Quranda vəhdətə çağırış

Allah-Təalanın bəşəriyyətə son və ən kamil mesajı olan Qurani-Kərimdə insanlar arasında dostluq və qardaşlıq ideyası həmişə diqqət mərkəzində saxlanılır. Ayələrdə hamının bir ata və anadan, yəni Həzrət Adəm (ə) və Həvvadan yaradıldığı dönə-dönə vurğulanır, bununla da hamının eyni kökə mənsubluğu və hər kəsin o birinə uzaq qohum gözü ilə baxmasının zəruriliyi qabardılır:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” (Hucurat, 13).

Göründüyü kimi, ayədə Allah insanları sülhə və əmin-amanlığa dəvət etməklə, fərqliliklərin kökünü göstərməklə yanaşı, təqvanı vurğulayır və bizi öz məsuliyyətimizi unutmamağa çağırır. Müsəlmanlar fərqliliklərə təfriqə kimi deyil, əksinə, zənginlik kimi baxmağı bacarmalıdırlar.

Qurani-Kərim yalnız müsəlmanları deyil, digər dinlərin ardıcıllarını da, xüsusilə, vahid Yaradanı qəbul edən inanc sahiblərini anlaşmaya və dialoqa səsləyir: “(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” (Ali-İmran, 64).

Quranda nəinki kitab əhlinə, hətta bütpərəst və müşrik kafirlərə münasibətdə də müəyyən normaları gözləmək müsəlmanlara əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər” (Ənam, 108).

Keçmiş ümmətlərin də tarixində bu kimi misallara rast gəlirik. Allah-Təala Həzrət Musa (ə) və Həzrət Harunu (ə) Fironu hidayət etmək üçün göndərəndə onlara Fironla yumşaq danışmağı buyurmuşdu: “Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha, 43-44).

İslam Peyğəmbərinin (s) mülayim və mehriban təbliğ üsulu da Allah-Təalanın ona ünvanlanmış bu əmrinə əsaslanırdı: “(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (Nəhl, 125).

Əgər Allah-Təala hətta müşriklərə və qeyri-müsəlmanlara qarşı bu qədər tolerantlıq və yumşaqlıq göstərməyimizi tələb edirsə, öz müsəlman qardaşımızla münasibətdə necə mehriban davranmalı olduğumuzu təsəvvür etmək çətin deyil.

Qurani-Kərim baxımından müsəlmanların zəifliyinin əsas səbəbi məhz onların ortaq dəyərlər ətrafından dağılmalarında və bir-birinə qarşı çıxmalarındadır. Halbuki bu ortaq dəyərlərə sadiqlik onlara qüvvət bəxş etməlidir. Əgər arada müəyyən narazılıqlar yaranarsa, Allah müsəlmanları səbr etməyə, güzəştə getməyə, bir-birinin nöqsanını qabartmamağa çağırır: “Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir” (Ənfal, 46).

Qurani-kərim öz din qardaşlarına yalnız xeyir arzulayan, onlara kin bəsləməyən, əksinə, onlar barəsində həmişə xeyir dua edən müsəlmanı kamil mömin modeli olaraq təqdim edir: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 10).

Uca Yaradan Qurani-kərimdə dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya dəvət edir. “Ali-İmran” surəsinin 103-cü ayəsində Allah-Təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).

Başqa bir ayədə bu fikir daha da qüvvətləndirilir: “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!” (Hucurat, 10).

Daha bir ayədə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!” (Ali-İmran, 105).


Yerləşdirilib:3 Mart, 2017, Baxılıb:1494, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com