Ruhuna zülm edilən məzlum imam

(İkinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-888.html)

Müaviyənin oğlu Yezid də atasının qoyduğu dəbi davam etdirirdi. Kərbəla əsirləri Şama – onun hüzuruna gətiriləndə, Yezid xətibə tapşırmışdı ki, öz nitqini İmam Hüseynə (ə) və atasına lənətlə başlasın. Yeziddən sonrakı Əməvi xəlifələri də bu qaydaya riayət edirdilər. Bütün xilafət ərazisində oxunan hər bir xütbənin əvvəlində Əli ibn Əbu Talibə (ə) və övladlarına lənət və söyüş deyilirdi. 60 ildən sonra Ömər ibn Əbdüləziz bunu ləğv etdi və əksinə, lənətin əvəzinə Əhli-beytə salavat göndərməyi tapşırdı.

Əməvilər zamanında iş o yerə çatmışdı ki, hətta Həzrət Əli (ə) ilə eyni adı və künyəni daşımaq da qadağan edilmişdi. Yeni doğulan körpəyə “Əli” adını qoymaq körpənin atasını Əhli-beytə məhəbbətdə ittiham etmək üçün yaxşı bəhanə idi. Hətta yaşllı şəxslər belə, öz adlarını və künyələrini dəyişməyə məcbur olurdular. Məsələn, Həzrət Əlinin (ə) xilafəti zamanı – hicri 40-cı ildə Abdullah ibn Abbasın oğlu olanda uşağa ad qoymağı İmama həvalə etmişdilər. O həzrət körpəyə “Əli” adını və “Əbül-Həsən” künyəsini qoydu. Bu hadisədən 25 il sonra hakimiyyətə gəlmiş Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan bir gün Əli ibn Abdullah ibn Abbasa dedi: “Adını və künyəni dəyişdir. Mən sənin adına və künyənə dözə bilmirəm”. Əli ona belə cavab verdi: “Adımı dəyişə bilmərəm, amma künyəmi Əbu Mühəmməd etdim”. Həmin gündən Əli öz künyəsini dəyişdirdi (Əbu Nüeym İsfahani. Hilyət əl-övliya, 3-cü cild, səh. 207).

Bəni-Üməyyə xəlifələri İmam Əlinin (ə) və Onun övladlarının simasında öz məqsədlərinə çatmaq yolunda ən ciddi maneələrdən birini görürdülər və bütün səyləri ilə bu maneəyə qarşı savaşırdılar. Əhli-beytlə mübarizədə hər bir vasitədən – qılıncdan, puldan, vəzifədən, yalan və iftiradan istifadə edilirdi.

Bir gün İmam Zeynülabidin (ə) Əməvi xəlifəsi Mərvan ibn Həkəmlə görüşür. Mərvan o həzrətə belə deyir: “Bu qövm içində bizim ağamızı (yəni Osman ibn Əffanı) sizin ağanızdan (yəni Əli ibn Əbu Talibdən) daha çox müdafiə edən bir şəxs yox idi”. İmam soruşur: “Bəs, niyə minbərlər üstündən onu (yəni Əlini) söyürsünüz?” Mərvan cavab verir: “Bunsuz işimiz alınmaz” (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, 13-cü cild, səh. 220).

Bunu da qeyd edək ki, Həzrət Əli (ə) öz ruhuna söyüş və lənətlər deyiləcəyini və insanların bu işə məcbur olunacağını qabaqcadan bilirdi. O həzrət xütbələrinin birində belə buyurmuşdu: “Sizi məni söyməyə məcbur edəcəklər. Məni söyün (təhlükədən xilas olmaq üçün). Amma məndən bizarlıq bildirməyi sizə təklif edəndə, məndən bizarlıq etməyin. Çünki mən İslam dinindəyəm” (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 2-ci cild, səh. 423, 3423-cü hədis).

Bütün bu cinayətlər elə br şəraitdə baş verirdi ki, Peyğəmbərin dəfələrlə təkrar etdiyi “Hər kim Əlini söysə, məni söymüş olar” hədisini öz qulaqları ilə eşidən səhabələr hələ sağ idilər. İslam ümmətinin bəzi nüfuzlu şəxsləri camaatı bu iyrənc cinayətdən uzaqladırmağa çalışsalar da, azlıqda olduqları üçün, onların səyi heç bir nəticə vermirdi. Əbu Abdullah Cədəli adlı bir nəfər Müaviyənin hakimiyyət illərində Peyğəmbərin xanımı Ümmi-Sələməni ziyarət etməyə gələndə bu şərəfli qadın ondan soruşmuşdu: “Allahın Rəsulu yenə sizin tərəfinizdən söyülürmü?” Əbu Abdullah heyrət və dəhşət içində: “Allah eləməsin!” – deyə səsləndi. Bu zaman Ümmi-Sələmə dedi: “Allah Rəsulunun belə buyurduğunu özüm eşitmişəm: “Hər kim Əlini söysə, məni söymüş olar” (yux. mənbə, 3-cü cild, səh. 140, 4679-cu hədis). Kitabdakı növbəti rəvayətdə hədis daha geniş şəkildə verilib: “Hər kim Əlini söysə, məni söymüş olar. Hər kim məni söysə, Allah-təalanı söymüş olar” (yux. mənbə, 3-cü cild, səh. 140, 4680-ci hədis).

Ümmi-Sələmə ilə yanaşı, Abdullah ibn Abbas, Büreydə, Zeyd ibn Ərqəm, Həsən Bəsri, Səd ibn Əbu Vəqqas, Səid ibn Zeyd, Abdullah ibn Zübeyrin oğlu Amir və başqaları gah gizlində, gah da aşkarda müsəlmanları Əliyə (ə) qarşı söyüş və təhqir işlətməkdən çəkindirirdilər. Bəzən isə Əlini (ə) söyməyə məcbur edilən şəxs çarəsiz qalıb minbərə qalxır və deyirdi: “Xəlifə mənə Əlini lənətləməyi əmr edib. Allah ona lənət etsin!” Bu zaman həmin adam ürəyində Əlini (ə) yox, Müaviyəni nəzərdə tuturdu (Reyşəhri. Mövsuət əl-İmam Əli bin Əbitalib, 11-ci cild, səh. 367-386).


Yerləşdirilib:14 Aprel, 2017, Baxılıb:2966, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com