Elm və təfəkkür ibadəti əvəz edirmi?

(üçüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-873.html; http://az.islam.az/article/a-874.html).

Elm və düşüncəni ibadətdən üstün təqdim edən hədislərə ötən məqalələrdə münasibət bildirmişdik. Bu məqalədə məsələyə fərqli müstəvidən nəzər salmağa çalışacağıq.

Bəziləri belə güman edirlər ki, müxtəlif variantlarda məlum olan və möhtəvası “elm (və ya təfəkkür) ibadətdən əfzəldir” mənasını ifadə edən hədislərdə ibadətin lazımsızlığı vurğulanıb. Guya bu hədislər elm öyrənməyi və düşünməyi ibadətin əvəz edicisi kimi tanıtdırır. Bəzi qüvvələr qərəzli şəkildə bu istiqamətdə təbliğat aparır, elm və təfəkkür olan yerdə ibadət tələb olunmadığını insanlara təlqin edirlər.

Halbuki, aydın məsələdir ki, iki məhumun bir-biri ilə müqayisəsi və birinin üstün sayılması heç də həmişə onu ifadə etmir ki, ikinci məhfum lazımsızdır və birinci onu tam əvəz edə bilər. Əlbəttə, bəzi hallarda bu iddianın doğru olması mümkündür. Bu, o zaman ola bilər ki, müqayisə edilən iki məfhumun təyinatı, mahiyyəti eyni olsun. Məsələn, bir nəfər öz dostuna qələm verib təklif edir ki, yazını bu qələmlə yazsın. Dostu isə cibindən öz qələmini çıxarıb söyləyir ki, ehtiyac yoxdur, mən öz qələmimlə yazacağam; çünki mənim qələmim daha yaxşıdır. Bu misalda hər iki əşya eyni məqsədə xidmət edir, onların mahiyyəti və təyinatı eynidir. Söhbət iki oxşar məfhumdan – iki qələmdən gedir. Qeyd edək ki, burada bir əşyanın o birindən üstün olması iddiasının özü də mübahisəlidir. Əgər bu misalda adam öz qələminin daha yaxşı olduğunu söyləyirsə, o demək deyil ki, onun sözü doğrudur. Adam bu sözü qərəzlə də deyə bilər, həqiqətdən xəbərsiz olub səhv söyləməsi də mümkündür...

Amma əgər iki fərqli təyinatlı məfhum müqayisə edilirsə, bunların bir-birini əvəz etdiyini söyləmək yanlışdır. Məsələn, hansısa kitabda oxuyuruq: “İnsan üçün su çörəkdən daha vacibdir. Çünki insan çörəksiz bir neçə ay dözər, amma susuz cəmi bir neçə gün qala bilər”. Bu müqayisədə su çörəkdən daha mühüm və üstün tutuldu. Lakin su çörəyi əvəz etməyə qadir deyil. İnsan yalnız su ilə yaşaya bilməz. Baxmayaraq ki, onun həyatı üçün su daha vacibdir, amma çörəyin də zərurəti inkaredilməzdir. Kimsə suyun çörəyi əvəz edə biləcəyini söyləsə, bu fikir absurd sayılar.

Yaxud başqa bir misal çəkək. Fərz edək ki, bir şəxs “orkestrdə skripkanın səsi fleytanın səsindən daha gözəldir” iddiasını irəli sürür. Onun bu iddiası hətta doğru ola da bilər. Amma skripkanın səsi heç zaman fleytanın səsini əvəz etməyə qadir deyil. Orkestrin bir musiqini gözəl şəkildə ifa etməsi üçün hər iki musiqi alətinin səsinə ehtiyac vardır. Orkestri nə skripkasız, nə də fleytasız təsəvvür etmək mümkün deyil.

İndi isə hədislərə qayıdaq. Elm öyrənməyin və təfəkkürün ibadətdən üstün olması onların ibadəti əvəz edə bilməsi mənasını verməz. Bunların hər birinin öz yeri və öz əhəmiyyəti vardır. Elm və təfəkkür ibadətlə birləşdikdə lazımi müsbət nəticəni meydana çıxarır. Elm və təfəkkür ibadətə möhkəmlik gətirir. Bəli, elmsiz qılınan namaz Allah dərgahında savaba layiq olmaz. Amma ibadətlə, təslimiyyətlə, bəndəliklə yekunlaşmayan elmin və təfəkkürün də zərrəcə faydası yoxdur.

Məhz bu baxımdan hədislərdə yalnız elm və ibadət deyil, onların sahibləri də müqayisə edilib. Alimlər abidlərdən daha yüksək məqama layiq tutulublar. Çünki onlar özlərindən əlavə, başqalarını da irşad etməyə, ətrafdakılara yol göstərməyə qadirdirlər. Abid yalnız öz aqibətini düzəldir. Alim isə öz elmi ilə başqalarını da hidayət edib, agah ibadətə doğru yönəldir.

Qurani-Kərimin Fatihə surəsinin məşhur ayəsi də bu kontekstdən baxarkən maraqlı məna ifadə edir: “Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik”. Ayənin birinci hissəsi ibadətdən, ikinci hissəsi isə duadan söz açır. Dua təfəkkürün nəticəsidir. İnsan Allahın qüdrətini, mərhəmətini, hikmətini düşünür, əlacını Onda tapır və Onun dərgahına əl açır. Kənar yardımlardan əl üzüb Allaha bağlanır. Bu ayədə də ibadət və təfəkkür yanaşıdır. Bunların biri o birini əvəz etmir və bu iki məfhum təcrid olunmuş halda deyil.


Yerləşdirilib:22 Fevral, 2017, Baxılıb:1934, Çap
 

Son şərhlər : 3
Müəllif: Nazim | 22 Fevral, 2017  20:31
# Ответить
+1


]]>]]>

Salamun aleykum.Qısasi elm,təfəkür və ibadət birlikdə kamillik təşkil edir.Bir başqa maraqli prizmadanda bu movzuya yanaşma bu məhfumlarin biri biri ilə sıx əlaqəli olduğunu göstərir.Həyat praktikasında bir cox hallarda dinə maraqı olmayan adamların dəqiq və humanitar elmlər vasitəsilə dinə gəldiyinin və həmcinində dünyavi elmlərə tamamilə laqeyd insanlarin ibadətin vasitəsilə bu elmlərin zəruriliyini anlayib onlara maraq göstərib öyrənməsinin şahidiyik.Hər iki halda təfəkkür labüddür.Buda ücünün birlikdə daha mükəmməl və üstün oldiğunu təsdiqliyir.
Müəllif: Nazim | 22 Fevral, 2017  20:44
# Ответить
+1


]]>]]>

Bu üc məhfumun əvəzedici rol oynamasi əlbətdəki mümkünsüz lakin birinin digərini ortaya cıxarmasına səbəb olaraq mövcuddur.Əgər Alim Allah Quranda və Əhli-beyt(əs) hədislərdə bu dəyərlərin ücünündə mühümlüyünü vurğulayırsa demək kamillik bunlarin ücünədə bağlıdır və biz insanlari daima kamilliyə səsləyirlər cunki hər bir dəyər tamamlanmaqla öz əsl qitmətini tapır.
Müəllif: Nazim | 22 Fevral, 2017  21:07
# Ответить
+1


]]>]]>

Bir başqa müstəvidəndə bu mövzuya baxmaq olar,hədislərə əsasən nəzərə alsaqki Allah raziliği ücün olunan hər bir əməl hətda yatmaq belə ibadətdir,onda qalan iki məhfum barəsində danışmaq artıq olardı və cəmi müsbət məhfumlari bir adla əhatə edib konkretləşdirərək ibadət adlandırmaq olar.Bu baxışların cadəcə bir necəsidir,hələ cox məntiqli nöqteyi nəzrlər mövcuddur.Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com