Allaha gedən yolda hallar

(Əvvəli: http://az.islam.az/article/a-823.html; http://az.islam.az/article/a-814.html)

İmam Qəzzali “Kimiyayi-səadət” kitabında yazır ki, bütün ibadətlərin, hətta namaz qılmağın və Quran oxumağın da məğzi və səbəbi Allahı zikr etməkdir. Quranda buyurulur: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (Ənkəbut, 45). Qurani-kərimin başqa bir ayəsində Allah-təala buyurur: “Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım” (Bəqərə, 152).

Zikrin iki növü vardır: cəli (aşkar) və xəfi (gizli). Zikri-cəli dillə, zikri-xəfi qəlblə edilir. Həmçinin, zikr üçün üç mərtəbə müəyyən etmişlər. Ümumi (çoxlarına müyəssər olan) zikr qəflətdən ayrılmaq və Allahı xatırlamaqdır. Xüsusi zikr hər cür fərq və təfavütü, hətta ağlı da oradan götürmək və tamam qəlblə Allahın zikrinə məşğul olmaqdır. Lap xüsusi zikr isə özündən fani və Allahla baqi olmaqdır.

Mövlana Cəlaləddin Rumi zikr barəsində belə yazmışdır:

...Fikr ətalətdə qalıb bir yerdə duranda, zikrə üz çevir.

Zikr söylə ki, fikri yüksəklərə aparsın.

Zikr söyləmək fikri ucaldar, aliləşdirər.

Haqqın zikri pakdır, paklıq gələndə

Çirkinlik yığışıb aradan çıxar.

Pak ad (Allahın adı) ağıza gələndə

Nə çirkinlik, nə də ağız qalar...

9. Müşahidə – qısaca desək, qəlb gözüylə haqqı görməkdir. Məqamları keçəndən və halları dərk edəndən sonra arif müşahidə dərəcəsinə yetişər. Müşahidə halında arifin vəziyyətini sufi ədəbiyyatında işraq, cəzbə, özündən getmək və fəna adlandırmışlar.

Sufi mənbələrində müşahidədən söz açılanda İmam Əlinin (ə) bir məşhur kəlamına tez-tez istinad edilir. Əlidən (ə): “Rəbbini gördünmü?” - deyə soruşduqda belə cavab vermişdi: “Görmədiyim Rəbbə ibadət etmərəm!”

Dərin irfani şərhə ehtiyacı olan və sufilər tərəfindən dəfələrlə təfsir olunmuş Nur ayəsində buyurulur: “Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir; o qəndil isə sanki parlaq bir ulduzdur...” (Nur, 35). Ayədəki “mişkat” (taxça) sözünü mömin ariflərin qəlbi kimi izah etmişlər ki, arif həmişə ilahi nur içində olar və bu nurun ziyasında hərəkət edər.

Arifin müşahidə qabiliyyəti qəlbinin paklığından və ruhunun hazırlıq səviyyəsindən asılıdır. Daha yüksək mənəvi məqama malik olanlar daha dərin müşahidə sahibidirlçr. Mövlana Rumi yazır:

Hər kəs qəlbinin işığına və qəlb güzgüsünə verdiyi sığala, bəzəyə uyğun səviyyədə qeybi görər.

Hər kimin qəlb güzgüsünün bəzəyi çox olsa, çox görər,

Ona daha çox surət görünər.

Sədi Şirazi isə bəşər müşahidəsinin həddi-hüdudu barədə belə yazır:

İnsan elə bir dərəcəyə çatar ki, Allahdan savayı heç nə görməz,

Bax ki, insanlığın məkanı və hüdudu nə qədərdir!

10. Yəqin – irfan aləmində məşhurdur ki, yəqin halların sonuncusu və ən üstünüdür. Yəqin – haqq tərəfindən qəlbə ötürülən elmdir. Digər tərifə görə, yəqinin lüğəti mənası şəksiz-şübhəsiz olan elmdir. Həqiqət əhlinin dilində isə iman gücü ilə yaranan əyani görüntüyə yəqin deyilir və onun dəlil-sübutla əlaqəsi yoxdur, məntiqə deyil, hissiyyata bağlıdır.

Yəqinin üç mərtəbəsi vardır: elmül-yəqin, eynül-yəqin və həqqül-yəqin. Elmül-yəqin bu dünyaya aid olan hökm və əmrlərlə bağlı elmlərdir, alimlərə məxsus, səy və çalışma ilə qazanılar. Eynül-yəqin bu dünyanın mahiyyətidir, ariflərə xasdır, ünsiyyətlə əldə edilər. Həqqül-yəqin isə behiştdəki kəşf və görüntüləri əhatə edir, Allah dostlarının fəna mənzilidir və müşahidə ilə əldə olunar.

Məşhur sufi Şibli yəqinin bu üç mərtəbəsi barədə söyləmişdir: “Elmül-yəqin peyğəmbərlərin dilindən bizə yetişmişdir. Eynül-yəqin Allahın hidayət nurundan birbaşa qəlbə ötürülər. Həqqül-yəqinə çatmağın isə yolu yoxdur”.

Sonda bir daha qeyd edirik ki, mənbələrdə təsəvvüfün məqam və halları barədə təklif olunmuş təsnifatlar fərqlidir. Yuxarıda göstərilənlərdən əlavə, qeyrət, həya, qəbz və bəst, ittisal, fəna və bəqa, xatəmiyyət və vəsiyyət kimi hallar barədə də kitablarda məlumatlara rast gəlirik.

Mənsur ibn Ərdəşir İbadiyə mənsub olan “ət-Təsfiyə fi əhvalil-mütəsəvvifə” kitabında (buna “Sufinamə” də deyirlər) isə tamam fərqli bir təsnifat sistemi verilmişdir. Müəllif məqam və halları, haqq yolçusunun onları əldə etmə ardıcıllığı ilə düzmüşdür. Yəni bu təsnifata görə, haqq yolçusu seyrü-süluk yolunun əvvəlində tövbə, zöhd, xovf, rica və səbr mərhələlərini, ortada şükr, riza və vərə’ mərtəbələrini, sonra isə təvəkkül və yəqin mənzillərini keçir. Həmin kitabda müraqəbə zahiri hal hesab edilmiş, məhəbbət və müşahidə isə batini hal sayılmışdır.


Yerləşdirilib:8 İyul, 2016, Baxılıb:4281, Çap
 

Son şərhlər : 1
Müəllif: Asim | 12 İyul, 2016  15:05
# Ответить
0


]]>]]>

Gozel
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com