Hədis haqqında bildiklərimiz və bilmədiklərimiz

(birinci hissə)

“Hədis” sözünün lüğətdəki mənası

“Hədis” sözünün ərəb dilindən tərcüməsi “yaranmış, icad edilmiş” deməkdir. “Hadisə” sözü də eyni kökdəndir, hər hansı şəxs (qüvvə) tərəfindən yaradıldığı üçün belə adlandırılır. Eləcə də, hədis ərəb dilində “söz, söhbət, xəbər” mənalarını ifadə edir. Səbəb budur ki, söz hər hansı şəxs tərəfindən yaradılır (həm məna baxımından beyində düşünülüb hazırlanır, həm də tələffüz edilib ərsəyə gətirilir). Şəriətdə “hədəs” sözü dəstəmazı və qüslü pozan hallar mənasında işlədilir ki, bu da həmin halın sonradan yaranmış olduğunu ifadə edir. Quranla bağlı mövzulardan birində də bu kökdən qaynaqlanan “hadis” sözü müzakirə edilir. Miladi VIII-IX əsrlərdə İslam alimləri arasında Quranın Allahın özü qədər qədim olması, yoxsa sonralar Allah tərəfindən yaradılması barədə çox qızğın mübahisələr gedirdi. İkinci mövqeni müdafiə edənlər termin olaraq Qurani “hadis”, yəni sonradan yaradılmış, qədim olmayan adlandırırdılar.

Quranda “hədis” sözü

Qurani-kərimdə “hədis” ifadəsinə 23 dəfə rast gəlirik. Aşağıdakı ayələrdə “hədis” sözü “hekayət, xəbər” mənasını verir: “Musanın hekayəti sənə gəlib çatdımı?” (Taha, 9 və Naziat, 15). “İbrahimin möhtərəm qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?” (Zariyat, 24). “Orduların xəbəri gəlib sənə çatdımı?” (Büruc, 17). “Ğaşiyənin (qiyamətin) xəbəri sənə gəlib çatdımı?” (Ğaşiyə, 1).

“Kəhf” surəsinin 6-cı, “Vaqiə” surəsinin 81-ci, “Qələm” surəsinin 44-cü və “Nəcm” surəsinin 59-cu ayələrində “hədis” sözü Allahın kəlamı, yəni Quran mənasında işlənir.

Əksər ayələrdə isə “hədis” ifadəsi “söz, söhbət” mənasını bildirir (Nisa, 42, 78, 87 və 140; Əraf, 185; Ənam, 68; Loğman, 6; Yusuf, 111; Əhzab, 53; Zümər, 23; Casiyə, 6; Tur, 34; İbrahim, 3; Mürsəlat, 50). Göründüyü kimi hətta xəbər, hekayət və Quran anlayışları da sonunda söz, kəlam mənası ifadə etdiy üçün ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, bütün ayələrdə “hədis” sözü ya birbaşa, ya da dolayısı ilə “söz” mənasını ifadə edir.

Terminoloji mənada hədis

Dini anlamda hədis – Həzrət Mühəmməd Peyğəmbərin (s) söylədiyi sözlərə deyilir (şiə məzhəbində məsum imamların da kəlamları hədis sayılır). Hədis sünnənin tərkib hissəsidir. İslam düşüncəsin¬də hədis Qurani-kərimdən sonra ikinci mö¬təbər mənbədir. Çünki Qurani-kərimin: “O (Peyğəmbər), kefi istəyəni danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir” (Nəcm, 3-4) ayəsinə əsasən, Həzrət Mühəmməd Peyğəmbərin (s) bütün sözləri doğrudur, düzgündür, insanları hidayət et¬mək gücünə malikdir. Hədis bütün İslam məzhəblərində dini hökmlərin əsaslandırılması (istinbat) zamanı Qurani-kərimdən son¬ra ilk yerdə durur. İcma, qiyas, ağıl kimi üsullar Quran və sünnədən (hədisdən) sonra gəlir və bu ikisində qəti hökm (nəss) olma¬dığı zaman tətbiq edilir.

Hədis nədən ibarətdir?

Hədis “sənəd” və “mətn” adlı iki hissədən ibarət olur. Mətn hədisin məzmunu və möhtəviyyatı deməkdir.

Sənəd isə hədisi rəvayət edən şəxslərin (bunlara ravi deyilir) hədisi bir-birindən nəql etmə ardıcıllığını əks etdirir və ravılərin adlarının sıralanmasından ibarət olur. Hədis bir ravidən o birinə eşitmə (sima), imla (diqtə), yazdırma (kitabət), yazısından oxumaq yolu ilə ötürülür. Bəzən də bir ravi sənəd zənciri ilə ona yetişən hədisi (və ya hədisləri, hətta hədis kitablarını) sonrakilara rəvayət etməsi üçün növbəti raviyə yazılı və ya şifahi icazə verir. İslam tarixində onlarla, hətta yüzlərlə ravidən və hədis alimindən rəvayət icazəsi almış şəxslər olmuşdur. Məsələn, Şəhidi-əvvəl ləqəbli alimin təxminən min nəfərdən hədis rəvayəti və ictihad icazəsi aldığı məlumdur. Mərhum Ayətullahül-üzma Nəcəfi Mərəşi isə 400 nəfərdən artıq hədis alimindən rəvayət icazəsi almışdı. Maraqlıdır ki, hər iki alim cəfəri məzhəbindən olsa da, onların hədis şeyxlərinin (yəni hədis icazəsi aldıqları alimlərin) arasında əhli-sünnədən də xeyli elm adamı vardı. Keçmişdə bəzi alimlər müəyyən hədisin yalnız bir nəfər tərəfindən sənədlə rəvayət edildiyini eşidincə, uzaq məsafələr qət edir, həmin hədisi o alimin dilindən eşitmək üçün başqa şəhərə (hətta başqa ölkəyə) gedir və ravi ilə görüşüb ondan hədisi dinləyirdilər. Sənədin başlanğıcında bir qayda olaraq, hədisin yazıya alınmasın¬dan qabaqkı son ravinin adı gəlir. Hədis yazıya alındıqdan sonra onu, sənədinə əlavə etmədən, həmin kitaba istinadən rəva¬yət edirlər.



Yerləşdirilib:12 Mart, 2017, Baxılıb:2161, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com