Tövhid dərsləri: səlbiyyə sifətləri

Allah şəriksizdir (Tövhid)

(Əvvəli: http://az.islam.az/article/a-821.html;http://az.islam.az/article/a-811.html; http://az.islam.az/article/a-810.html; http://az.islam.az/article/a-744.html;http://az.islam.az/article/a-745.html;http://az.islam.az/article/a-751.html;http://az.islam.az/article/a-756.html; http://az.islam.az/article/a-764.html;http://az.islam.az/article/a-765.htmlhttp://az.islam.az/article/a-822.html).

Ötən bəhslərdə qeyd edildiyi kimi, Allah-Təala sonsuz sayda gözəl sifətlərin sahibidir. Allahın sifətlərinin çoxluğu onun zatının çoxsaylı olması demək deyildir. Qüdrətli, elmli, eşidib-görən, diri, şəriksiz, cisimsiz və sairə sifətlərə malik olan Allah yeganədir, təkdir.

Bütün ilahi dinlərdə Allah-təala məhz bu cür tanıtdırılmışdır. Lakin insanlar çoxsifətli, eyni zamanda vahid Tanrının mövcudluğunu dərk etməmiş və onun bölünməz vücudunu tanrılara parçalamışlar. Onlar belə zənn etmişlər ki, vahid Tanrı çoxsifətli ola bilməz və çoxlu tanrılardan hər birinin imkanı müəyyən sahə ilə məhdudlaşır. Məsələn, yunanlarda Poseydon suya, Hefest oda, romalılarda Saturn əkin-biçinə, Venera məhəbbət və gözəllik aləminə hökm edirdi. Qədim iranlılar Hörmüzün yalnız xeyir işlər, Əhrimənin isə şər əməllər törədə bilməsinə inanırdılar.

İslam dininin kökünü yeganə Allaha inam, yəni tövhid təşkil edir (elə “tövhid” sözünün ərəb dilindən tərcüməsi də vahidləşdirmək, yeganə saymaq deməkdir). Dinimizin qanunlarına görə, Allah-təala qeydsiz-şərtsiz olaraq vahiddir, yeganədir, Onun tayı-bənzəri və şəriki yoxdur.

Quranda Allahın vahidliyini sübut edən yüzlərlə ayə vardır. Bunların ən məşhuru “İxlas” adlanan 112-ci surənin ayələridir.

Rəvayətə görə, Məkkə kafirləri Mühəmməd Peyğəmbərin (s) ibadət etdiyi Allahı onlar üçün təsvir etməsini istədilər. Bu zaman Allah-təala Peyğəmbərə “İxlas” surəsini göndərdi: “De: “O Allah birdir (heç bir şəriki yoxdur). Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

Mühəmməd Peyğəmbər (s) camaatı İslam dininə dəvət edərkən ilk öncə bunu demişdi: “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) söyləyin və səadətə çatın!” İslam Peyğəmbərindən rəvayət edilən digər bir hədisdə belə buyurulur: “Hər kəs ixlasla “La ilahə illəllah” desə, cənnətlik olar. İxlasın mənası isə budur ki, adamı günahlardan çəkindirsin”.

Allaha şərik qoşmaq böyük günahdır

Allahın vahidliyini danaraq Ona şərik qoşmaq Qurani-kərimdə ən böyük günah kimi xatırlanır: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (Nisa, 48).

Qurani-kərim tövhidi dananların aqibətini xəbər verməklə onları bu yoldan döndərməyə çalışır: “Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!” (İsra, 39). “Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı” (Ənam, 88).

Allah-təala, Ona şərik qoşanların üzünə əsil həqiqəti söyləyir: “Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar? Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər! Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur). Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər” (Əraf, 191-194).

Allaha şərik qoşan şəxsin vəziyyəti Müqəddəs Kitabda belə təsvir olunur: “Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər” (Həcc, 31).

Allaha şərik qoşan adam Allahla rabitəni kəsər. Artıq o, qüdrət və mərhəmətinə arxalandığı, çətin gündə pənah apardığı Allahı itirmişdir. Pərəstiş etdiyi tanrılar isə onu müdafiə və himayə etməkdən acizdirlər. Rahatlıq, arxayınlıq, mənəvi aramlıq onu tərk etmişdir. Quranda belə şəxs xalq dili ilə “göydən düşmüş” adlandırılır. Bu Quran ayəsində ruhi əzablar, mənəvi narahatlıqlar insan bədənini didib-parçalayan vəhşi quşlara bənzədilir. Bu mənəvi tənəzzül yolunun axırı kafir kimi ölmək və axirət əzabına düçar olmaqdır.


Yerləşdirilib:23 Avqust, 2016, Baxılıb:3983, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com