Allah kimin namazını qəbul edər?

(üçüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-836.htmlhttp://az.islam.az/article/a-837.html)

Namazın qəbul edilməsinə bu qədər diqqət yetirməyimizin səbəbi ibadətlər içində namazın müstəsna yer tutmasıdır. Hədislərdə buyurulub ki, qiyamət günündə sorğulanacaq ilk əməl namaz olacaq və Allah dərgahında namazı qəbul olmayanın heç bir əməli qəbul edilməyəcək. Deməli, namaz insanın bütün savab əməllərinin, ibadətlərinin qəbul olub-olmadığını şərtləndirən amildir; belə demək mümkünsə, məhək daşıdır, etalondur. İmam Əli (ə) öz sadiq silahdaşı Mühəmməd ibn Əbubəkri Misrə vali təyin etdikdən sonra ona göndərdiyi məktubda yazırdı: “Bunu bil ki, sənin bütün əməllərin sənin namazına tabedir (yəni etdiyin saleh əməllərin və ibadətlərin qəbul olması qıldığın namazların qəbul olmasından asılıdır)”.

Quran ayələrindən aydın olur ki, insanlar namaza bəslədikləri münasibətdən asılı olaraq, axirətdə mükafata və ya cəzaya layiq görüləcəklər. Allah-təala buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!” (Möminun, 1-2). Əksinə, namaza saymazyana yanaşan və barmaqarası baxan şəxsləri ilahi əzab gözləyir: “Vay halına o namaz qılanların ki, öz namazlarından qafildirlər” (Maun, 4-5).

Namazın qəbul edilməsinə təsir göstərən amillərdən bir neçəsinə ötən məqalələrdə toxunduq, onlardan daha bir neçəsini xatırladırıq. Namazın qəbul olunmasını şərtləndirən keyfiyyətlərdən biri təqvadır. Təqva – Allah xatirinə günahlardan uzaq durmaq, Allahı qəzəbləndirən əməllərdən çəkinmək, hər addımda özünü ilahi dərgahın qarşısında hiss etməkdir. Peyğəmbərlər tarixindən məlum olduğu kimi Həzrət Adəmin (ə) iki oğlu Allah yolunda öz məhsullarından qurban vermişdilər. Allah-təala Habilin qurbanını qəbul etmiş, Qabilinkini isə rədd etmişdi. Səbəb bu idi ki, Habil öz sürüsündən ən iri və sağlam heyvanı, Qabil isə öz tarlasından ən zəif və çürük sünbülləri qurbangaha gətirmişdi. Quranda buyurulur ki, Habil Qabilə belə söylədi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!” (Maidə, 27).

Burada söhbət birbaşa namazdan getməsə də, hər halda, qurban kimi ibadətdən gedir. Allah-təala təqva sahibinin qurbanını qəbul edir. Mövzunu namaza yönəltsək, deyə bilərik ki, namazın qəbul olmasının da şərtlərindən biri təqvadır.

Həzrət Mühəmməd Peyğəmbərin (s) aşağıdakı hədisi də deyiləni sübut edir: “Əgər nazik iptək zəifləyənə kimi namaz qılsanız, kamantək əyilənə kimi oruc tutsanız, Allah sizin namazınızı vərəsiz qəbul etməz” (Mizanül-hikmə, cild 5, səh. 1636, hədis 10622). Vərə müsbət əxlaqi keyfiyyətlərdən biridir. Ərəb dilindən tərcümədə “çəkinmək, uzaq olmaq” mənasını verir. Əxlaq alimləri qeyd etmişlər ki, vərə günaha düşməmək naminə şübhəli olan hər bir şeydən uzaq olmaq deməkdir. İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, vərə insanı günahdan çəkindirən ən yaxşı vasitədir. Göründüyü kimi, məna baxımından vərə təqvaya yaxın məfhumdur.

Allah-təala Qurani-kərimdə namaz mövzusuna toxunaraq açıq şəkildə bəyan edir: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər” (Ənkəbut, 45). İmam Rza (ə) bu həqiqətə işarə edərək buyurmuşdur: “Hər kim namazının (Allah tərəfindən) qəbul edilib-edilmədiyini bilmək istəsə, fikir versin ki, namaz onu pisliklərdən uzaqlaşdırır ya yox? Namaz onu pisliklərdən nə qədər çəkindirirsə, o miqdarda qəbul olub” (Biharül-ənvar, cild 79, səh. 198). Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisi məsələyə daha da aydınlıq gətirir: “Hər kimin namazı onu çirkinliklərdən və pis əməllərdən çəkindirməsə, qazancı yalnız Allahdan uzaqlaşmaq olar” (Biharül-ənvar, cild 82, səh. 198).

İbadətin qəbula yetməsinin şərtlərindən biri də ibadətin agahlıqla icra edilməsidir. Kor-koranə, düşüncəsiz və yəqinsiz edilən ibadət insana fayda verməz. Həzrət Əli (ə) buyurub: “Təfəkkürsüz ibadətdə xeyir yoxdur” (Kafi, cild 1, səh. 36).

Məsumlardan nəql edilən hədislərə görə, namazın qəbul edilməsinin şərtlərindən biri də Əhli-beyti (ə) sevmək və onların vəlayətini qəbul etməkdir. İmam Zeynülabidindən (ə) namazın qəbul olma şərtləri barədə soruşulduqda belə cavab vermişdi: “(Bunun şərti) bizim vilayətimiz və düşmənlərimizdən bizarlıqdır (uzaqlıqdır)” (Mizanül-hikmə, cild 2, səh. 1636, hədis 10626).


Yerləşdirilib:21 Sentyabr, 2016, Baxılıb:5331, Çap
 

Son şərhlər : 1
Müəllif: eltac | 26 Sentyabr, 2016  19:53
# Ответить
-1


]]>]]>

menim adim eltacdir
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com