Allaha gedən yolda hallar

(Əvvəli: http://az.islam.az/article/a-814.html)

4. Xovf – bəndənin Allahdan qorxu halıdır. Sufilər tərəfindən xovfa verilmiş təriflərin birində deyilir ki, xovf – ya dünyada, ya da axirətdə Allahın cəzasından qorxmaqdır.

Ariflərin biri deyib ki, xovf – Allahın qırmancıdır, onunla öz dərgahından qaçmış şəxsi cəzalandırar. Zünnun Misri isə deyib: “Camaat nə qədər ki, qorxur, düz yoldadır. Elə ki insanın qəlbindən qorxu getdi, yolunu azar”.

Təsəvvüf nəzəriyyəsinə görə, xovf – qeyb aləminə imandan doğur və iki cür olur. Birinci xovf bütün möminlərə xasdır və iki səbəbdən qaynaqlanır: vəd olunanı (yəni hər kəsə əməllərinə görə əvəz veriləcəyini) təsdiq etməkdən və öz günahlarını nəzərə almaqdan. İkinci xovf isə Allah aşiqlərinin sifətidir. Onlar Allahın cəmal sifətlərinə (rəhmət, lütf və s) ümidli, Allahın cəlal sifətlərindən (qəhr, cəza və s.) isə xovflu olarlar.

Sufi mənbələrinin birində belə yazılıb: “Hər kim bu gün xovf və hüzn sahibi olmasa, sabah (qiyamətdə) Allahın: “Qorxmayın və qəm çəkməyin”, - müjdəsindən kənarda qalar, çünki bu xitab qorxanlara və hüznlülərə şamil olar”.

5. Rəca – rəcanı xovfla əkiz saymışlar. Rəca – uca Allahın mərhəmət və əfvinə ümid bəsləmək və gələcəkdə Allah tərəfindən lütf əldə edəcəyinə qəlbən bağlanmaqdır.

Sufilər rəca ilə təmənna arasında fərq qoymuşlar. Belə ki, təmənna insanda tənbəllik yaradar, onu səy və cəhddən saxlayar. Beləliklə, təsəvvüfdə rəca halı bəyənilir, təmənna isə nöqsan sayılır.

Bəziləri rəcaya yaxşı vədələrdən qəlbin şadlanıb-sevinməsi, bəziləri isə ilahi rəhmətin çoxluğuna nəzər salmaq kimi tərif vermişlər.

“Misbahul-hidayə” kitabında yazılıb: “Xovf və rəca haqq yolçusu üçün iki ayaq kimidir, onların vasitəsilə mənzil və mərhələləri keçir. Haqq yolçusu gah xovf qədəmi ilə fitri ətalət təhlükələrini ötüb-keçir, gah da rəca qədəmi ilə məyusluq və kədər girdablarını arxada buraxır”.

6. Şövq – haqq yolçusunun məhəbbətdən sonra çatdığı hala şövq deyilir. Sufilər şövqə belə tərif vermişlər: “Şövq – sevgilinin (Allahın) görüşü üçün qəlbin yerindən oynamasıdır və məhəbbətin miqdarında olur”.

İbn Ətadan soruşurlar ki, şövq üstündür, yoxsa məhəbbət? Cavab verdi: “Məhəbbət üstündür, çünki şövq də məhəbbətdən yaranır”.

Şövqün davamı məhəbbətə bağlıdır. Nə qədər ki məhəbbət vardır, şövqün də varlığı zərurətdir.

7. Üns – təsəvvüf aləmində Allahın cəmalının kamilliyini duymaqdan salikin aldığı batini ləzzətə üns deyilir.

Üns əhlinin sifətlərini belə təsvir etmişlər: Onlar öz məhbublarından başqa hamıdan qaçar və özgələrlə ünsiyyətdən qorxarlar. Yalnız Allahla ünsiyyət qurar, hətta öz nəfslərindən də vəhşət edib qorxarlar. Həmişə Allahın zikri və xəyalı ilə yaşayar, bütün vaxtlarını bu barədə zikr və düşüncə içində keçirərlər. Allahla daim qarşılıqlı bağlantı və ünsiyyətdə olar, ona təzimi vacib sayarlar.

Ünsün üç dərəcəsi olduğunu yazmışlar. Allaha itaət ünsü abidlərə xasdır və namaz, oruc, Quran tilavəti, dil zikri kimi ibadətləri əhatə edir. Bundan daha şərəfli olan ilahi sifətlərlə üns haqq yolçularına şamil olar. Onlar Allahın cəmal və cəlal sifətlərini həmişə hiss edərlər. Nəhayət, haqqa yetişənlər ünsün ən yüksək dərəcəsinə – Allahın zatı ilə ünsə nail olarlar və bütün maneələri, əlavələri kənara atıb müqəddəs zatın özü ilə ünsiyyətdən həzz alarlar.

Bəzən üns halını heybətlə yanaşı təsvir etmişlər. Heybət – Allahın cəlal sifətlərini müşahidə etməkdən və bunların əzəmətini anlamaqdan ibarətdir.

8. Arxayınlıq (itmiynan) – Qurani-kərimin “Rəd” surəsinin 28-ci ayəsində buyurulur: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”

Təsəvvüf aləmində səkkizinci hal sayılan arxayınlıq Allah-təalaya kamil imanın bəhrəsi və ürəyin Allaha etimadadır.

Əbu Nəsr Sirac Tusi “əl-Lümə” əsərində yazır: “Arxayınçılığın üç növü var. Birincisi, ümuma məxsus olan arxayınçılıqdır. Onlar Allahın zikri ilə məşğul olanda arxayınçılıq əldə edərlər ki, Allah-təala onların duasını müstəcab edəcək, istəklərini yerinə yetirəcək. Belə adamlar nəfsi-mütməinnə (arxayın nəfs) sahibidirlər, yəni iman və etiqad sayəsində arxayınlıq içindədirlər.

İkincisi, seçilmişlərin arxayınlığı. Bu şəxslər ilahi qəzavü-qədərdən razıdırlar, bəlalara səbr edərlər, ixlas, sükut və etimad sahibidirlər.

Arxayınlığın üçüncü növü seçilmişlərin seçilmişlərinə məxsusdur. Onlar heyrət vadisində sərgərdandırlar. Çünki Allahın hüzurunda ilahi heybət və əzəmət onları bürüyər, Allahın dərk olunmazlığına agahdırlar. Buna görə də  onların qəlb aramlığı yoxdur, təmənna yanğısı çəkər və: “Ya Rəbb, Sənə olan heyranlığımı artır!”, - deyə nalə edərlər. Həmin heyrət və sərgərdanlıq, doqquzuncu hal olan müşahidəyə gətirib sıxarar”.

Beləliklə, məlum olur ki, arxayınlıq halında söylənən zikrlər arifi müşahidə mərhələsinə hazırlayar.

(ardı var)


Yerləşdirilib:2 İyul, 2016, Baxılıb:4260, Çap
 

Son şərhlər : 1
Müəllif: Eldar | 12 Sentyabr, 2016  23:36
# Ответить
0


]]>]]>

Axiri chox gozel sozlerdi.
“Ya Rəbb, Sənə olan heyranlığımı artır!” Mushahideni etsek ,biz insanlarda,tebiyatda izleri tapmaq olar.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com