Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)

Əbu Talibin şeirləri


Şübhəsiz, Əbu Talibin imanı barəsində mübahisələrə son qoymaq üçün ən yaxşı yol - onun öz şeirlərinə müraciət etməkdir. Hər sahədə öz müasirlərindən üstün olan Əbu Talib şeir söyləməkdə də məharət sahibi idi. Əbu Talibdən 3000-ə yaxın irili-xırdalı şeir parçası yadigar qalmışdır. Məşhur biblioqraf Ağa Buzurg Tehrani "Əz-Zəriə" əsərində yazır ki, Əbu Talibin divanını lüğət alimi Əbu Nueym Əli ibn Həmzə Bəsri Təmimi (vəf. 375-ci hicri il) toplamışdır; o öz növbəsində divana daxil olan şeirləri Təl’əkbəri və s. məşhur alimlərin əsərlərindən rəvayət etmişdir. Həmçinin, hicri II əsrdə yaşamış Əbu Həffan Abdullah ibn Əhməd Bəsri də Əbu Talibin şerlərindən ibarət bir divan tərtib etmişdir. Bu kitabların hər ikisi hicri 1356-cı ildə Nəcəf şəhərində çap olunmuşdur.

Həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən müxtəlif mövzularda (tarix, təfsir, hədis və s.) qələmə alınmış yüzlərlə kitabda Əbu Talibə aid olan şeir nümunələri verilmişdir. Əllamə Əmini "Əl-Ğədir" kitabının 7-ci cildində onlarla kitabdan (nüsxə fərqlərini də qeyd etməklə) bu şeirləri nəql etmişdir. Biz də dediklərimizi sübuta yetirmək üçün həmin şeirlərdən bəzi nümunələrin tərcüməsini aşağıda qeyd etməyi lazım bildik:

a) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərə (s) xitabən buyurmuşdur:

"Vallahi, mən torpaqlar altında dəfn olunmayınca
Onlar (müşriklər) birləşsələr də, sənə toxuna bilməzlər.
Sənə əmr olunanları aşkarda söylə, heç nədən qorxma,
İnsanlara müjdə ver, onların gözünü işıqlandır!

Məni dinə dəvət etdin, bildim ki, sən mənimçün xeyirxah məsləhətçisən,
Əlbəttə, sən doğru deyirsən və bundan əvvəl də əmin (əmanətdar) şəxs idin.
Mən yəqin bilirəm ki, həqiqətən, Muhəmmədin dini
Dünyadakı bütün dinlərdən ən yaxşı dindir!"

b) Əbu Talib başqa bir şeirində belə deyir:

"Ey Allahın şahidi, mənə şahid ol ki,
Həqiqətən, mən Əhməd adlı peyğəmbərin dinindəyəm!
Hər kim bu dindən azsa da, mən hidayət olmuşam".

c) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərin (s) barəsində buyurmuşdur:

"Allah Muhəmmədə kəramət bəxş etdi,
Allahın yaratdığı insanların ən kəramətlisi Əhməddir.
Allah onun adını öz adından yaratmışdır.
Belə ki, ərşin sahibi Mahmuddur, o (peyğəmbər) isə Muhəmməddir".

ç) Əbu Talib nəinki yalnız özü Peyğəmbərə iman gətitmişdi, o həm də başqalarını bu yola dəvət edirdi. Cəfərin başçılığı altında müsəlmanlar Həbəşistana hicrət etdikdən sonra Əbu Talib həbəş hökmdarı Nəcaşiyə yazmışdı:

"Ey Həbəşistan hökmdarı, şübhəsiz, Muhəmməd də
Musa və Məryəm oğlu İsa kimi peyğəmbərdir.
İnsanları hidayət etmək üçün o iki nəfər kimi din gətirdi,
Bütün peyğəmbərlər Allahın əmri ilə insanları hidayət etmiş və günahdan çəkindirmişlər.
Yəqin siz öz kitablarınızda onun haqqında xəbərlər oxumusunuz,
Bu xəbərlər doğrudur və şəkk-şübhədən uzaqdır.
Allaha şərik qoşmayın və İslama gəlin,
Haqqın yolu zülmət deyil, aşkardır".

d) Əbu Talib öz qardaşı Həmzəyə üz tutaraq söyləmişdi:

"Əhmədin dinində səbirli və sabitqədəm ol,
Bu yolu başqalarına da aşkarla ki, uğur qazanasan.
Rəbbindən din gətirmiş doğrucul və haqlı şəxsi (yəni Muhəmmədi) himayə et,
Ey Həmzə, onun üzünə ağ olma!
Sən mömin olduğunu söyləsən, mən sevinərəm,
Dində Allahın rəsuluna yardımçı ol!
Qüreyşilər arasında durub ucadan öz imanını elan et,
Söylə ki, Əhməd sehrbaz deyil!"

e) Əbu Talibə məxsus məşhur "Qəsideyi-lamiyyə"də deyilir:

"Onlar bildilər ki, övladımız (yəni Muhəmməd) bizim gözümüzdə yalançı deyil,
Və o, batil sözlərə etina etməz!
Bəndələrin rəbbi ona öz köməyilə yardım etsin,
Və batildən uzaq, haqq olan dini aşkara çıxarsın!"

ə) Əbu Talib Məkkə müşriklərinə üz tutaraq, Həzrəti Muhəmməd Peyğəmbərə (s) sonsuz sədaqətini belə ifadə etmişdi:

"Ümid edirsiniz ki, biz Muhəmmədi qətl etmək cəhdiniz qarşısında sakit duracağıq,
Və nizələrimizin ucu sizin qanınıza bulaşmayacaq?
Allahın evinə and olsun ki, yalan deyirsiniz!
Görəcəksiniz ki, bu halda Hətim və Zəmzəm quyusu kəsilmiş başlarımızla dolana kimi sizinlə döyüşəcəyik!".

f) İmam Sadiq (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) ilk vaxtlarda camaat namazını Əli (ə) ilə birlikdə qılırdı. Bir gün Əbu Talib öz oğlu Cəfərlə onların yanına gəlib çıxdı və Cəfərə söylədi: "Oğlum, əmin oğlunun yanında dur". Cəfər də Peyğəmbərin arxasında Əli (ə) ilə yanaşı durub namaz əməllərini icra etməyə başladı və onlar üçlükdə namazı başa çatdırdılar. Əbu Talib kənardan bu mənzərəyə baxıb sevindi və bu şeiri oxudu:

"Şübhəsiz, zəmanənin çətinlikləri qarşısında
Əli və Cəfər mənim etimad yerimdir.
İkiniz də əminiz oğlunu tək buraxmayın.
Onun atası qardaşlarım arasında həm ata, həm də ana tərəfdən yeganə doğma qardaşımdır".


Peyğəmbər Əbu Talibi xeyir-dua ilə yad edirdi


Həzrəti Muhəmməd Peyğəmbər (s) Əbu Talibə nəinki sağlığında sonsuz ehtiram bəsləmiş, hətta vəfatından sonra da onun ruhunu rəhmət və xeyirxahlıq arzusu ilə yad etmişdir. Aşağıdakı rəvayətlərdən bu, aşkar görünür:

a) Bir dəfə Peyğəmbərin əmisi Abbas ondan soruşur: "Ya Rəsulullah, Əbu Talib üçün Allahdan nə isə diləyirsənmi?". Peyğəmbər belə cavab verir: "Rəbbimdən bütün xeyir və yaxşılığı onun üçün diləyirəm" ("Əl-Ğədir", cild 7, səh. 373). Rical alimləri söyləmişlər ki, bu hədisin bütün raviləri siqqətdir (yəni mötəbərdir).

b) Əbu Talibin oğlu Əqil İslamı qəbul edəndən sonra Peyğəmbər ona xitabən söylədi: "Ey Əbu Yezid! Mənim sənə ikiqat məhəbbətim var. Əvvəla, ona görə ki, mənə qohumsan. İkincisi, ona görə ki, əmim Əbu Talibin səni çox sevdiyini bilirəm" ("Əl-Ğədir", cild 7, səh. 375).

c) Peyğəmbər Əbu Talibin vəfat xəbərini eşidəndə sonsuz dərəcədə kədərlənmiş, ağlamış, onun dəfnində şəxsən iştirak etmiş və onun ruhu üçün xeyir-dua etmişdir. Rəvayət edirlər ki, Əbu Talib vəfat edərkən Həzrəti Muhəmməd Peyğəmbər (s) öz kədərini belə ifadə etmişdi: "Vay ata! Vay Əbu Talib! Sənin vəfatına görə çox hüznlüyəm. Necə buna səbir edim ki, mən kiçik olanda sən məni tərbiyə etdin, böyüyəndə dəvətimi qəbul etdin. Sən məni göz bəbəyi və bədəndəki ruh qədər sevirdin! " ("Təfsiri-nümunə", cild 5, səh. 196).

ç) Əbu Talibin dəfnindən qayıdandan sonra Peyğəmbər camaatın içində durub belə söyləmişdi: "Vallahi, qiyamət günündə əmim üçün elə şəfaət edəcəyəm ki, bütün insanlar və cinlər heyrət içində qalacaqlar" ("Əl-Ğədir", cild 7, səh. 386).


Əbu Talibin vəsiyyəti


Əbu Talibin Həzrəti Muhəmmədə (s) bir peyğəmbər və din başçısı kimi əhəmiyyət verməsi və onun təhlükəsizliyi barədə narahat olması ölümqabağı qüreyşilərə söylədiyi vəsiyyətdən də aşkar görünür: "...Sizə bu evə (yəni Kəbəyə) hörmətli olmağı vəsiyyət edirəm; Rəbbin razılığı, ruzinin davamlılığı və çətinliklər qarşısında dözüm bundan asılıdır. Qohumlarla əlaqəni sıxlaşdırın, üzməyin, çünki qohumlarla mehribanlıq ölümü uzaqlaşdırar və artımı çoxaldar. Zülmdən əl çəkin, sizdən əvvəlkilər zülmkarlıq üzündən həlak oldular. Çağırana hay verin, yardım istəyənin dadına çatın, həm həyatın, həm də ölümün şərəfi bundadır. Sözünüzdə dürüst və etibarlı olun ki, camaat içində ehtiramınız olsun!

Sizlərə Muhəmmədlə münasibətdə yaxşı davranmağı vəsiyyət edirəm. O, Qüreyşin əmanətdarı, ərəblərin ən dürüstü və sizə vəsiyyət etdiklərimin hamısını özündə birləşdirəndir. O, sizin üçün elə bir din gətirmişdir ki, qəlb və ruhlar qəbul edir, amma dillər istehza və tənə qorxusundan inkar edir..." ("Əl-Ğədir", cild 7, səh. 366).


Nəticə


Sonda bütün deyilənləri ümumiləşdirərək, oxuculara bu sualla müraciət edirik: Həzrəti Muhəmmədin (s) doğumundan əvvəl Əbu Talib onun peyğəmbər olacağını bilmiş və onun dininə iman gətirdiyini elan etmişdir. Peyğəmbərimizin dəvətinin ilk dövrlərindən başlayaraq, Əbu Talib onu müdafiə etmiş, hətta öz oğulları Əli və Cəfəri, qardaşı Həmzəni müsəlman olmağa həvəsləndirmişdir. Qüreyşin bütün təzyiqlərinə səbir və dəyanətlə dözən bu qocaman şəxs bir an da olsa, öz himayəsini Peyğəmbərin üzərindən götürməmişdir. Müşriklər müsəlmanlara qarşı ümumi boykot elan edib onları Məkkədən qovduqda, Əbu Talib də onlara qoşuldu və özünə məxsus olan ərazidə (Əbu Talib dərəsi kimi məşhurdur) müsəlmanlara yer verdi. Orada sonsuz əziyyətlərə, aclığa, soyuğa, müxtəlif əzablara sinə gərdi və elə bu işgəncələr nəticəsində sağlamlığı tamamilə pozularaq, qısa müddətdən sonra vəfat etdi. Nəzərə almaq lazımdır ki, bu zaman Əbu Talib qəbilə rəisi və kifayət qədər nüfuza malik şəxs idi. O, sakit yaşamaq xatirinə Peyğəmbərə arxa çevirə də bilərdi. Lakin Əbu Talib daxilindən gələn imanın təsiri ilə Sonuncu Peyğəmbərə sonuncu dini yaymaq işində yardımçı olmağı üstün tutdu. Bütün bunlardan sonra onu müşrik və kafir saymaq məntiqə və insafa nə dərəcədə uyğundur?


Natiq Rəhimov
natiq@islam.az


Yerləşdirilib:11 Mart, 2009, Baxılıb:3964, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com