İmam Cəfər Sadiq (ə) və vəhdət

(Dördüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-879.html; http://az.islam.az/article/a-880.html; http://az.islam.az/article/a-883.html)

Yalnız Əli (ə) deyil, digər imamlar da həmişə İslam dininin mənafeyi naminə vəhdət ideyasını müdafiə etmiş, öz davranışları ilə buna nümunə olmuşlar. İmam Cəfər Sadiq (ə) kəlmeyi-şəhadəti söyləməyin müsəlmanlıq üçün kafi şərt olduğunu təsdiq edərək buyururdu: “İslam Allahdan başqa məbud olmadığına şəhadət vermək və Allah Rəsulunun (s) peyğəmbərliyini təsdiq etməkdir. Bununla canlar qorunar, nikah və irs məsələləri qüvvəyə minər. İnsan toplumu bu hökmün zahiri üzərindədir (yəni insanlara bu hökmün zahiri şamil olar)” (Üsuli-Kafi, II, 25).

Həmin kitabda yazılmış başqa bir hədis o həzrətin məsələyə münasibətini daha dolğun nümayiş etdirməkdədir:

İmam Sadiqin (ə) üç səhabəsi aşağıdakı suala cavab tapmaq üçün mübahisə edirlər: Şiə məzhəbindən olmayan şəxsin hökmü nədir; onu müsəlman saymaq olar, yoxsa olmaz? Onlardan biri deyir ki, imaməti qəbul etməyən kafirdir. İkincisi iddia edir ki, imamət barəsində heç məlumatı olmayan şəxsə kafir demək olmaz; lakin imamət haq¬qında məlumat aldıqdan sonra təəssüb üzündən qəbul etməzsə kafir olar. Üçüncü şəxs isə bu fikri müdafiə edir ki, əgər bir şəxs imaməti nə qəbul, nə də rədd etsə, kafir sayılmaz. Yəni bu məsələdə şəkki varsa, ona kafir demək olmaz.

Mübahisə edənlərin hər üçü həmin il Məkkəyə həcc ziyarətinə yollanır. Orada İmam Cəfər Sadiqlə (ə) görüşüb mövzunu ona danışırlar. İmam sualın əhəmiyyətini nəzər alaraq ona hamının hüzurunda Minada, cəməreyi-vüstanın (Şeytanı simvolızə edən orta sütun) yanında cavab verəcəyini elan edir. Təyin olunmuş vaxtda camaat İmam Sadiqin (ə) başına toplaşır. Həzrət soruşur: “Öz xidmətçilərinizin, həyat yoldaşlarınızın və ailə üzvlərinizin barəsində hansı fikirdəsiniz? Məgər onlar Allahdan savayı məbudun olmadığına inanmırlarmı?” Orada olanlar cavab verirlər ki, inanırlar. İmam Sadiq (ə) soruşur: “Həzrət Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirlərmi?” Səhabələr müsbət cavab verirlər. İmam davam edir: “Namaz qılır, oruc tutur, həccə gedirlərmi?” Qarşı tərəf cavab verir ki, bəli, onların xidmətçiləri və qohumları bütün bunları yerinə yetirirlər. Həzrət Sadiq (ə) imaməti qəbul etməyəni kafir bilən şəxsdən soruşur: “Bəs imamət mövzusunda necə? Onlar da sizin inandığınıza inanırlarmı?” Səhabə cavab verir: “Xeyr”. İmam sual verir: “Bu adamların barəsində sözün nədir?” Səhabə deyir: “Əqidəm budur ki, hər kim imamət məsələsini bilməsə, kafirdir!” Sonra Həzrət Sadiq (ə) digər müsəlmanlar və həccə gələnlər barəsində onun fikrini soruşur. Səhabə yenə həmin cavabı verir. İmam hər yolla onu fikrindən döndərməyə çalışır, lakin faydası olmur. Axırda İmäm Sadiq (ə) təəccüb qarışıq etiraz içində buyurur: “Sübhan Allah! Sənin dediklərin xəvaricin sözləridir!” (Üsuli-Kafi, II, 401).

Hədisdən göründüyü kimi, Həzrət Cəfər Sadiq (ə) imamət əqidəsini bölüşməyən şəxslərin İslamdan kənar sayılmasını, başqa sözlə desək, təkfir edilməsini caiz bilmir və bu düşüncə tərzini “xaricilik”lə eyniləşdirir. Həqiqətən, tarixdə “xəvaric” (xaricilər) adı altında tanınan qruplaşma tam anarxist mövqedən çıxış edərək, əslində hər yerdə qarışıqlıq və fitnə toxumu səpir, fərqli əqidəyə malik hər kəsi küfrdə ittiham edir, qanını halal bilirdi. Təəssüf ki, bu gün də həmin əqidədə olan şəxslərə rast gəlirik.

İmamlar öz tərəfdarlarına məsləhət görürdülər ki, hətta onların əqidəsini bölüşməyən insanlarla birgə camaat namazında iştirak etsinlər, qeyri-şiə imamların arxasında namaz qılsınlar, Mötəbər şiə mənbələrindən sayılan “Vəsailüş-şiə” kitabında bu mövzuda bir neçə hədis vardır. Orada fərqli sənədlərlə bir neçə dəfə rəvayət edilmiş hədisdə İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kim onlarla birlikdə birinci cərgədə namaz qılsa, sanki Allah Rəsulunun arxasında birinci cərgədə namaz qılmış kimidir” (Vəsailüş-şiə, VIII, 299-300).

Başqa bir hədisdə buyurulur ki, Həzrət Sadiq (ə) İshaq adlı səhabəsindən soruşdu: “Sən onlarla birlikdə məsciddə namaz qılırsanmı?” İshaq müsbət cavab verəndə İmam Sadiq (ə) buyurdu: “Onlarla birlikdə namaz qıl. Hər kim onlarla birlikdə birinci cərgədə namaz qılsa, Allah yolunda (cihad üçün) qılıncını sıyırmış kimidir” (Vəsailüş-şiə, VIII, 301).

(Aydındır ki, bu hədislərdəki “onlar” ifadəsi xəlifə tərəfindən təyin edilmiş qeyri-şiə imam-camaatların barəsində işlənib. Çünki hədislərin buyurulduğu dövrdə iri müsəlman şəhərlərinin heç birində şiələr açıq şəkildə camaat namazı qılmırdılar).

Aşağıdakı hədis də İmam Sadiqin (ə) şiə etiqadına zidd olan şəxslərə qarşı nə qədər barışdırıcı mövqe tutduğunu aşkar nümayiş etdirir. Səhabələrdən biri həzrətə müraciət edərək soruşur: “Namaz qıldığım yerin imam-camaatı bizə müxalif əqidəni daşıyır və bizim tərəfdarlarımıza (şiələrə) kin bəsləyir. Bu halda vəzifəmiz nədir?” İmam Sadiq (ə) cavab verir: “Onun dediklərindən sənə nə? Vallahi, əgər sözlərin doğrudursa, həmin məsciddə namaz qılmağa sənin ondan daha çox haqqın var. Məscidə hamıdan əvvəl gir, hamıdan axırda oradan çıx. Adamlarla yaxşı rəftar et, onlara xoş sözlər söylə” (Vəsailüş-şiə, VIII, 300).

İmam Sadiq (ə) şiə əqidəsini bölüşməyən şəxslərlə səmimiyyət və şəfqət əsasında rəftar etməyin zəruriliyini vurğulayaraq öz tərəfdarlarına tövsiyə edirdi: “Onların (qeyri-şiələrin) xəstələrini yoluxmağa gedin, onların dəfn mərasimində iştirak edin, məhkəmələrdə onların lehinə və əleyhinə şahidlik edin (yəni məhkəməni baykot etməyin) və onlarla birlikdə onların məscidlərində namaz qılın” (Vəsailüş-şiə, VIII, 301).

Əhli-beyt imamları yalnız digər məzhəb ardıcılları ilə deyil, qeyri-müsəlmanlarla da dözümlü davranırdılar. Məşhur “Tövhidi-Müfəzzəl” risaləsinin qələmə alınma əhvalatında da buna işarə vardır. İmam Sadiqin (ə) tələbəsi Müfəzzəl ibn Ömər Cüfi Kufi bir gün məsciddə dəhri (o zaman materialistləri belə çağırırdılar) əqidəli filosof İbn Əbil-Ovcanın Allahı inkar edən çıxışını eşidir. Müfəzzəl bərk qəzəblənib İbn Əbil-Ovcanı acılayır, təhqir edir. Bu zaman İbn Əbil-Ovca onun İmam Sadiqə (ə) layiqli tərəfdar olmadığını söyləyir. O, deyir ki, Cəfər Sadiq (ə) mənimlə dəfələrlə elmi mübahisə aparıb, sənin eşitdiyindən daha artıq və daha sərt sözlərimi dinləyib. Amma həmişə səbirlə davranıb, mənimlə rəftarda həddi aşmayıb, söyüş söyməyib, sübutlarıma tutarlı cavablar verib.


Yerləşdirilib:29 Mart, 2017, Baxılıb:1871, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com