İnsanların ən yaxşısı kimdir? Hədis işığında

(Üçüncü hissə)

(Əvvəli: http://az.islam.az/article/a-834.html; http://az.islam.az/article/a-835.html)

Ən yaxşı insan ailədə necə olmalıdır?

İctimai münasibətlər sistemində ailədaxili münasibətlər xüsusi yer tutur. Məsumlarımızın hədislərində ailə əxlaqı, ailə üzvlərinin hüquq və vəzifələri ilə bağlı mühüm tövsiyələrə rast gəlirik. Təsadüfi deyil ki, bəzi hədislərdə məhz ailə münasibətləri baxımından ən yaxşı insan vəsf edilir.

Peyğəmbərimizin (s) məşhur hədisində deyilir: “Sizin ən yaxşınız öz ailəsi üçün ən yaxşı olandır (yəni ailə üzvləri ilə ən xeyirxah davranan və sevilən şəxsdir); sizlərdən öz ailəsi üçün ən yaxşı olan mənəm. Kəramətli insan qadınlara ehtiram göstərər, alçaq insan isə qadınları təhqir edər (incidər)” (Nəhcül-fəsahə, hədis 1520). Həmçinin, həzrət buyurmuşdur: “Ümmətimin kişilərindən ən yaxşıları ailə üzvlərinə əziyyət verməyən, onlarla mehriban davranan və onlara zülm etməyən şəxslərdir” (Məkarimül-əxlaq, səh. 216).

Allahın Rəsulu (s) kişilərə üstünlük gətirən sifətlər sırasında təqva, paklıq, səxavət, valideynlə xoş rəftar etmək və öz ailəsini başqasına möhtac etməmək kimi keyfiyyətləri qabartmışdır (Kafi, cild 2, səh. 57). Peyğəmbərimizin (s) nəzərində yaxşı qadın isə bu xüsusiyyətlərə sahib olmalıdır: mehriban olmalı, hicaba riayət etməli, iffətli (həyalı) olmalı, qohumlarının gözündə hörmət və izzət sahibi kimi tanınmalı, dünyaya övlad gətirməli (yəni sonsuz olmamalı), əri ilə ünsiyyətdə təvazökarlığı qorumalı, özünü əri üçün bəzəyib naməhrəmlərdən gizlənməli, ərinin sözünə qulaq asmalı, onun istəklərini yerinə yetirməlidir (Mən la yəhzürühül-fəqih, cild 3, səh. 389).

Ən yaxşı insanın fərdi keyfiyyətləri

Məqalənin ötən bölümlərində təqdim etdiyimiz hədislərin əksəriyyətində ən yaxşı və ən üstün şəxs başqaları ilə münasibətində bunu nümayiş etdirə bilən şəxs kimi göstərilib. İnsan sosial varlıq olduğu üçün, onun ətrafdakılarla ünsiyyətinin necəliyi çox mühüm amildir. Qonşular, qohumlar, ailə üzvləri ilə ünsiyyətində müsbət dəyərlərə əsaslanan insan üstün sayılır. Amma hədislərin bir qismində insanların ən yaxşısı olmaq sırf fərdi məziyyətlərlə, yəni bəzi fərdi əxlaqi keyfiyyətləri əldə etməklə şərtləndirilir. Bu cür hədislərin içində İmam Əlinin (ə) kəlamları üstünlük təşkil edir. Məsələn, o həzrət buyurub: “İnsanların ən yaxşısı odur ki, öz nəfsini zahidliyə uyğunlaşdırsın, istəklərini azaltsın, şəhvətini öldürsün, imanını xalis (səmimi) etsin və yəqinini doğrultsun” (Ğürərül-hikəm, hədis 5031).

İmam Əli (ə) ən yaxşı Allah bəndələrini bu xüsusiyyətlərlə tanıtdırır: “Bəndələrin ən yaxşısı odur ki, yaxşılıq edəndə sevinir, pislik edəndə istiğfar edir (günahının bağışlanması üçün Allaha yalvarır)” (Ğürərül-hikəm, cild 3, səh. 433). Həzrət buyurur: “İnsanların ən yaxşısı o kəsdir ki, ona bir şey hədiyyə olunanda şükür edər, bəla gələndə səbir edər, ona zülm olunanda zalımı bağışlayar” (yuxarıdakı mənbə).

Buna oxşar mətləb İmam Rzadan (ə) da rəvayət edilib. Həzrətdən soruşdular ki, insanların ən yaxşısı kimdir? İmam Rza (ə) cavab verdi: “İnsanların ən yaxşıları o kəslərdir ki, başqasına yaxşılıq edəndə sevinər, pislik edəndə istiğfar edər (günahının bağışlanması üçün Allaha yalvarar), onlara bir şey veriləndə şükür edər, başlarına bəla gələndə səbir edər, qəzəblənəndə bağışlayarlar” (Tühəfül-üqul, səh. 445).

İmam Sadiqin (ə) hədisində isə bu xüsusiyyətlər azacıq fərqlə nəql edilir: “Bəndələrin ən yaxşısı odur ki, bu beş xasiyyət onda cəmlənmiş olsun: yaxşı iş görəndə sevinsin, pis iş görəndə istiğfar etsin, ona hədiyyə veriləndə təşəkkür etsin, bəla ilə qarşılaşanda səbirli olsun və ona zülm olunanda bağışlasın” (Biharül-ənvar, cild 78, səh. 206).

“Allahın yanında insanların ən yaxşısı kimdir?” deyə, İmam Əlidən (ə) soruşanda belə cavab verdi: “Allahdan ən çox qorxan, əməllərində təqvanı ən çox qoruyan və dünyaya münasibətdə ən çox zöhdə riayət edən” (Mizanül-hikmə, cild 1, səh. 845). Həmçinin, Əmirəlmöminin Əli (ə) Allahın nəzərində ən yaxşı insanı bu iki xüsusiyyətlə səciyyələndirirdi: “Allahın yanında ən yaxşı şəxs odur ki, istər xeyrinə, istərsə də ziyanına olsa, Allaha itaətdə ən möhkəmdir; acı olsa belə, haqqı deməkdə israrlıdır. Çünki göylər və yer haqq üzərində bərqərar olub (haqqa dayanıqlıdır)” (Biharül-ənvar, cild 32, səh. 401).

İmam Əli (ə) ən yaxşı insanın hər zaman mənəvi sabitliyə malik olmasını və zəmanənin çətinlikləri qarşısında əyilməməsini mühüm sayırdı: “İnsanların ən yaxşısı odur ki, yaxşı günündə (yəni vəziyyəti yaxşı olan zaman) səxavətli olsun və şükür etsin; çətinlik anında isə əlində olandan başqalarının xatirinə vaz keçsin və səbirli olsun” (Ğürərül-hikəm, hədis 5027). İmam Əli (ə): “Bu ümmətin ən yaxşıları orta yolu gedənlərdir” (Biharül-ənvar, cild 4, səh. 41).

Hədislərin əksəriyyətində ən yaxşı insana xas olan bir neçə xüsusiyyət yanaşı sadalanır. Bununla belə, yalnız bir xüsusiyyəti qabardan hədislərimiz də vardır. Məsələn, İslam Peyğəmbəri (s) buyurmuşdur: “Sizin ən yaxşınız borcunu ən yaxşı şəkildə ödəyəndir” (Nəhcül-fəsahə, hədis 1474). İmam Cəfər Sadiq (ə) isə haqq əsasında hökm verən şəxsi insanların ən yaxşısı adlandırırdı (Biharül-nvar, cild 104, səh. 266). Həmçinin, həzrət buyurmuşdur: “Sizin yaxşınız səxavətli, pisiniz isə simic olandır” (Biharül-ənvar, cild 73, səh. 307).

Dini dəyərlər

Hədislərdəki ən yaxşı insan modelində dini dəyərlər ön planda durur. İmam Əlinin (ə) dili ilə desək, “sizin ən yaxşılarınız günahlardan ən çox çəkinənlərinizdir” (Mizanül-hikmə, cild 1, səh. 846). İmam Zeynül-abidin (ə) də Allahın halal-haramına riayət etməyi, vacib əməlləri yerinə yetirməyi insanların ən yaxşısı olmağın şərtlərindən biri sayırdı: “Allahın fərz (vacib) buyurduqlarına əməl edən şəxs ən yaxşı (ən xeyirli) insanlardandır” (Əmaliyi-Müfid, səh. 184-185). Peyğəmbərin (s) bu kəlamları da mövzunu tamamlayır: “İnsanların ən yaxşısı odur ki, onu görmək sizə Allahı xatırlatsın” (Mizanül-hikmə, cild 1, səh. 845).



Yerləşdirilib:17 Sentyabr, 2016, Baxılıb:3854, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com