Tövhid dərsləri: səlbiyyə sifətləri

(ardı)

Allahin vahidliyinin dəlilləri

(Əvvəli: http://az.islam.az/article/a-832.html; http://az.islam.az/article/a-821.html;http://az.islam.az/article/a-811.html;http://az.islam.az/article/a-810.html; http://az.islam.az/article/a-744.html;http://az.islam.az/article/a-745.html;http://az.islam.az/article/a-751.html;http://az.islam.az/article/a-756.html; http://az.islam.az/article/a-764.html;http://az.islam.az/article/a-765.htmlhttp://az.islam.az/article/a-822.html).

Allahın vahidliyini sübuta yetirmək üçün onun əksini fərz edək. Təsəvvür edək ki, Allah vahid deyildir və Onun şəriki, yaxud şərikləri vardır. Əgər bu fərziyyənin səhv olduğunu sübuta yetirsək, onun əksinin (yəni Allahın vahidliyinin) doğruluğu isbat olar.

1. Fərz edək ki, kainata iki ayrı-ayrı tanrı hökm edir. O zaman onlar ya sülh və razılıq şəraitində fəaliyyət göstərməli, ya da bir-biri ilə mübarizə aparmalıdırlar.

Əgər fərz edilən tanrılar bir-biri ilə razılaşırlarsa, demək müəyyən sahələrdə hakimiyyəti bir-birinə güzəştə getmiş, başqa sözlə, kainatı nüfuz dairələrinə bölmüşlər. Halbuki Allah heç kəsdən ehtiyaclı deyil ki, ona güzəştə getsin. Həmçinin, Allah yalnız müəyyən nüfuz dairəsində hakimdirsə, demək onun imkanları məhduddur. Bu isə Onun qeyri-məhdudluq və kamillik sifəti ilə ziddiyyət təşkil edir.

Əgər fərz edilən tanrılar bir-birinə zidd sifətlərə malik olub daim mübarizə və müharibə aparırlarsa, bunun nəticəsində yaradılış aləminin bütün nizam-intizamı, səliqə-sahmanı pozulmalı və kainat məhv olmalıdır. Halbuki, yer üzündə həyat milyon illərdir ki, öz axarı ilə davam etməkdədir. Qurani-kərim sonuncu fərziyyəni açıqlayaraq, onun səhvliyini ifşa edir: “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Ənbiya, 22).

2. Əgər aləmi yaradan qüvvələrin sayı birdən çox olsaydı, aləmdə indiki kimi dəqiq nizam-intizam müşahidə edilməzdi. Dünyada hər şey öz yerindədir. Müxtəlif cisimlər bir-birilə qırılmaz rabitədədir. Onları təşkil edən hissələr arasında da sarsılmaz qarşılıqlı əlaqə vardır. Əgər aləmi bir deyil, bir neçə tanrı yaratsaydı, onların yaratdıqları bir-birinə tam uyğun gəlməzdi.

Təsəvvür edin ki, üç nəfər qüdrətli rəssamı bir-birindən xəbərsiz halda ayrı-ayrı otaqlarda yerləşdiririk. Sonra onların hər birinə öz təxəyyülü və zövqü səviyyəsində müəyyən bir heyvanın (məsələn, atın) bədən üzvlərinin şəklini çəkməyi tapşırırıq. Belə ki, birinci rəssamdan atın başını, ikinci rəssamdan bədənini, üçüncüsündən isə ayaqlarını çəkməsini xahiş edirik. Axırda çəkilmiş şəkilləri birləşdirsək, onların arasında müxtəlif fərqlər və uyğunsuzluqlar olacağını görəcəyik. Məsələn, birinci rəssamın təsvir etdiyi atın başı ağ rəngdə, ikinci rəssamın çəkdiyi atın bədəni isə qara rəngdə olacaq. Yaxud rəssamların biri atın başını qarşı tərəfdən, digər rəssam isə onun bədənini yan tərəfdən təsvir edəcək. Atın bədən üzvlərinin təsviri ölçü baxımından da bir-birinə uyğun gəlməyəcək. Bunun səbəbi aydındır. Çəkilmiş şəklin hər hissəsi bir nəfərin məhsuludur; onun zövqünü, istedadını, təxəyyül və fantaziyasını əks etdirir.

Əgər kainatın yaradılması prosesində də birdən artıq qüvvə iştirak etsəydi, kainat həmin hissə-hissə çəkilmiş rəsm kimi eybəcər və rabitəsiz alınardı.

İmam Cəfər Sadiq (ə) bu barədə buyurub: “Görürük ki, yaradılış aləmində nizam-intizam var, fələyin çərxi eyni cür dolanır, gecəni gündüz, Günəşi Ay əvəz edir. Hər işin yerli-yerində və tədbirlə baş verməsi onları idarə edən qüvvənin vahidliyini göstərir”.

3. Əgər Allah-Təalanın şəriki olsaydı, onun nişanələrinə mütləq rast gələrdik, onun tərəfindən peyğəmbərlər və səmavi kitablar göndərilərdi. Halbuki yaradılış aləmində vahid Allahdan başqa heç bir qüvvənin izi gözə dəymir. Bütün peyğəmbərlər eyni mənbədən, yəni yeganə Yaradandan vəhy aldıqlarını söyləmişlər. Qurani-kərimdə də tövhid ideyası dönə-dönə vurğulanır.

Həzrət Əli (ə) oğlu Imam Həsənə (ə) vəsiyyətində tövhidin bu dəlilini belə izah etmişdir: “Oğlum, bil ki, əgər Yaradanın şəriki olsaydı, onun tərəfindən peyğəmbərlər gələrdi, həmin şərikin qüdrət və hökumətinin izlərini görərdin, işini və sifətlərini tanıyardın. Amma Allah özü xəbər verdiyi kimi yeganədir. Heç kim onun qüdrətinə zidd gedə bilməz”.


Yerləşdirilib:27 Avqust, 2016, Baxılıb:3839, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com