Batil əqidələr: Əhmədiyyə (Qadiyaniyyə)

Birinci hissə

Bir vaxtlar müsəlman olmuş şəxslər tərəfindən yaradılan batil inanclar haqqında silsilə yazıları davam etdiririk. Əvvəldə qeyd etdiyimiz kimi, bu batil inanclar ilk mərhələdə öz baniləri tərəfindən İslam dininin bir qolu (cərəyanı) kimi elan edilmişdi. Lakin zaman keçdikcə, özlərinə tərəfdar topladıqdan sonra həmin şəxslər həqiqi niyyətlərinin üzərindəki pərdəni götürməyə başlamış və yaratdıqları inancı İslam dininə alternativ bir təlim kimi təqdim etmişlər.  Belə batil inanclardan biri də əhmədiyyə dinidir. Əhmədiyyə dini XIX əsrdə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən yaradıldığı üçün onun adı ilə “əhmədiyyə”, nəsəbi ilə “qadiyaniyyə” adlandırıır. Bu dini “mirzaiyyə” də adlandırırlar (Qulam Əhməd Qadiyaniyə hörmət əlaməti olaraq “mirzə” deyə müraciət edilirdi). Qadiyani özü təbliğ etdiyi fikirlərin İslam dininə aid olduğunu iddia etsə də, əslində bunlar İslamın ana prinsipləri ilə tam ziddiyyət təşkil edir.

Mirzə Qulam Əhməd Qadiyani (1835-1908) Hindistanın Pəncab vilayətində, Lahordan 100 km. məsafədə yerləşən Qadiyan məntəqəsində doğulmuş, bir müddət bölgə məhkəməsində işləmişdi. O, məmur işlədiyi dövrdə Hindistanda yaşayan müxtəlif din və millət mənsubları – xristianlar, müsəlmanlar və hinduslarla sıx ünsiyyətdə olmuşdu. O zamanlar Hindistan İngiltərənin əsarəti altında olduğu üçün sadə xalq kütlələrini xilaskarın gəlişinə inandırmaq asan idi. Xalq  ölkəni müstəqilliyə çıxaracaq, geriliyi və səfaləti aradan qaldıracaq, millətin taleyini həll edəcək qüdrətli bir şəxsin zühur edəcəyini gözləyirdi.

Qadiyani hər yüzilliyin başında İslamı dirçəldən bir şəxsin meydana çıxacağı barədə hədisi əsas götürərək, XIV hicri əsrin astanasında bu missiyanın ona verildiyini iddia etməklə öz təbliğatına başladı. 1880-ci ildə o, “Bərahini-Əhmədiyyə” (Əhmədin sübutları) adlı dörd cildlik kitabın ilk cildlərini nəşr etdirdi. Bu kitabda o, öz kəramətlərindən, Allahdan aldığı ilhamdan söz açır, İslamı dirçəltmək vəzifəsi ilə göndərildiyini elan edirdi. Bundan sonra Qadiyani öz ətra¬fına tərəfdarlar toplayaraq, onlardan beyət almağa başladı.

Qadiyani 1891-ci ildə Kəşmir yaxınlığındakı Sərəncar adlı yerdə guya Həzrət İsa Peyğəmbərə (ə) məxsus məzarı tapdığını elan etdi. O deyirdi ki, Həzrət İsa (ə) əslində çarmıxda ölməmiş, çarmıxdan çıxarılanda sonra öldüyü zənn edilərək məqbərəyə aparılmış, orada özünə gələrək məqbərədən çıxmışdır. İsa (ə) təqibçilərin əlindən xilas olub Kəşmirə gəlmiş, burada camaata İncili öyrətmiş və 120 yaşında vəfat etmişdir. Qadiyani iddia edirdi ki, Həzrət İsanın (ə) ruhu onun bədəninə keçib və o, əsil Məsihdir. Qadiyani özünü müsəlmanlara Mehdi kimi təqdim edib deyirdi ki, Məsihlə Mehdi eynidir və bunlar guya onun şəxsində zühur ediblər.

1902-ci ildə Qadiyani Həzrət Mühəmməddən (s) sonra vəhyin kəsilmədiyini və özünün nəbi olduğunu elan etdi. O iddia edirdi ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) xatəmül-ənbiya (peyğəmbərlərin möhrü) olması vəhyin kəsilməsini göstərmir. Bunun mənası odur ki, sadəcə olaraq Həzrət Mühəmməd (s) sonuncu ülul-əzm peyğəmbərdir və ondan sonra yeni şəriət gətirən peyğəmbər gəlməyəcək.

(Qeyd: İslam dininə görə, 124 min peyğəmbərdən beşi ən üstün sayılır və onlara “ülul-əzm” (yəni əzm və iradə sahibi) deyirlər. Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Mühəmməd (s). Ülul-əzm peyğəmbərlərin əsas xüsusiyyəti budur: Onlar xalqı tamamilə yeni şəriətə əməl etməyə çağırmış, özlərindən əvvəlki peyğəmbərlərin şəriətini köhnəldiyinə görə ləğv etmişlər).


Yerləşdirilib:26 İyul, 2016, Baxılıb:4242, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com