Xüzeymənin “Səhih”, Təhavınin “Müşkil əl-asar” və “Məani əl-asar”, Təbəraninin “Möcəm əl-kəbir”, “Möcəm əl-əvsət” və “Möcəm əl-səğir” kitabları məş¬hurdur.

Şiə hədis alimlərinin bu dövrdəki ilk təbəqəsini imamların səhabələri təşkil edirdilər. Bunlar bilavasitə məsum imamlarla görüşərək, onların dilindən hədis eşidir və sonrakı nəsillər üçün rəvayət edirdilər. Səhabələrin bir çoxu eşitdiyi hədisləri kağıza da köçürürdü. Belə yazılı hədis mənbələrinə “əsl” deyirdilər. Əsllərin həcmi adətən kiçik (onlarla hədisdən ibarət) olurdu. Hər əsldə yalnız bir ravinin rəvayət etdiyi hədislər toplandığından, kitabın quruluşu çox zaman pərakəndə halda olurdu. Nadir hallarda hədislər mövzular üzrə qruplaşdırılırdı. Əsllərin sayı 400-ə yaxın idi; buna görə də onları “400 əsl” adlandırırlar. Əsllərin heç də ha¬mısı bu günümüzə gəlib-çatmamışdır; məlum olan əsllərin sayı bir neçə onluğu ötmür.

Bu dövrdə əsllərdən əlavə, müstəqil kitablar da qələmə alınırdı. Kitab müəllifləri sırasında Zürarə ibn Əyən, Əbu Bəsir, Əbu Həmzə Sümali, Mühəmməd ibn Nöman Mömin əl-taq və başqaları mühüm yer tuturlar.

Əhməd ibn Mühəmməd Bəzəntinin “Came”, “Nəvadir” və “Məsail”, Səffar Qumminin “Əşrəbə” (içkilər), “Əyman və-l-nüzur” (andlar və nəzirlər), “Cənaiz” (meyıtin hökmləri), “Hüdud” (şəriət cəzaları), “Səlat” (namaz) və “Vüzu” (dəstəmaz), Səd ibn Abdullah Əşəri Qumminin “Ehticac əl-şiə” (Şiələrin mübahisələri), “İmamə”, “Bəsair əl-dərəcat”, Himyəri Qumminin “Qürb əl-isnad”, Bərqinin “Məhasin” əsərləri, Fəzl ibn Şazanın və İbn Babiveyh Qumminin hədis kitabları, Keşşi, Nəcaşi, İbn Davud, Şeyx Tusi kimi müəlliflərin rical mövzusunda çalışmaları hədisçilik sahəsində qələmə alınmış ilk şiə mənbələrindən sayılır.

Miladi  IX-X  əsrlərdə  həm əhli-sünnə, həm də şiə məzhəblərinin ən mötəbər və samballı hədis məcmuələri yarandı. “Kütüb¬ əl-sittə”nin və “Kütüb əl-ərbəə”nin tərtib edilmə dövrü hədisçilik elminin zirvəsi sayılır.


Yerləşdirilib:3 May, 2017, Baxılıb:1607, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com