Bir arının gündəliyi

(İkinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-819.html)

Qırx birinci gün. Mən artıq pətəkdaxili işlərlə məşğul olmuram. Çünki süd və mum istehsal edən vəzilərim fəaliyyətdən qalıb. Bundan sonra mən çiçəklərdən şirə yığmaqla məşğul olacağam.

Bu gün mənim pətəkdən kənara ilk uçuşumdur. Bir qədər uzaqlaşıb çiçəklərin əsrarəngiz çələnginə düşdüm, məni əhatə edən ətirlərdən az qaldı ki bihuş olum. Çiçəklər sanki bizim onların üzərinə enməyimiz üçün platforma şəklində qurulub. Biz çiçəyin üzərinə enib, dilimizi onun mərkəzinə daxil edir və soruruq, şirə orada yerləşir. Çiçək tozcuqları bədənimizə yapışır. Biz başqa güllərin üzərinə uçanda tozcuqları da özümüzlə aparırıq və beləcə, çiçəklərin tozlanmasına şərait yaradırıq. Əgər biz olmasaydıq, siz insanlar almanın, armudun, əriyin gözəl dadını və ətrini duya bilməzdiniz...

Bizim uçuşlarımız xaotik deyil, qayda üzrədir. Biz bir çiçəyin üzərindən qalxandan sonra onunla eyni növdən olan başqa çiçəklərin üzərinə qonuruq. Bu yolla tozlanma mümkün olur. Əgər biz fərqli güllərin üzərinə qonsaydıq, bir çiçəyin tozcuğu o biri çiçəyi tozlandrmazdı, tozcuqlar da hədər gedərdi.

Bizi daha çox mavi rəng özünə cəlb edir. Amma başqa rəngdə olan çiçəklərə də qonuruq – yalnız qırmızı rəngdən başqa. Qırmızı rəng kəpənəkləri özünə cəlb edir və tozlandırmanı onlar həyata keçirir. Biz özümüz çiçəkləri axtarmırıq, çiçəklər sanki özləri bizi “çağırır”.

Qırx ikinci gün. Bu günümü də çiçəklərin arasında keçirdim. Mən dəqiqədə iyirmi çiçəyə, gün ərzində iyirmi min çiçəyə baş çəkirəm. Şirəni mədəmdə, tozcuqları isə arxa ayaqlarımdakı kisələrdə saxlayıram. Yükümüz ağır olduğu üçün geri qayıtmaq çətin olur, ona görə biz ən qısa – düz xətt üzrə yolu seçirik. Hətta tanımadığımız ərazilərdə də bu qanuna riayət edirik. Günün ən müxtəlif vaxtlarında Günəşin yerini təyin etməkdə bizə heç kim çata bilməz. Əgər məni qaranlıq otaqda bir saat saxlayıb, sonra buraxsalar, bir neçə saniyədən sonra düzgün uçuş istiqamətini tapa bilərəm. Biz milyon illərdir bunu bacarırıq, siz insanlar isə cəmi 40 ildir bunu öyrənmisiniz...

Qırx dördüncü gün. Biz on minlərlə əməkdaşdan, işçi qüvvədən, kəşfiyyatçılardan, direktorlar şurasından ibarət, iri anbarları, xammalın emalı üçün mexanizmləri, inkişaf etmiş kommunikasiya sistemi olan bir cəmiyyətik.

Günorta üstü arılarımızdan biri həyəcan içində pətəyə daxil olur, hamı onun ətrafına toplaşır. Bədənindəki tozcuqların iyindən onun hansı çiçəkləri tapdığını öyrənirik. Arının öz ağzından buraxdığı şirəni dadırıq. Şirə lazım olduğundan çox suludur. Amma bunun eybi yoxdur. Çünki hava çox istidir, bu şirə çiçəkdən səhər çəkilib, səhər saatlarında şirədə şəkərin tərkibi az olur. Bunları nəzərə alaraq, şirənin keyfiyyəti bizə qənaətbəxş görünür. Amma biz bu şirənin çəkildiyi çiçəklərin yerini hələ bilmirik.

Arı informasiya rəqsinə başlayır. Onun yanındakı arılar, o cümlədən, mən də hərəkətləri təkrar edirik. Arının vızıltısəndan başa düşürük ki, çəməndə çiçək boldur. Arı havada 15 saniyə ərzində “səkkiz” fiquru çəkir. Rəqs zamanı Yerin cazibə qüvvəsi də nəzərə alınır. Biz onu diqqətlə izləyərək başa düşürük ki, çiçəklər 10 kilometr məsafədə yerləşir. Arı “səkkiz” fiqurunun ortasında 28 dərəcə sağa dönür. Günəş pətəyimizə nisbətdə 90 dərəcə altında durduğu üçün məlum olur ki, çəmənlik Günəşdən 62 dərəcə (90-28=62) sağda yerləşir.

Bu məlumatda küləyin sürəti nəzərə alınmayıb. Ona görə də pətəkdən çıxanda zəif külək əsdiyini görüb koordinatlara düzəlişlər edirik.

Qırx yeddinci gün. Sayımız çoxalıb, 60 mini ötüb. Pətək artıq bizə darlıq edir. Bir neçə həftədir hazırlaşırıq ki, bir hissəmiz pətəyi tərk edib başqa yerə köçsün.

Əlli birinci gün. Günorta 15 min arı pətəyi tərk etdi. Pətəkdən çıxmazdan əvvəl mədəmizi balla tam doldururuq. Bu bal yeni şanı tikərkən bizə lazım olacaq. Bu, çox böyük məsuliyyətdir. Əgər yeni pətək üçün yer seçərkən səhv etsək, bütün arı cəmiyyəti məhv ola bilər.

Biz ətrafı diqqətlə araşdırır, əlverişli yerləri tapmağa çalışırıq. Pətəyə qayıdanda tapdığımız yerlər haqqında rəqs vasitəsilə bir-birimizə xəbər veririk.

Bizim cəmiyyətdə fikir azadlığı hökm sürür, heç kim heç kimə zorla öz fikrini qəbul etdirə bilməz. Biz diqqətlə bir-birimizin rəqsini izləyirik. Əgər kiminsə gətirdiyi xəbər bizə daha qənaətbəxş görünürsə, onun rəqsini təkrar edirik. Bununla razılığımızı bildirirık. Beləliklə, rəqs arıdan-arıya ötürülür və fikir birliyi əldə olunur.

Yeni evimiz ən azı 15 litr bal tutumuna malik olmalıdır, çünki biz qış ərzində 10 kiloqram bal hazırlamalıyıq. Çox böyük həcmi olan yuva bizə lazım deyil, çünki onu qızdırmaq mümkün olmayacaq. Yuvanın girişi yer səthindən iki metrdən aşağı olmamalı və cənuba istiqamətlənməlidir. Ev quru olmalıdır, rütubətli məkanı seçmək olmaz. Əgər rütubət pətəyin içərisinə keçirsə, ağac qatranı ilə deşikləri örtürük.

Əlli beşinci gün. Biz yeni pətəyin yeri ilə bağlı 29 variantla tanış olduq. Kəşfiyyatçılarımızın gətirdiyi xəbərdən sonra biz bu variantlardan birini seçdik. Bu yer indiki pətəyin cənub-şərqində yerləşir. Saatda 10 kilometr sürətlə uçub tezliklə ora çatırıq. İçəri girməzdən əvvəl girişi öz qoxumuzla işarələyirik.

Əvvəlcə təzə evi zibildən təmizləyirik. Çatları ağaclardan topladığımız mumla örtürük. Bundan sonra şanın tikintisi başlayır. Şirə yığmaq üçün ilk dəstə yola düşür. Günün sonuna kimi yeni arı cəmiyyəti qurulmuş olur.

Əlli səkkizinci gün. Hava çox istidir. Bizim bir qrupumuz pətəyin girişində havanı sərinlətmək işinə başlayır. Yüzlərlə qanad titrəyərək havanı sərinlədir.

Altmışıncı gün. Mən ölməyə hazırlaşan qoca və yorğun arıyam. Pətəkdəki fəaliyyətimdən əlavə, mən sizi dadlı balla təmin etmək üçün 2000 kilometr məsafə uçmuşam. Bu işi mənə Yaradan təlqin edib.

Həyatım boyunca mən 50 qram bal istehsal etmişəm. Bunu az saymayın. Arı ailəsi gün ərzində 200 min uçuş həyata keçirir və bir kiloqrama yaxın bal toplayır. Siz insanlar hamınız bir yerdə toplaşıb çalışsanız da, heç bircə qram bal yarada bilməzsiniz. Biz sizin üçün bal hazırlayır, bunun əvəzində sizdən heç nə istəmirik. Biz Yaradanın qarşısında borcumuzu yerinə yetirir və Ona xidmət edirik. O bizi yaratmış və sizdən ötrü ən dadlı qidanı hazırlamağı bizə əmr etmişdir.

Allahı daim zikr edin və Ona şükürlərinizi bildirin!


Yerləşdirilib:17 İyun, 2016, Baxılıb:4408, Çap
 

Son şərhlər : 1
Müəllif: Zulfi | 20 İyun, 2016  18:54
# Ответить
+1


]]>]]>

Hikmətə bir bax! Allahu Əkbər
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com