Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?

(Əhli-sünnə mənbələrinə istinadən)

Birinci hissə

Günümüzdə mübahisə doğuran məsələlərdən biri də qadınların qəbir ziyarətinə getmələrinin hökmüdür. Bu mövzuda fərqli nəticələrə gəlməyə əsas verən hədis və rəvayətlər mövcuddur. Belə ki, bəzi mənbələr qadınların qəbirləri ziyarət etməsinə Peyğəmbərin icazə verdiyini vurğulayır, bəzi mənbələrdə isə bunun əksini sübut edən rəvayətlər yer tutur.

Diqqətinizə təqdim edilən məqalədə əsasən, mötəbər əhli-sünnə mənəbələrinə istinadən mövzuya baxılmışdır. Əhli-sünnə mənbələrinə istinad edilməsinin əsas səbəbi budur ki, nəinki qadınların məzarlığı ziyarət etmələri barədə, hətta ümumiyyətlə, qəbir ziyarəti haqqında əsas şübhə və etirazlar, özlərini əhli-sünnə məzhəbinə bağlayan və əhli-sünnə mənbələrinə istinad edən sələfilər (vəhhabilər) tərəfindən irəli sürülür. Hesab edirik ki, problemin çözülməsi üçün sələfilərin mötəbər saydıqları mənbələrdən sübut gətirmək daha faydalı və ədalətli olar.

İcazənin əsas sübutları

Ümmül-möminin Aişə Peyğəmbərin bir gecə vəhy mələyi Cəbrayılın (ə) müşayiəti ilə Bəqi məzarlığına ziyarətə getməsini rəvayət edir. (Hədis uzun olduğu üçün yalnız mövzuya aid olan hissəsini təqdim edirik):

“Cəbrail dedi: “Rəbbin sənə Bəqi əhlinin yanına (ziyarətinə) getməyi və onlar haqqında istiğfar etməyi əmr etdi”. Mən (Aişə) soruşdum: “Ey Allahın elçisi! (Ziyarət zamanı) nə deyim?” Buyurdu: “Deyərsən: “Bu diyarın əhlinə möminlərdən və müsəlmanlardan salam olsun. Allah bizim öndə gedənlərimizə (yəni vəfat edənlərə) və geri qalanlarımıza (yəni dirilərə) rəhm etsin. İnşallah, biz də sizə qovuşacağıq” (Səhih Müslim, Kitab əl-cənaiz, 35-ci bab, hədis 2256 (974); Hədisin fərqli variantı üçün bax: Sünən əl-Nəsai, Kitab əl-cənaiz, 103-cü bab, hədis 2039).

Hədisdən nəticə alırıq ki, əgər Peyğəmbər qadınların qəbir ziyarətinə getməsini haram bilsəydi, Aişə xanımı bundan çəkindirər, ən azından, ziyarət zamanı nə deməli olduğunu ona öyrətməzdi. Əgər Peyğəmbər ziyarət qaydasını ona öyrədibsə, deməli, qadınların ziyarətinə razı imiş.

Ənəs ibn Malikin rəvayətinə görə, Peyğəmbərimiz qəbir ziyarəti zamanı ağlayan bir qadına sakit olmağı və səbrli davranmağı tövsiyə etmiş, bununla belə, onun ziyarətinə mane olmamışdı (Səhih əl-Buxari, Kitab əl-cənaiz, 31-ci bab, hədis 1283).

Qadağanın əsas sübutları

Qadınların qəbirləri ziyarət etmələrini haram sayanlar isə əsas etibarilə aşağıdakı hədisə istinad edirlər:

Həssan ibn Sabit (Peyğəmbərin zamanında yaşamış məşhur ərəb şairi və səhabə) rəvayət edir ki, Peyğəmbər buyurub: “Allahın Rəsulu qəbirləri ziyarət edən qadınlara (züvvarat) lənət etdi” (Sünən İbn Macə, Kitab əl-cənaiz, 49-cu bab, hədis 1574). Eyni mənbədə hədis həm də Abdullah ibn Abbas və Əbu Hüreyrə vasitəilə rəvayət olunub (hədis 1575-76). Hədis həm eyni, həm də fərqli şəkillərdə digər mənbələrdə də qeyd edilib (Sünən əl-Tirmizi, Kitab əl-cənaiz, 62-ci bab, hədis 1056; Sünən əl-Tirmizi, Kitab əl-səlat, hədis 320 (rəvayət fərqi ilə); Sünən Əbu Davud, Kitab əl-cənaiz, 82-ci bab, hədis 3236; Sünən əl-Nəsai, Kitab əl-cənaiz, 104-cü bab, hədis 2045).

Bu və digər hədislər qadınların qəbir ziyarətinə Peyğəmbər tərəfindən icazə verildiyi nəticəsinə gəlməyə əsas verir. Əgər ortada qadağan olmuşsa da, bu, müvəqqəti xarakter daşımışdır. Mümkündür ki, Peyğəmbər bir müddət həm kişilərə, həm də qadınlara qəbir ziyarətini qadağan etmiş, lakin sonra bu qadağanı aradan götürərək, icazə hökmünü açıqlamışdır.

Şeyx Mühəmməd ibn Abdullah Ələvi “Sünən İbn Macə”yə yazdığı “Miftah əl-hacə” adlı şərhdə hədisin qadağan yoxsa məkruhluq hökmü daşıdığı barədə qısa araşdırma aparır. Sonda bu nəticəyə gəlir ki, əksər alimlər qadının fitnədən amanda qalacağı şərti ilə qəbir ziyarətinə getməsinə icazə verirlər (Əl-Ələvi. Miftah əl-hacə şərh Sünən İbn Macə, s. 114).


Yerləşdirilib:13 İyul, 2016, Baxılıb:4272, Çap
 

Son şərhlər : 1
Müəllif: Gulyanaq | 13 İyul, 2016  18:56
# Ответить
+3


]]>]]>

Çox təşəkkür edirəm
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com