Allah kimin namazını qəbul edər?

(ikinci hissə)

Qurani-kərimdə buyurulur: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür” (Ənkəbut, 45). Bu ayədə namazın qəbul şərtlərindən ikisi yanaşı xatırlanır: Allahın xatirinə şəhvani istəklərdən üz çevirmək və Allahın zikri ilə günü başa vurmaq. Quran məntiqindən aydın olur ki, namazla şəhvani istəklər arasında ciddi əks-tənasüb mövcuddur. “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər” (Məryəm, 59). Göründüyü kimi, şəhvətə aludəlik insanı namazdan uzaqlaşdırır. Şəhvətə uyan insan namazı tərk edər. Hətta namaz qılsa belə, namazı Allah dərgahında qəbul olmaz.

Hədisdə buyurulan zikr yalnız Allahın gözəl adlarını təkrarlamaqdan, Ona dil ilə şükür və həmd oxumaqdan ibarət deyil. Allahı gün ərzində zikr etmək zikr şüuru ilə yaşamaq deməkdir. Qurani-kərimdə buyurulur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz” (Nur, 37). Allahı sözün əsil mənasında zikr edən şəxs o kəsdir ki, hər bir vəziyyətdə, həmin vəziyyətə uyğun olaraq Allahı yad edir. Əgər çətinlikdədirsə - Allaha arxalanır, dua edir. Neməti itirirsə - səbir göstərir, asilik etmir. Nemət əldə edirsə - şükür edir. Günah edirsə - dərhal tövbə edib halallıq alır. Nemətlər azalanda qənaət edir, çoxalanda başqaları ilə bölüşür. Ətrafındakı hər şeyə Allahın əmanəti kimi baxır. Əsil zikir budur – Allahı bir an belə, unutmamaq...

Göründüyü kimi, qüdsi hədisdə xatırlanan müsbət keyfiyyətlərin hamısı bir-biri ilə əlaqəlidir. Acları doyuzdurmaq, çılpaqları geyindirmək, çətinliyə düşənlərə rəhm etmək, qəriblərə sığınacaq vermək, başqalarının qarşısında lovğalanmamaq. Bütün bu əxlaqi dəyərlər daim zikir şüuruna sahib olmağın nəticəsində meydana çıxır və möhkəmlənir. Savab əməllər də ibadət kimi Allah dərgahında dəyərlidir. İnsan həm fərdi, həm də sosial varlıqdır. Həm Allah qarşısında yerinə yetirdiyi fərdi ibadətlər, həm də ətrafdakılara münasibəti insanın Allah yanında məqamını və aqibətini təyin edir. Bunların heç biri insanı təkbaşına ya cənnətə, ya da cəhənnəmə aparmağa qadir deyil. İbadət də, savab əməl də kompleks halında götürülür, yanaşı dəyərləndirilir.

Allah-təala bu xüsusiyyətlərə sahib olan insanı necə mükafatlandıracağını da bəyan edir. Allah o bəndəni nurlandırar, öz izzəti ilə onu bürüyər, çağırışını cavablandırar, istədiyini verər, öz mələklərinə onu qorumağı tapşırar. Qüdsi hədislərin birində buyurulur: “Ey Adəm oğlu! Mən ehtiyacsızam və heç vaxt fəqir (möhtac) olmaram. Sənə əmr etdiyim işlərdə (ibadətlərdə, halal-haramı qorumaqda) mənə tabe olsan, səni də fəqir olmayacaq dərəcədə varlı və ehtiyacsız edərəm. Ey Adəm oğlu! Mən diriyəm və ölməzəm. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də dirilik və ölümsüzlük bəxş edərəm. Mən hər nəyə: “Ol!” - desəm, olar. Sənə əmr etdiyim işlərdə mənə tabe olsan, sənə də elə xüsusiyyət verərəm ki, hər nəyə: “Ol!” - desən, olar” (Hürr Amuli. Cəvahirüs-səniyyə, hədis 648-26).

Hədisi-qüdsinin son cümləsi möminin əzm və sabitqədəmliyindən xəbər verir: “Bu cür bəndə mənim nəzərimdə meyvələri solmayan və vəziyyəti dəyişməyən cənnət bağçası kimidir”. Əsil mömin həyatın heç bir keşməkeşi qarşısında öz mənəvi halını dəyişdirməz, səbatını, əzm və iradəsini itirməz. Çətinlik anında səbri, firavanlıq halında şükrü unutmaz. Həm qudurğanlıq, həm də naşükürlük ona yaddır. O, hər bir vəziyyətdən çıxış yolu axtarıb tapar, hər bir şəraitə uyğunlaşar. Heç bir bəla və müsibət onun imanını, yəqinini azaltmağa qadir deyil. Həzrət Mühəmməd Peyğəmbər (s) buna işarə edərək buyurub: “Mömin külək qarşısında durmuş sünbül kimidir. Külək güclənəndə əyilər, külək yatanda yenə dikələr. Kafir isə küknar ağacı kimidir. Küləyin qarşısında dik durar, ta ki sınar” (Biharül-ənvar, cild 3, səh. 134).


Yerləşdirilib:15 Sentyabr, 2016, Baxılıb:4521, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com