İrfan nədir?

(Şəhid Mürtəza Mütəhhərinin “İslami elmlərlə tanışlıq” kitabından)

İslam mədəniyyətinin qucağında yaranmış, inkişaf etmiş və təkamül tapmış elmlərdən biri də irfan elmidir.

Müfəssir (təfsirçi), mühəddis (hədisşünas), fəqih (fiqh alimi), mütəkəllim (kəlam alimi), filosof, ədib, şair və sair təbəqələrdən arifləri fərləndirən mühüm bir cəhət vardır. Bu da ondan ibarətdir ki, ariflər mədəni təbəqə kimi mövcud olmaqdan, irfan adlı elm yaratmaqdan, öz sıralarında böyük alimlər yetişdirməkdən və əhəmiyyətli əsərlər yazmaqdan əlavə, həm də İslam dünyasında özünəməxsus cizgilərə malik ictimai dəstə (firqə) də yaratmışlar. Halbuki, fəqihlər, hikmət sahibləri və sair təbəqələr yalnız mədəni təbəqə olaraq qalmış və başqalarından seçilən dəstə kimi tanınmamışlar.

İrfan əhlini mədəni baxımdan yanaşdıqda “ariflər”, ictimai baxımdan yanaşdıqda isə çox vaxt “sufilər” adlandırırlar.

Ariflər və sufilər İslamda dini parçalanmanın məhsulu olmadıqlarına, heç bunun iddiasında da bulunmadıqlarına, bütün islami qrup və məzhəblərin daxilində yayıldıqlarına baxmayaraq, eyni zamanda, çox möhkəm və mütəşəkkil ictimai dəstə halındadırlar. Fikir və düşüncələri, xüsusi davranış qaydaları, geyim və zahiri görünüşlərindəki özünəməxsusluq, xanəgahlarda yaşamaları və s. xüsusiyyətlər onları özəl dini-ictimai qrup kimi fərqləndirmiş və hazırda da fərqləndirməkdədir.

Əlbəttə, hər yerdə (xüsusilə, şiəlik daxilində) zahirən başqalarından heç nə ilə fərqlənməyən, eyni zamanda, irfani seyrü-süluk əhli (haqq yolunun yolçusu) olan ariflər mövcud olmuşdur və hazırda da vardır. Özlərindən yüzlərlə dəb çıxarıb bidətlər icad edən dəstələrdən fərqli olaraq, əsil ariflər də elə onlardır...

İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən ibarətdir: əməli (praktiki) hissə və nəzəri hissə.

Əməli  irfan

Əməli irfan insanın özü, dünya və Allahla münasibətdə əlaqə və vəzifələrini açıb göstərir və bunları izah edir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir. Yəni, onun kimi praktiki elmdir (aralarındakı fərq bir qədər sonra göstəriləcək). İrfanın bu bölümünü “seyrü-süluk” elmi adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni tövhid mərhələsinə çatmaq üçün salikin (haqq yolçusunun) mənəviyyat səfərinə haradan başlayacağı, hansı mənzil və mərhələləri ardıcıllıqla keçəcəyi, yol boyunca bu mənzillərdə nə kimi hallarla üzləşəcəyi və hansı vəziyyətlərə düşəcəyi izah edilir. Əlbəttə, bütün bu mənzil və mərhələlər, həmin yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar olan kamil və yetkin bir şəxsin nəzarəti və rəhbərliyi altında keçilməlidir. Əgər həmin kamil insan bələdçilik etməsə, düzgün yoldan azmaq təhlükəsi yaranar.

Ariflər tərəfindən insaniyyətin ən yüksək nöqtəsi hesab edilən və seyrü-sülukun son məqsədi sayılan tövhidlə sadə camaatın, hətta filosofların tövhidi (yəni “vacibül-vücud (Allah) çox sayda deyil, yeganədir” prinsipi) arasında yerlə göy qədər fərq vardır. Arifin tövhidi budur ki, həqiqi mövcud olan yalnız Allahdır, Allahdan savayı hər şey görünüşdür (təzahürdür), varlıq deyil. Arifin tövhidi “Allahdan savayı heç nə yoxdur” deməkdir. Arifin tövhidi, yollar keçərək, Allahdan savayı heç nəyi görməmək mərhələsinə çatmaqdır.

Ariflərin əleyhdarları tövhidin bu mərhələsini təsdiq etmir, adətən, onu küfr və mülhidlik adlandırırlar. Amma ariflərin əqidəsincə, həqiqi tövhid elə budur, tövhidin digər mərhələləri isə şirkdən xali deyil. Ariflərin fikrincə, bu mərhələyə ağıl və düşüncə ilə deyil, ürəyin çalışma və mübarizələri, seyrü-süluk və ruhi təmizlənmə, paklanma yolu ilə çatmaq mümkündür.

Hər halda, irfanın bu bölümü (əməli irfan) ilə “Nə etməli?” sualına cavab axtaran əxlaq elmi arasında oxşarlıq vardır. Aralarındakı fərq isə aşağıdakılardan ibarətdir:

- Birincisi, irfan insanın özü, dünya (ətraf mühit) və Allaha əlaqələrindən bəhs edir və əsas diqqəti bəndə ilə Allah arasındakı rabitəyə yönəldir. Halbuki, heç də bütün əxlaqi sistemlər insanın Allahla rabitəsini araşdırmağı zəruri saymır, yalnız dini əxlaq sistemləri bu məsələyə əhəmiyyət və diqqət verir.

- İkincisi, qərarlaşmış və sabit xarakterli əxlaq elminin əksinə olaraq, irfani seyrü-süluk, adından da məlum olduğu kimi, təkamülpərvər mütəhərrik anlayışdır, yəni irfanda salikin ilk nöqtədən başlayaraq son mənzilə kimi ardıcıl surətdə keçəcəyi məqsəd, mənzil və mərhələlərdən bəhs edilir.

Arifin fikrincə, insan üçün real, şəkk-şübhəsiz bir sırat (yol) mövcuddur ki, onu mərhələlər, mənzillər üzrə qət etməlidir. Bu yolda bir mənzili keçmədən növbəti mənzilə çatmaq mümkün deyildir. Beləliklə, bəşər ruhu arifin gözündə bir bitki, yaxud körpə uşaq kimidir; onun kamilliyi xüsusi qanun üzrə inkişaf etməsindədir.

Əxlaq elmində isə bir sıra fəzilətlərdən – doğruculluq, düzlük, ədalət, iffət, yaxşılıq, insaf, fədakarlıq və s. bu kimi sifətlərdən söz açılır; ruh bunlarla bəzədilməlidir. Əxlaq nöqteyi-nəzərindən, insan ruhu naxışlarla bəzədilməsi lazım olan evə bənzəyir, amma işin hansı ardıcıllıqla görülməsi, haradan başlayıb harada qurtarmaq lazım gəldiyi göstərilmir. İzah edilmir ki, əvvəlcə tavanı, yoxsa divarı (və əvvəlcə hansı divarı) bəzəmək, naxışları divarın yuxarısından, yoxsa aşağısından vurmaq lazımdır.

Amma irfanda isə, əksinə, əxlaqi ünsürlər, necə deyərlər, dialektik formada, yəni hərəkətli şəkildə müzakirə olunur.

Üçüncüsü, ruhun əxlaqi ünsürləri (elementləri) məna və məfhum cəhətdən məhduddur və adətən, onları asanlıqla tanımaq olur. Ruhun irfani ünsürləri isə xeyli geniş və əhatəlidir. İrfani seyrü-sülukda bir sıra hal və emosiyalardan söz açılır ki, onları yalnız salik (haqq yolçusu) müəyyən mərhələləri keçmək, ruhi çalışmalar və mübarizələr aparmaq yolu ilə duya bilər. Başqaları bu vəziyyətlərdən xəbərsizdirlər.



Yerləşdirilib:21 Aprel, 2017, Baxılıb:1969, Çap
 

Son şərhlər : 1
Müəllif: Melek | 26 Aprel, 2017  00:26
# Ответить
0


]]>]]>

Cox xahis edrem sünnə namazı nece qılınır duaları və namaz qılma qaydasını paylaşardizda qadìnlar ucun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com