Elm və təfəkkür ibadəti əvəz edirmi?

Məsumlarımızın mübarək hədisləri öz dərin məna yükü, qəlbə aramlıq verən gözəl bəyan tərzi ilə yolumuza işıq saçır. Çətinlik anında, mürəkkəb vəziyyətlərlə qarşılaşanda bu hədisləri oxuyur, onlardan mənəvi güc alır, çıxış yolunu öyrənirik. Qurani-Kərimin ayələrindən sonra məhz hədislər əsas müraciət mənbəyimiz, ümid qapımızdır.

Amma bəzi hədislər zaman-zaman bir qisim insanlar tərəfindən düzgün mənada anlaşılmamış, onlara ziddiyyətli və bəzən həqiqətə əks olan izahlar verilmişdir. Dindən sui-istifadə edən qüvvələr bu hədislərə öz istədikləri şəkildə şərh verir, öz məqsədlərini həyata keçirmək üçün müqəddəs kəlamları istismar edirlər. Bunu nəzərə alaraq hesab edirik ki, müqəddəs kəlamların həqiqi mənasını insanlara çatdırmaq, təhrifləri aradan qaldırmaq və sui-istifadələrin qarşısını almaq xüsusi əhəmiyyət daşıyan məsələlərdir.

Düzgün şəkildə təqdim edilməyən, təhrif olunan mövzulardan biri də insan həyatında ibadətin rolunu əskiltmək cəhdləri ilə bağlıdır. “İbadət etmək vacib deyil”, “bizim namazımıza Allahın ehtiyacı yoxdur”, “təki adamın ürəyi təmiz olsun”, “mən ibadətdən daha mühüm işlərlə məşğulam” məntiqi ilə çıxış edən şəxslər bu yolda hətta məsumların hədislərini də qərəzli şəkildə istismar etməkdən çəkinmirlər. Və bu zaman ən çox istinad etdikləri sübutlardan biri də “bir saat elm öyrənmək yetmiş illik ibadətdən daha üstündür” mənasını verən hədislərdir.

Qeyd edək ki, dini mətnlərimizdə elm və təfəkkürü, eləcə də, digər əməl və davranışları ibadətdən üstün dəyərləndirən xeyli hədislər mövcuddur. Doğrudur, xalq içində məşhur olmasına baxmayaraq, “bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən daha üstündür” şəklində hər hansı səhih və mötəbər hədisə mənbələrdə rast gəlmirik. Lakin bu mənaya yaxın olan başqa hədislər vardır ki, onlardan bəzilərini nümunə kimi aşağıda qeyd edirik.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur:

“Elmin fəziləti mənim üçün ibadətin fəzilətindən daha sevimlidir” (Bəsairüd-dərəcat, 3-cü cild, səh. 7).

“Az elm çox ibadətdən daha xeyirlidir” (Məhəccətül-beyza, 1-ci cild, səh. 22).

“Elm öyrənmək Allahın nəzdində namazdan, orucdan, həcdən və Allah yolunda cihad etməkdən üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1902).

“Bir saat elm öyrənmək gecə (ibadət edərək) oyaq qalmaqdan üstündür. Bir gün elm öyrənmək üç ay oruc tutmaqdan üstündür” (Nəhcül-fəsahə, səh. 556, hədis 1903).

Bir qrup hədislərdə isə düşünmək və təfəkkürlə məşğul olmaq ibadətlə müqayisə edilir və üstünlük təfəkkürə verilir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: “Bir saat düşünmək min illik ibadətdən yaxşıdır” (Misbahüş-şəriə, səh. 114).

Hər şeydən əvvəl bunu aydınlaşdırmalıyıq ki, bu hədislərdə elm və təfəkkür deyilərkən nə nəzərdə tutulur? İbadətdən qat-qat üstün olan hansı elm və hansı düşüncədir? Öyrənilən hər elm və beyni məşğul edən hər düşüncə bura aiddirmi?

Bu sualın da cavabı hədislərdə vardır. Məsumlarımız öz kəlamlarında ibadətdən üstün dəyər verdikləri elm və təfəkkürün nədən ibarət olduğunu bəyan etmişlər.

İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyətində buyurmuşdur: “Heç bir ibadət Allahın yaratdıqları barədə düşünmək kimi (fəzilətli) ola bilməz” (Biharül-ənvar, 71-ci cild, səh. 324).

İmam Cəfər Sadiq (ə) buyurub: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə ardıcıl düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).

İmam Rzadan (ə) rəvayət edilib: “İbadət namazın və orucun çoxluğunda deyil. İbadət Allahın işləri (qüdrəti, yaratdıqları) barədə düşünməkdir” (Üsuli-Kafi, 2-ci cild, səh. 54).

Göründüyü kimi, burada insanı Allaha doğru aparan, insanın imanını möhkəmlədən, yəqinini artıran biliklər və düşüncələr nəzərdə tutulur. İnsanı günaha sürükləyən, eləcə də, yalnız dünya ehtiyaclarına cavab verən, imanına, axirətinə fayda yetirməyən elm və təfəkkürü bura aid etmək olmaz. Allahın qüdrəti və ayətləri (nişanələri, əlamətləri) barədə düşünmək insana iradə möhkəmliyi, aramlıq gətirir, onu günahların qarşısında mətin edir, Allahdan başqa heç bir qüvvənin qarşısında əyilməyə qoymur. Diqqət yetirilməli məsələ budur ki, hədislərin hər birində düşüncənin qısamüddətli olması deyil, ardıcıl və davamlı olması şərt qoyulur. İnsan yalnız çətinliyə düşəndə, problemdən çıxış yolu axtaranda deyil, xoş vaxtlarında da Allah barədə düşünməlidir...


Yerləşdirilib:15 Fevral, 2017, Baxılıb:1858, Çap
 

Son şərhlər : 2
Müəllif: alim | 15 Fevral, 2017  16:06
# Ответить
0


]]>]]>

"bir saat elm öyrənmək yetmiş illik ibadətdən daha üstündür." kimi hedislerde sadece dini elmler nezerde tutulub.
Müəllif: Nazim | 16 Fevral, 2017  14:28
# Ответить
+1


]]>]]>

Salam aleykum.Bunu belə izah etmək olar,məsəlcün bir fərd elm öyrənib mücdəhid olur və milyonlarla ibadət edənləri Allaha sari yönləndirir,və yaxudta bir kəs elm öyrənib mühəndis olur və milyonlarla ibadət edən insanlar ücün yol cəkir və ya onlar ücün bina tikir və ya özü qarişiq milyonlar ibadət edən ücün məscid inşa edir vəya tayyarə,raket hazirlayib milyonlar hacinin Məkkəyə gəlməsinə vasitəci olur və sair və ilə axır.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com