Tövhid dərsləri

Səlbiyyə sifətləri (davamı)

(Əvvəli: http://az.islam.az/article/a-821.html; http://az.islam.az/article/a-811.html; http://az.islam.az/article/a-810.html; http://az.islam.az/article/a-744.html; http://az.islam.az/article/a-745.html;http://az.islam.az/article/a-751.html;http://az.islam.az/article/a-756.html; http://az.islam.az/article/a-764.html;http://az.islam.az/article/a-765.html).

Allah cisim deyildir və heç nəyə bənzəməz (MUXALİFƏTUN LİL-HƏVADİS)

Allahın səlbiyyə sifətlərindən biri onun cisim olmamasıdır. Cisim maddidir, məhduddur (onun ölçüləri var), tərkib hissələrindən ibarətdir. Cisim bütün kainatla birgə daimi hərəkətdədir və kəmiyyət-keyfiyyət dəyişikliklərinə məruz qalır. Nəhayət, zamanın ötməsi ilə cisim köhnəlib məhv olur.

Allah-təala deyilən xüsusiyyətlərin hamısından uzaqdır. O, məhv olmazdır (əbədi və əzəlidir), dəyişməzdir. Əgər Allah cisim olsaydı, ölçüyə malik olardı; yəni onun eni, uzunluğu və qalınlığı bilinərdi. Ölçü isə məhdudiyyət deməkdir. Allah-təala məhdudiyyətlərə sığışmaz, O, hər şeyi əhatə edir.

Cisim zaman və məkan daxilində mövcuddur. Lakin Allah-təala zamana və məkana sığmaz. Allah-təala cisim olmadığı üçün cismə xas olan sifətlərdən də uzaqdır. Məsələn, insanda olan oturmaq, durmaq, yorulmaq, yatmaq, qocalmaq, sevinmək, qüssələnmək və s. kimi xüsusiyyətlər Allaha aid edilə bilməz. “Ayətül-kürsi” adlanan mübarək Quran ayəsinin əvvəlində buna qısaca işarə olunmuşdur: “Allah başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər” (Bəqərə, 255).

Allah-təalanın maddi (cisim) olmamasının sübutlarından biri də budur ki, O, ehtiyacsızdır. Bütün maddi aləm tərkib hissələrindən ibarətdir. Məsələn, su hidrogen və oksigendən, öz növbəsində hidrogen qazı molekullardan, molekullar atomlardan, atomlar daha xırda zərrəciklərdən təşkil olunmuşdur. Bu, o deməkdir ki, su öz mövcudluğuna görə hidrogen və oksigenə möhtacdır. Bu elementlərin biri olmasa, su öz xüsusiyyətlərini itirər. Habelə, hidrogeni təşkil edən molekullar bir-birindən asılıdır; onların arasındakı cazibə və dəfetmə qüvvələri pozulsa, hidrogenin molekul quruluşu pozular.

İnsan orqanizminə nəzər salaq. Müxtəlif üzvlərdən təşkil olunmuş insan bədəni öz yaşayışı üçün ayrı-ayrılıqda hər bir üzvə ehtiyaclıdır. Məsələn, insanın həyatı ürəyin fəaliyyətinə bağlıdır. Ürək də öz növbəsində başqa üzvlərdən asılıdır. Onun fəaliyyəti qan dövranı üzərində qurulub. Qan olmasa, ürək fəaliyyətdən qalar, ürək dayanarsa bütöv sistem – yəni insan öz həyatını əldən verər.

Əgər Allah da tərkib hissələrindən ibarət cisim olsaydı, öz tərkib hissələrinə möhtac olmalı idi. Halbuki, Allah hər cür ehtiyacdan uzaqdır, ehtiyac duyan heç nəyə oxşamaz.

Burada belə bir sual qarşıya çıxır: Allah cisim deyilsə, niyə Qurani-kərimdə onun əli, gözü və s. üzvləri xatırlanır?

Allah-təala Qurani-kərimi insanların oxuyub ibrət almalarından ötrü göndərdiyi üçün ayələri elə qurmuşdur ki, oxunarkən asanlıqla anlaşılsın. Allah Qurani-kərimdə insanlara onların təfəkkür və qavrama səviyyəsində müraciət etmişdir. Quran mətnində sözlərin dolğun və düzgün mənalandırılması üçün təşbeh, məcaz, kinayə, misal, bədii təkrir və sual kimi ədəbi-bədii üsullardan geniş istifadə olunmuşdur.

Bəzi ayələrdə Allahın əlindən, yaxud gözündən danışılarkən, onların məcazi mənası nəzərdə tutulmuşdur. Nümunə üçün deyək ki, Azərbaycan dilində də əl və gözlə bağlı istənilən qədər məcazi ifadə və sabit söz birləşməsi vardır. Məsələn, dilimizdə “əli aşağı olmaq” ifadəsi kasıblığı, “əli gətirməmək” ifadəsi bəxtsizliyi, “əli qoltuğunda qalmaq” ümidsizliyi, “gözübağlılıq” avamlığı, “göz qoymaq” nəzarəti, “göz-qaş eləmək” işarə verməyi bildirir. Bütün bunları nəzərə alaraq bilmək lazımdır ki, “Allahın əlləri açıqdır” (Maidə, 64) ayəsi Allahın səxavətinə, “Allahın əli onların əllərinin üzərindədir” (Fəth, 10) ayəsi isə Allahın qüdrətinə işarədir. Eləcə də, “Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım” (Ta-ha, 39) ayəsindəki “göz” sözündən məqsəd Allahın rəhm və mərhəmətidir.


Yerləşdirilib:28 İyun, 2016, Baxılıb:3976, Çap
 

Son şərhlər : 1
Müəllif: Celal | 22 Oktyabr, 2017  11:08
# Ответить
0


]]>]]>

Allah razi olsun!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com