Quran Cənnət əhlini belə vəsf edir

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-846.html)

Qurani-kərimin Məaric surəsinin bəzi ayələri araşdırdığımız mövzu baxımından çox əhəmiyyətlidir. Həmin ayələrdə cənnət əhlinin bəzi xüsusiyyətləri yanaşı sadalanır: ardıcıl olaraq namaz qılanlar (yəni namazı tərk etməyənlər, ona saymazyana baxmayanlar), öz varından ehtiyaclılar üçün pay ayıranlar, qiyamət gününə sidq ürəklə inananlar, ilahi əzabdan qorxanlar, namusla yaşayıb əxlaqsızlıqdan uzaq gəzənlər, əmanəti qoruyanlar, vədə əməl edənlər, düzgün şahidlik edənlər (Məaric, 22-34). Bu ayələrdə diqqət yetirilməli iki əsas nüans vardır. Birincisi, Allah burada namaza məsuliyyətlə yanaşmağın əhəmiyyətini vurğulamaq üçün namaz mövzusunu iki dəfə təkrar edir. İkinci nüans isə budur ki, Allah bu xüsusiyyətlərə malik olan şəxslərin sadəcə behiştə gedəcəyini buyurmaqla kifayətlənmir, onları ehtirama layiq görülən və əzizlənən cənnət sakinləri kimi təqdim edir: “Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!” (Məaric, 35). Bu insanlar sıravi cənnət sakini deyil, cənnətin seçilmiş və hörmətli sakini olacaqlar.

Quranın daha bir surəsində də cənnət əhlinin bir neçə xüsusiyyətinin sadalandığına şahid oluruq. Təqva, tövbə, günahlardan qorunmaq, Allahdan qorxmaq və haqqa doğru yönəlmiş qəlbə malik olmaq həmin xüsusiyyətlərin sırasındadır: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir:) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!” (Qaf, 31-33).

Bu xüsusiyyətlərin bəziləri o biri ayələrdə ayrı-ayrılıqda xatırlanır. Məsələn, Naziat surəsində Allahdan qorxaraq günahlardan çəkinən şəxslər haqqında buyurulur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir!” (Naziat, 40-41). Ayələrin birində Allah-təala səmimi qəlbdən tövbə edən bəndələrə cənnət müjdəsi verərək onları ümidləndirir: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin” (Təhrim, 8). Diqqət yetirilməli məqam budur ki, ayədə “nəsuh tövbə” ifadəsi işlədilir. Tövbeyi-nəsuh barədə Peyğəmbərimizdən (s) soruşanda belə cavab vermişdi: “Süd bir daha döşə qayıtmadığı kimi, bu tövbəni etmiş insan da bir daha günaha tərəf qayıtmaz”.

Doğruculluq (sidq) də axirətdə insanın dəyərini artıran, onu ilahi mükafatlara layiq edən keyfiyyətdir. Əməldə və sözdə düzgün olan, ixlasla davranan, səmimiyyəti unutmayan bəndələrin yeri cənnətdir: “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!” (Maidə, 119).

Sosial həyata xüsusi diqqət yetirən Qurani-kərimin aynasında ailədaxili münasibətlər mühüm yerlərdən birini tutur. Müqəddəs Kitabda ailə üzvlərinə qarşı mehriban və məsuliyyətli davranan şəxslərə cənnət vəd edilir. Ayələrin birində cənnət əhlinin bir-biri ilə söhbəti təsvir edilir. “Səni hansı əməlin cənnətə gətirdi” sualına verilən cavab bu şəkildədir: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq” (Tur, 26).

Qurani-kərim ayələrində şəhidin ölü sayılmadığı, əksinə, diri olub ilahi nemətdən faydalandığı təkid olunur. Aşağıdakı ayə də şəhidlərin cənnətdəki mövqeyini bəyan edir: “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır” (Tövbə, 111). Ali-İmran surəsinin 195-ci ayəsində məsələyə daha da aydınlıq gətirilir, Allah yolunda savaşanlar, öz yurdlarından qovulanlar, əziyyətə düçar olanlar da şəhidlərə tay tutulur, bunların hamısının günahlarının bağışlanmış halda cənnətə gedəcəkləri təkid edilir.

İnsanı cənnətə aparan yollar barədə Qurani-kərimdə buyurulanlarla tanış olduqdan sonra yarana biləcək belə bir sualı da cavabsız qoymamağı qərara aldıq: Niyə Quran insana cənnət qazandıran cəhətləri bu qədər rəngarəng və fərqli formalarda sadalayır? Niyə ayələrin bir qismində cənnət əhli bir cür vəsf edilir, başqa ayələrdə isə tamam başqa təsvirlərlə rastlaşırıq?

Bunun səbəbləri çox ola bilər. Əlbəttə, ən düzgününü Allah bilir. Biz bəzi ehtimalları saymaqla kifayətlənirik. Əvvəla, insanı cənnətə doğru aparan əqidə əsasları, əxlaq normaları və ibadət əməlləri çoxdur, onların hamısını bir ayədə ifadə etmək mümkün deyil. Hətta bu mümkün olsaydı da, ayə çox uzun və cansıxıcı alınardı.

İkincisi, Quran bütün bəşəriyyətə ünvanlanmış bir kitabdır. İnsanların hər birinin öz psixoloji durumu, temperamenti, iman dərəcəsi, şüur səviyyəsi vardır. Allah müxtəlif ayələrdə müxtəlif təbəqələrə fərqli üslublarda müraciət edir ki, tez anlasınlar. Həmçinin, hər kəsin “büdrədiyi” məqamlar fərqlidir. Birisi üçün səbir, o birisi üçün saleh əməl, bir başqası üçün isə doğruculluq amilini vurğulamaq faydalıdır. Töbvəsini təxirə salanlar tövbə haqqında, ibadətə saymazyana yanaşanlar namaz mövzusunda tənbeh olunmalıdırlar.

Nəhayət, üçüncüsü, cənnəti qazanmağın yolları barədəki ayələrdə xatırlanan xüsusiyyətlərin hamısı bir-biri ilə sıx bağlıdır. Müsbət insan bu xüsusiyyətlərdən yanlız birinə sahib olub, o birisindən məhrum qala bilməz. Əsil mömin bu cəhətlərin hamısına (heç olmazsa, böyük əksəriyyətinə) sahib olmalıdır. Ayələrdə xatırlanan iman, təqva kimi anlayışlar bir çox başqa dəyərləri də özündə ehtiva edir. Bu baxımdan, ayələrdə fərqli dəyərlərin vurğulanması qətiyyən ziddiyyət təşkil etmir.


Yerləşdirilib:5 Noyabr, 2016, Baxılıb:2349, Çap
 

Son şərhlər : 2
Müəllif: Ramile | 19 Yanvar, 2017  09:36
# Ответить
+1


]]>]]>

Allah razi olsun
Müəllif: ilham2005 | 10 May, 2017  20:36
# Ответить
+1


]]>]]>

ela saytdı
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com