Hədislərdə vəhdətə çağırış

(İkinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-879.html)

Həzrət Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə köçdükdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq oldu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə Peyğəmbər hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi.

Allahın Rəsulu (s) bu hərəkətlə uzaqgörən bir addım atmış oldu. Çünki iki fərqli cəmiyyətin (mühacir və ənsar) qəfil təması nəticəsində ciddi problemlər yarana bilərdi. Əvvəla, mühacirlər 13 il Peyğəmbərin (s) tərbiyəsi altında qərar tutduqları halda, ənsar bu şərəfdən məhrum idi. Cahiliyyə düşüncəsindən hələ tam azad olmamış bir cəmiyyətdə qəbilə təəssübkeşliyinin izləri güclü idi. Üstəlik, Yəsribdə (Mədinədə) yaşayan münafiqlər də mühacirlə ənsar arasında qarşıdurma yaratmaq üçün səylərini əsirgəmirdilər. Belə bir şəraitdə yarana biləcək problemlərin qarşısını almaq üçün ən səmərəli tədbir məhz bu iki cəmiyyət arasında qardaşlıq əhdi bağlamaqdan ibarət idi.

Həzrət Məhəmməd Peyğəmbər (s) kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul edirdi:“Kim: “La ilahə illəllah” – deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhih Müslim, hədis 37 (130).

“Sünən İbn Macə”də rəvayət edilir ki, Peyğəmbərimiz (s) buyurmuşdur: “Hər kim: “Allahdan başqa tanrı yoxdur; O, təkdir və şəriksizdir; Məhəmməd Onun (Allahın) bəndəsi və elçisidir” – desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (yəni günah edərsə), ona cəza tətbiq olunar” (Sünən İbn Macə, hədis 2539).

Həmin kitabdakı başqa bir hədisə görə Həzrət Məhəmməd (s) buyurmuşdur: “Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür” (Sünən İbn Macə, hədis 3940).

İmam Əli (ə) və vəhdət

İslam Peyğəmbərinin (s) vəfatından sonra İmam Əli (ə) özünü o həzrətin qanuni canişini saydığı halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Həzrət Əli “Nəhcül-bəlağə”dəki məşhur Şiqşiqiyyə xütbəsində öz vəziyyətini belə təsvir edirdi: “Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim) yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm...” (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi (üçüncü xütbə).

Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: “Mən gördüm ki, səbr etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din silkələnən bir qaba bənzəyirdi. Kiçik bir təkan onu məhv edərdi; hətta ən zəif və gücsüz bir insan da fürsətdən istifadə edib dinə sağalmaz zərbə vura bilərdi” (Mürtəza Mütəhhəri. Nəhcül-bəlağəyə bir baxış, s. 180).

Peyğəmbərin (s) vəfatəndan sonrakı çətin dönəmdə münafiqlərin başçısı Əbu Süfyan fürsəti qənimət bildi, həm İslama sarsıdıcı zərbə vurmağa, həm də siyasət meydanına qayıdıb əvvəlki nüfuzunu bərpa etməyə cəhd göstərdi. O, Peyğəmbərin (s) vəfatından və camaatın Əbu Bəkrə beyətindən az sonra İmam Əlinin (s) yanına gəldi, xilafəti ələ keçirmək üçün silahlı mübarizə təklifini irəli sürdü. Əbu Süfyan Əliyə (ə) vəd etdi ki, Mədinə şəhərini süvari və piyada əsgərlərlə doldurmağa imkanı vardır. Amma İmam Əli (ə) onun məqsədini başa düşərək qətiyyətlə rədd cavabı verdi.

“Nəhcül-bəlağə”nin şərhçisi və şafii məzhəbinin ardıcılı İbn Əbil-Hədid yazır ki, Peyğəmbərin (s) vəfatının ardınca Əbu Bəkrin xəlifə seçilməsindən sonra İmam Əlinin (ə) tərəfdarlarından biri Mədinə küçələrini dolaşıb uca səslə öz yazdığı bir şeiri oxumağa başladı. Şeirdə xilafətin Əliyə (ə) məxsus olması iddia olunur və xəlifə seçkisi tənqid atəşinə tutulurdu. İmam Əli (ə) onun səsini eşidən kimi xəbər yollayıb tapşırdı ki, hərəkətindən əl çəksin. Bu zaman İmam aşağıdakı cümləni söylədi: “Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm” (İbn Əbil-Hədid. Nəhcül-bəlağənin şərhi, VI, 21).


Yerləşdirilib:9 Mart, 2017, Baxılıb:1620, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 9 Mart, 2017  23:45
# Ответить
+1


]]>]]>

Səbrivə qurban Ya Əli(əs)!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com