Osmanın qətlində kim maraqli idi: Əli yoxsa Müaviyə?

(üçüncü hissə)

Əvvəli (http://az.islam.az/article/a-888.html ; http://az.islam.az/article/a-889.html)

İmam Əliyə (ə) qarşı mübarizəsinə haqq qazandırmaq üçün Müaviyəyə tutarlı bəhanə lazım idi. Belə bir bəhanə onun tərəfindən ustalıqla uyduruldu. Müaviyə Əliyə (ə) qarşı bütün hərbi və siyasi fəaliyyətində bu bəhanəni həmişə əlində rəhbər tuturdu. Bu bəhanə – guya Həzrət Əlinin (ə) üçüncü xəlifə Osmanın qətlində pərdəarxası iştirak etməsi və sonra da Osmanın qatillərini gizlətməsi idi.

Lakin istər Müaviyə, istərsə də bu bəhanəni Əliyə (ə) qarşı irəli sürmüş digər şəxslər, o cümlədən, sonralar öz hərəkətindən peşman olmuş Ümmül-möminin Aişə xanım çox yaxşı bilirdilər ki, xəlifə Osmanın qətlində Əli ibn Əbu Talibin (ə) zərrəcə günahı yox idi. Əli (ə) əvvəlki iki xəlifə ilə olduğu kimi, Osman ibn Affanla da münasibətlərinin pozulmasını istəmirdi. Ona görə də, onun bütün çağırış və təkliflərinə ehtiramla yanaşır, yardım istəklərinə müsbət cavab verirdi. Xəlifə Osmanın Bəni-Üməyyəyə münasibətdə tərəfkeş mövqe tutması Əlinin (ə) nəzərindən yayına bilməzdi. Bu mövzuda Onunla Osman ibn Affan arasında dəfələrlə söhbət olmuşdu. Əli (ə) heç vaxt öz ağıllı və uzaqgörən məsləhətlərini xəlifə Osmandan əsirgəmirdi. Hətta üçüncü xəlifənin ən çətin günlərində – evinin mühasirəsi zamanı Əli (ə) Osmanla onun düşmənləri arasında barışıq yaratmağa çalışır, hər iki tərəflə danışıqlar aparırdı. Xəlifənin evini mühasirəyə alanlar evə gedən su yollarını bağlamışdılar. Həzrət Əli (ə) onlarla danışıq aparıb, xəlifənin evinə içməli su göndərməyə nail olmuşdu.

Bütün bunlara baxmayaraq, Müaviyə o həzrəti Osmanın qətlində ittiham edirdi. Tarix kitablarında yazılıb ki, Müaviyə üçüncü xəlifə Osman ibn Affanın qanlı köynəyini və hücumçulardan birinin qılınc zərbəsi ilə xəlifənin arvadı Nailənin kəsilmiş barmaqlarını Şama gətizdirib məsciddə asmışdı. Bu “əyani vəsaiti” Şam camaatına göstərməklə o, müsəlmanların dini hisslərini qıcıqlandırır və onları Əliyə (ə) qarşı qızışdırırdı (Şəblənci. Nur əl-əbsar fi mənaqib Ali-beyt əl-Nəbiyy əl-muxtar, səh. 99).

Çox maraqlıdır ki, üçüncü xəlifənin qətlindən sonra onun qanını almaq uğrunda göstərdiyi canfəşanlığa baxmayaraq, Müaviyə Osman ibn Affanın ağır günlərində ona qətiyyən yardım göstərmək niyyətində olmamışdı. Salnamələr xəlifə Osmanın mühasirə günlərində Müaviyəyə məktubla müraciət edib, ondan hərbi yardım istədiyini yazırlar. Müaviyə kifayət qədər əsgəri qüvvəyə sahib olduğu halda, Osman ibn Affanı xilas etmək üçün barmağını belə, tərpətmədi.

Yəqubi öz tarixində Osmanın son günləri barədə yazır: Osman Müaviyəyə məktub yazıb tələb etdi ki, tez onun yanına gəlsin. Müaviyə 12 min nəfərlik qoşunla Şamdan çıxıb Mədinəyə sarı üz tutdu. Amma yarıyolda qoşuna dedi: “Şiz Şam sərhəddində gözləyin. Mən gedib Əmirəl-mömininlə görüşüb vəziyyəti öyrənim”. Özü Mədinəyə – Osmanın yanına gəldi. Osman ondan gətirdiyi qoşunun sayını soruşanda belə dedi: “Gəldim ki, əvvəlcə sənin fikrini öyrənim, sonra əsgərlərimin yanına gedib onları bura gətirim”. Osman isə ona belə cavab verdi: “Vallah, yox, sən istəyirsən ki, məni öldürsünlər, sonra səs salasan ki, guya intiqamımı alırsan. Get, qoşunu bura gətir”. Müaviyə getdi, amma daha Osmanın yanına qayıtmadı (Yəqubi tarixi, 2-ci cild, səh. 72).

Başqa bir rəvayətə görə, Müaviyə Osmanın imdad dolu məktublarına cavab olaraq, gözdən pərdə asmaq üçün Yezid ibn Əsəd əl-Qəsrinin başçılığı altında Mədinəyə sarı ordu göndərmişdi. Amma sərkərdəyə tapşırmışdı ki, Mədinənin 8 fərsəxliyində düşərgə salıb gözləsin, onun icazəsi olmadan Mədinəyə daxil olmasın. Qoşun deyilən yerdə durdu və Osman qətlə yetirilənə kimi Müaviyədən heç bir xəbər gəlmədi.

İmam Əli ibn Əbu Talib (ə) bu olayları nəzərdə tutaraq, Müaviyəyə ünvanladığı məktubların birində yazırdı: “Osmanın qətli və qatilləri barədə çox danışırsan. Bil ki, sən Osmana yalnız öz xeyrinə olan zaman kömək etdin. Onun xeyrinə olan zaman isə onu tək buraxdın” (Nəhcl-bəlağə, 37-ci məktub).

Məşhur səhabələr Abdullah ibn Abbas, Ibn Tüfeyl, Əbu Əyyub Ənsari və baqşaları da sonralar Müaviyəyə məktub yazıb, xəlifə Osmanın qətlində məhz onun günahkar olduğunu bildirmişdilər. İbn Abbas məktubunda yazırdı:

“Allaha and olsun ki, sən Osmanın qətlini gözləyirdin və onun məhv olmasını istəyirdin. Vəziyyəti bilə-bilə camaatı ona yardım etməkdən çəkindirdin. Onun imdad və yalvarış dolu məktubu sənə çatanda etina göstərmədin. Ona üzrxahlıq xəbərini göndərdin. Amma bilirdin ki, camaat onu öldürməyincə sakitləşən deyil. Osman öldürüldü, necə ki sən bunu istəyirdin… Əgər Osman məzlumluqla öldürülübsə, ən böyük zalım sənsən” (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, 16-cı cild, səh. 155).

Müaviyə ilə Abdullah ibn Abbas arasında bu mövzuda baş vermiş daha bir mübahisəni Yəqubi öz tarixində qeyd edib. Hicri 44-cü ildə Müaviyə həccə gedir və sonra Mədinədə Bəni-Haşim nəslinin nümayəndələri ilə görüşür. Söhbət zamanı Müaviyə onları Osman ibn Affanın qətlində təqsirləndirib acı sözlər deyir. Bu zaman Abdullah ibn Abbas ona tutarlı cavab verir: “Ey Müaviyə! Bizə aid etdiyin hər pislik sənin özündədir. Dediyin cinayətlərə sənin bizdən daha artıq aidiyyətin var. Sən özün Osmanı öldürmüsən. Amma camaata deyirsən ki, guya onun qanını almaq istəyirsən!” Müaviyə bu sözləri eşidəndə utanıb pərt olur (2-ci cild, səh. 152).


Yerləşdirilib:28 Aprel, 2017, Baxılıb:2534, Çap
 

Son şərhlər : 1
Müəllif: Aise | 2 May, 2017  18:20
# Ответить
0


]]>]]>

"sonralar öz hərəkətindən peşman olmuş" Ümmül-möminin Aişə xanım dogurdanda peshman olsaydi,hz.Elinin.e.gozunun nuru,boyuk oglu,Imam Hesenin.e.babasinin yaninda defn olunmasina mane olmaz,Hezretin mubarek tabutunu ox atesine tutdurmazdi.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com