İrfan nədir?

(Şəhid Mürtəza Mütəhhərinin “İslami elmlərlə tanışlıq” kitabından. İkinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-891.html)

Nəzəri irfan

İrfanın digər bölümü varlığın təfsiri, yəni Allah, aləm və insanın izahı ilə məşğuldur. Əxlaq elminə bənzəyən və onun kimi insan təbiətini yaxşılığa doğru dəyişdirməyə çalışan əməli irfandan fərqli olaraq, irfanın bu bölümü (nəzəri irfan) fəlsəfəyə yaxındır və varlığı izah etməyə çalışır. Əməli irfan əxlaqla fərqli cəhətlərə malik olduğu kimi, nəzəri irfan da bəzi məsələlərdə fəlsəfədən fərqlənir.

İrfanın bu bölümü varlığın izahına çalışan ilahiyyat fəlsəfəsi ilə oxşardır. Ilahiyyat fəlsəfəsinin müəyyən predmet, metod və məsələləri olduğu kimi, irfan da özü üçün müvafiq elementlər müəyyən etmişdir. Lakin dəlillərində təkcə əqli prinsip və metodlara əsaslanan fəlsəfədən fərqli olaraq, irfan kəşfə (hissiyyatla dərketməyə) dayaqlanan prinsip və metodları əsas sayır, sonra onları ağla müvafiq surətdə izah edir.

Əqli fəlsəfi dəlillər yazıldığı dildə də oxunan orijinal kitaba bənzəyir. Irfani dəlillər isə başqa dildən tərcümə edilən mətn kimidir. Yəni arif (heç olmazsa, iddia etdiyi kimi) öz qəlb gözü və tamam vücudu ilə müşahidə etdiyi həqiqətləri ağıl dili ilə izah edir.

Varlığın irfani şərhi, yəni varlıq aləmi barədə irfani dünyagörüşü varlığın fəlsəfi şərhindən xeyli fərqlənir. Ilahiyyatçı filosofun nəzərində həm Allah, həm də Allahdan qeyri şeylər hamısı həqiqidir (əsldir). Fərq bundadır ki, Allah vacibül-vücud (mövcudluğu zəruri olan) və qaim biz-zatdır (öz zatına dayanıqlı, sabit və ehtiyacsızdır). Allahdan savayı hər şey isə mümkünül-vücud (mövcudluğu mümkün olan), qaim bil-ğeyr (başqasına dayanıqlı) və məluli-vacibül-vücuddur (vacibül-vücuddan törəmişdir).

Arif isə bu fikirdədir ki, Allahdan savayı heç nə Allah qarşısında qərar tuta biləcək vücuda malik deyildir (hətta mövcudluğunun səbəbi Allah olsa belə). Allahın vücudu hər şeyi əhatə etmiş və özündə toplamışdır. Hər şey yalnız Allahın ad, sifət, iradə və təcəllasıdır, ondan başqa bir şey deyildir.

Ümumiyyətlə, filosofla arifin dünyaya baxış tərzləri də fərqlidir. Filosof dünyanı dərk etmək istəyir. Çalışır ki, dünya barəsində düzgün, nisbətən ətraflı və mükəmməl təsəvvür əldə etsin. Filosofun fikrincə, insan kamilliyinin ən yüksək həddi budur ki, ağıl vasitəsilə dünyanı olduğu kimi qavrasın, dünya onun vücudunda dərk edilə bilən şəkil alsın...

Arif isə ağıl və fəhmə etina etməz. Arif istəyir ki, varlığın mənası və həqiqəti olan Allaha yetişsin, ona qovuşsun və onu müşahidə etsin.

Arifin fikrincə, təkcə varlıq haqqında təsəvvürün zehndə canlandırılması insanın kamilliyi üçün kifayət etməz. Kamillik seyrü-süluk yollarında addımlamaqla vaxtilə çıxdığı əsil məqama qayıtmaqdan, Allahla özü arasındakı məsafə və fasilələri aradan götürməkdən, yaxınlıq məqamında özünü fani edib, Allahla birgə baqi qalmaqdan ibarətdir.

Filosofun alət və vasitələri ağıl, məntiq və istidlal (əsaslandırma), arifinki isə ürək, daxili mübarizə, batini təlaş, hərəkət, təmizlik və paklaşdırmadır.

(Mürtəza Mütəhhəri. İslami elmlərlə tanışlıq, 2-ci cild, səh. 83-91)


Yerləşdirilib:26 Aprel, 2017, Baxılıb:1910, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com