Cəhənnəm əzabı necə əbədi ola bilər?

Allah-Təala Qurani-Kərimdə cəhənnəm əhlindən danışarkən, dönə-dönə vurğulayır: “Onlar orada (cəhənnəmdə) həmişəlik qalacaqlar”. Bəzi hədislər də cəhənnəm əzabının əbədi olacağını təsdiq edir.

Məsələn, İmam Mühəmməd Baqir (ə) buyurub: “Cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə daxil edildikdən sonra ölüm onların qarşısına gətirilər və ölümün başı kəsilər. Sonra onlara deyilər ki, siz bu yerdə əbədi qalacaqsınız və ölümün sizə yolu yoxdur” (Əllamə Məclisi, Biharül-ənvar, VIII, 347; hədisdə ölümün başının kəsilməsi ifadəsini simvolik mənada qəbul etmək lazımdır). Səhihi-Müslimdə də Peyğəmbərdən buna oxşar hədis vardır. Buradan görünür ki, cənnət əhlinin cənnətdən, cəhənnəm əhlinin isə cəhənnəmdən çıxmaq imkanı olmaz, hətta ölüm də onların halına təsir göstərə bilməz. Yəni axirət həyatında ölüm olmayacaq ki, cənnətdəkilərin həzzinə, cəhənnəmdəkilərin əzabına son qoya bilsin.

Cənnət nemətlərinin əbədi olacağı və cənnət əhlinin oradan çıxarılmayacağı barədə müsəlmanlar arasında fikir ayrılığı yoxdur, hamı bunu təsdiq edir. Əsas iradlar cəhənnəmdəkilərin əzabının əbədiliyinə qarşı irəli sürülür.

İmam Sadiq (ə) buyurub: “Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Behişt əhli ona görə həmişəlik behiştdə qalacaq ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər” (Kafi, 2-ci cild, səh. 85).

Cəhənnəm əzabının (kafirlər və sair təbəqələr üçün) əbədi olacağına qarşı irəli sürülən əsas arqumentlər bunlardır:

Allahın mərhəməti genişdir və Onun əzabından daha böyükdür. Allah öz yaratdığı məxluqları bu şəkildə əbədi cəzaya məhkum edə bilməz. Çünki bu, Onun ədalət sifətinə ziddir. Həm də adətən, günah müddətli olur. Yəni insan məsələn bir saat, ya bir il, ya 50 il günah edir. Məhdud müddətli günaha görə əbədi cəza vermək Allaha yaraşmaz.

Cavab budur ki, Allah-təala mərhəmətli olsa da, ədalətsiz deyildir. Onun mərhəməti ədalətinə üstün gəlməz. Yəni Allah-Təala bir məzlumun haqqının pozulduğu yerdə günahkarı tövbəsiz əfv etməz və zərərçəkmişi qisassız qoymaz. Günahkarın cəzalandırılması heç də mərhəmətin yoxluğu demək deyil...

Bəs, məhdud müddətli günaha görə əbədi cəza vermək nə dərəcədə düzgündür? Əvvəla, bu dünyada hər hansı cinayətə görə onun üçün cəza verirlər ki, cinayəti etmiş şəxs bir daha onu təkrar etməyə imkan tapmasın (məsələn, oğurluq edənin əlini kəsirlər, yaxud cinayətkarı cəmiyyətdən təcrid edib həbsə alırlar və s.). Bəzən cinayətkarı cəzalandırmaqla zərərçəkənə təsəlli verməyə, ürəyindəki kin və qəzəb duyğusunu söndürməyə çalışırlar. Həmçinin, cəzanı ona görə də verirlər ki, bu cəza başqa cinayətkarlara ibrət olsun və həmin işi təkrar etməkdən qorxsunlar.

Qiyamətdə bu səbəblərin heç biri keçərli deyil. Axirət aləmi peşmançılıq aləmi deyil. Orada hər hansı səhvi düzəltmək, tövbə etmək artıq gec olacaq. Allahın öz düşmənlərindən intiqam alıb rahatlanmaq ehtiyacı yoxdur, O, bundan qat-qat qüdrətlidir. Başqalarına ibrət vermək məsələsi də axirətdə öz qüvvəsini itirəcək; çünki axirət dünyasında onsuz da heç kim cinayət törətməyə qadir olmayacaq. Axirət aləmindəki cəza islah etmək üçün yox, məhz sırf cəza niyyətilə veriləcək. Cinayətkar həmin cəzaya tam layiqdir. Onun peşman olması nə özünə, nə də başqalarına fayda verməz.

Müddətə gəlincə, bəzi cinayətlərin edilmə müddəti qısa olsa da, təsiri uzun olur. Məsələn, bir neçə dəqiqəlik eyş-işrət məclisindən sonra sərxoş olmuş sürücü qəza törədib bir neçə insanı ömürlük şikəst qoyur. Bir göz qırpımında tətiyin çəkilməsi bir insanın ölümünə, bir ailənin illər uzunu başsız qalmasına gətirib-çıxarır. Təsəvvür edin ki, ziyafət məclisində bir nəfər qəfildən otağın işıqlarını söndürür. Yaranmış qaranlıqda bir nəfər pilləkəndən yıxılıb ayağını əzir, o birisi bahalı bir qaba toxunub sındırır, üçüncüsü isti yemək qabını başqasının üstünə dağıdıb onu yandırır və s. Bircə anlıq hərəkət görün nə qədər mənfi nəticələrə gətirib-çıxarır. Təbii ki, həmin adamı mühakimə edəndə ona işığın düyməsini basdığı ana görə cəza verməyəcəklər, şikəst olmuş, zərər çəkmiş insanların, sınmış əmlakın hesabını ondan soracaqlar. Başqa sözlə, həmin adam öz hərəkətinin nəticələrinə görə cavab verəcək. Qəsdən səhv bir qanun verməklə hədsiz fitnə-fəsadlara səbəb olmuş dövlət başçısının günahını həmin qanuna imza atdığı bir neçə saniyə ilə məhdudlaşdırmaq olarmı? Axirətdə veriləcək əzab da bu dünyada edilmiş cinayətin müddətinə görə deyil, yaratdığı təsirə və vurduğu ziyana uyğun olaraq seçiləcək.


Yerləşdirilib:13 Yanvar, 2017, Baxılıb:4736, Çap
 

Son şərhlər : 1
Müəllif: Aydin | 23 Yanvar, 2017  23:03
# Ответить
0


]]>]]>

Salam ələykum çox xaiş edirəm din haqqında daha geniş məlumat yerləşdirin islam tarixi və azərbaycana islamın gəlməsi vəsəlam
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com