Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-828.html)

Qadiyani Həzrət Mühəmmədin (s) Quranda “xatəmün-nəbiyyin”, yəni “peyğəmbərlərin möhürü” adlandrılmasının səbəbini öz rəyi əsasında açıqlayırdı: Guya Həzrət Mühəmməd (s) özündən sonrakı nəbinin (şəriət gətirməyən peyğəmbərin) doğruluğunu təsdiqləmək, yəni onun düzgünlüyünə “möhür vurmaq” səlahiyyətinə malik olduğu üçün Allah onu bu cür adlandırıb. O həzrətdən sonrakı nəbi yalnız müsəlman ümmətindən olmalıdır. Qadiyani öz peyğəmbərliyinin Həzrət Mühəmməd (s) tərəfindən təsdiqləndiyini (möhürləndiyini) söyləyirdi.

İki ildən sonra Qadiyani özünü həm də hindusların pərəstiş etdikləri Krişna adlandıraraq elan etdi ki, Krişna onun bədənində zühur edib. Bu yolla Mirzə Qulam Əhməd Qadiyani Hindistanda yaşayan bütün din mənsublarını (xristian, müsəlman və hindusları) öz ətrafında birləşdirmək istəyirdi.

Qadiyani cihad dövrünün sona çatdığını elan edir, bundan sonra silahla deyil, yalnız təbliğatla (sözlə) cihad etməyin caiz olduğu¬nu bildirirdi. Qadiyaniyə görə, cihad 3 mərhələyə bölünür: cihadi-əkbər (ən böyük cihad) insanın öz nəfsi ilə apardığı əxlaqi mübarizədir. Cihadi-kəbir İslam dinini sülh yolu ilə, daha dəqiq desək, qələm və təbliğat vasitəsilə yaymaqdır. Nəhayət, cihadi-əsgər (kiçik cihad) insanın öz əqidəsini qoruması məqsədi ilə silahli mübarizə aparmasıdır. Cihadi-əsğər yalnız müdafiə xarakteri daşıyır və yalnız xəlifənin (əhmədiyyə icmasının başçısının) əmri ilə həyata keçirilə bilər.

Qadiyani 1894-cü ildə Günəş və Ay tutulmalarını qabaqcadan xəbər vermiş və bu hadisələri öz peyğəmbərliyinin sübutu kimi təqdim etmişdi. Əhmədiyyə dininə görə, hər kim Mirzə Qulam Əhməd Qadiyanini yalançı və kafir saysa, özü kafirdir. Lakin onunla düşmənçilik etməyincə, kafir sayıla bilməz. Əhmədiyyə dininə mənsub olan qadın başqa inanc mənsubuna ərə gedə bilməz, amma Qadiyani təliminə inanan kişi başqa dinin ardıcılı olan qadınla evlənə bilər.

Mirzə Qulam Əhməd Qadiyaninin ölümündən (1908-ci il) sonra Həkim Nurəddin rəhbərlik kürsüsündə onu əvəz etdi. Onun 6 illik xilafəti (canişinliyi) müddətində Qurani-kərim əhmədiyyə dininə məxsus olan tərzdə ingilis dilinə tərcümə edildi, İngiltərədə əhmədiyyə icması təsis olundu, əhmədiyyə icmasının mətbu orqanları işə başladı, icmanın xəzinəsi yaradıldı.

Həkim Nurəddindən sonra əhmədiyyə iki qola parçalandı. Qadiyani qoluna Mirzə Qulam Əhmədin oğlu Mirzə Bəşirüddin Mahmud Əhməd (1889-1965) başçılıq edirdi. O, özünü Mirzə Qulam Əhmədin “vəd olunmuş oğlu” adlandırırdı. Mirzə Bəşirüddin Mahmud Əhməd elmi fəaliyyətlə də məşğul olmuş, Qurana təfsir yazmışdır. Ondan sonra qadiyani qoluna oğlu Mirzə Nasir Əhməd başçılıq etməyə başladı. 1982-ci ildə o vəfat etdikdən sonra qardaşı, əhmədiyyə dininin banisi Mirzə Qulam Əhməd Qadiyaninin digər oğlu Mirzə Tahir Əhməd qadiyanilərin başçısı və dördüncü xəlifə seçildi. 2003-cü ildən isə qadiyanilərə beşinci xəlifə Mirzə Məsrur Əhməd başçılıq edir. Qadiyani qolunun ardıcılları ideoloji məsələlərdə daha radikal mövqe tuturlar. Onların əqidəsincə, Mirzə Qulam Əhməd Qadiyani əsl nəbidir, kim onun nəbiliyini qəbul etməsə, kafir sayılmalıdır. Qadiyani qolu Pakistan parlamentinin 1974-cü il qərarı ilə İslamdan kənar dini azlıq elan edilmişdir.

Əhmədiyyənin Lahuri adlanan ikinci qolu isə mötədilliyi ilə seçilir. Mərkəzi Lahor şəhərində yerləşən bu qola Həkim Nurəddindən sonra Mövlana Mühəmməd Əli, ondan sonra Mövlana Sədrəddin başçılıq etmişdir. Lahurilər Mirzə Qulam Əhməd Qadiyaninin nəbilik iddiasını rədd edirlər, onun mehdilik və məsihlik iddialarını da düzgün saymırlar. Lahurilərin əqidə əsasları demək olar ki, əhli-sünnə inancı ilə üst-üstə düşür. Kəlam məsələlərində əşəri və matüridi məktəblərinə bağlıdırlar, dinin və İslamın təməl prinsiplərini də əhli-sünnə məzhəblərindəki kimi qavrayırlar. Ənənəvi sünnilərlə əsas fərqləri ictihad qapısının bağlı olmadığına inanmaları və cihadı silahlı mübarizə deyil, təbliğat mənasında qəbul etmələridir. Onların sayı azdır, əhmədilərin əksər hissəsi birinci qola – qadiyani qoluna mənsubdur.

Əhmədiyyə dininin ardıcılları 1913-cü ildən etibarən Avropada geniş miqyaslı missioner şəbəkəsi qurmuşlar. İngiltərə, Hollandiya, Almaniya, Danimarka, İspaniya və İsveçrədə, ABŞ-da, eləcə də Latın Amerikası, Asiya və Afrika ölkələrində əhmədiyyə təbliğat mərkəzləri mövcuddur. Hal-hazırda dünyada 10-20 milyon nəfər arası əhmədiyyə ardıcılının yaşadığı ehtimal edilir.


Yerləşdirilib:6 Avqust, 2016, Baxılıb:3832, Çap
 

Son şərhlər : 1
Müəllif: Salam | 7 Avqust, 2016  17:41
# Ответить
0


]]>]]>

Ozlerini wie adlandirib,alimlerimizi tehqir eden"exbariler"adli bir qrup var,bu haqda da meqale yazin.Onlari taniyag.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com