Bir arının gündəliyi

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Nəhl, 68-69).

Birinci gün. Mən cümlənin sonundakı nöqtə boyda ağ rəngli bir yumurtanın içindəyəm. Amma mənə təhqirlə baxmayın. Çünki mənə Yaradan tərəfindən ən böyük nemət – həyat verilib. Mən yeni həyata hazırlaşıram. Bu həyatda mənə lazım olacaq hər bir informasiya indi daxilimdə kodlaşdırılır. Siz insanlara bu qədər informasiyanın toplanması üçün illərlə vaxt lazım olardı.

Dördüncü gün. Mən artıq yumurta deyiləm, amma hələ arı da deyiləm. Artıq öz qabığımdan çıxmışam və soxulcana bənzəyirəm. Mənə sürfə deyirlər. Təəccüblü olsa da, öz “təhsilimin” əsas hissəsini bitirmişəm. Siz insanlar əvvəlcə doğulur, sonra öyrənirsiniz. Biz isə əvvəlcə öyrənir, sonra həyata atılırıq. Bizə lazım olan bütün informasiyalar beynimizdə yerləşdirilir.

Beşinci gün. Mən fasiləsiz qidalanıram. Dünən 1300 dəfə yemişəm, bu gün ərzində isə daha on min dəfə qidalanmalıyam. Əsas yeməyim – böyük bacılarımız tərəfindən hazırlanan, vitamin və proteinlərlə zəngin olan ana südüdür. Bu gün dünənkinə nisbətən kütləm beş dəfə artıb.

Altıncı gün. Ötən gecə hava çox soyuq idi. İsinmək üçün pətəyimizin bütün arıları şanın üstündə toplaşıb, birlikdə titrəməyə başladılar. Pətəyin işində temperatur 35 dərəcə selsi olmalıdır ki, normal inkişafımız baş tutsun. Böyük bacılarımız həm bizi yedizdirir, həm də bizə isti olmasına çalışırlar. Temperatur aşağı düşəndə onlar bədənlərini titrədirlər. Temperatur yüksələndə isə qanadları ilə bizi yelləyirlər.

Doqquzuncu gün. Yeməyim dayandırıldı. Pətəkdə mənim qaldığım hücrənin tavanını mumla bağladılar. Amma mən hiss edirəm ki, tənha deyiləm. Kimsə daim mənim qayğıma qalır.

Onuncu gün. Həmin “Kimsə” sanki mənə pıçıldadı ki, başımda “ipəktoxuyan maşın” qurub və mən indi o maşını işə salmalıyam. İfrazat vəzilərim işə başlayır və ağzımdan ipək saplar çıxır. Mən öz ətrafımda ipək qılaf toxuyuram. Bu, mənim doğulandan bəri təkbaşına etdiyim ilk əl işidir. Artıq sürfə deyiləm, pup (barama) olmuşam.

On beşinci gün. Son həftədə mən daha çox bal arısına oxşamağa başlamışam. Gözlərim, bığcıqlarım yaranıb, başım yekəlib, sinəmdə ilk tüklər çıxıb. Qanadlarım və üç cüt ayağım inkişaf etməkdədir.

İyirminci gün. Dilim, çənələrim, ayaqlarım, qanadlarım və neştərim var. Mən işçi bal arısıyam!

İyirmi birinci gün. Qaldığım hücrənin tavanındakı mumu çeynəyib çölə çıxıram. Nə etməli olduğumu yaxşı bilirəm, amma hələ təcrübəm yoxdur. Əvvəlcə öz bədənimi öyrənirəm. Qabaq ayaqlarımın alt hissəsi mənə fırça kimi lazım olacaq ki, çiçəklərin ətrafında uçanda gözümə düşəcək tozları silim. Orta ayaqlarımda çubuğa oxşar başqa cür fırçalar da var. Onlarla bığcıqlarımı təmizləməliyəm. Arxa ayaqlarımda isə çiçək tozcuqlarını yığmaq üçün kisələrim var.

Öz bacılarıma baxıb görürəm ki, onların üç balaca və iki iri gözü var. Balaca gözlər polyarlaşmış işığı, iri gözlər isə ultrabənövşəyi şüaları görmək üçündür. Bədənimdə mənə lazım olacaq hər şey var: çiçəklərdən şirəni sormaq üçün dilim, əşyalara toxunub qoxusunu duymaq üçün bığcıqlarım, özümü qorumaq üçün neştərim var. Məni əhatə edən aləm çox rahat və gözəldir. Bütün bunlar özbaşına yarana bilməz. Mən bütün bunların yaradılmasında iştirak etməmişəm. Deməli, bunları yaradan var. O, məni yaxşı tanıyır, mənim bütün ehtiyaclarımı bilir, məni əhatə edən dünya haqqında hər şeydən xəbərdardır. O, mənə öz işlərimi görməyim üçün həyat vermişdir və O, sonsuz qüdrət, sonsuz bilik sahibidir.

İyirmi ikinci gün. Mən öz pətəyimizi və bacılarımı müşahidə edirəm. Biz böyük ailə şəklində yaşayırıq, sayımız 40 minə yaxındır. Bu gün pətəyimizdə daha 1500 yeni bacımız doğuldu.

İyirmi üçüncü gün. Mən 4-5 günlük sürfələrə qulluq etmək üçün dayə təyin olundum. Böyük bacılarımın gətirdikləri qidanı ağzımda çeynəyib, ballı “çörək” hazırlayıram və onunla sürfələri yemləyirəm.

İyirmi altıncı gün. Mən özüm arı südü hazırlaya bilirəm və gündə 1300 dəfə qidalanan sürfələri yedizdirirəm. Vaxtilə mən də onlar kimi gündə 1300 dəfə qidalanırdım.

Otuzuncu gün. Mən aşpaz təyin edildim. Böyük bacılarımın çiçəklərdən yığdıqları şirələrdən bal hazırlayır və şanın hücrələrini doldururam. Bal sudan, saxaroza və qlükozadan, karbohidratları həzm etmək üçün xüsusi fermentlərdən ibarətdir. Bal vitaminlərlə zəngindir, ləzzətlidir və sağlamlıq üçün çox faydalıdır. Ola bilər ki, mənim hazırladığım bal sənə qismət olsun. O zaman mən həyatda olmayacağam. Amma sən məni xatırlamağa borclu deyilsən. Əsas odur ki, bu balı mənim vasitəmlə sənə yetirmiş Qüvvəni unutma və Ona yorulmadan şükür et.

Otuz ikinci gün. Pətəyimizdə bir arı tam başqa funksiyaları yerinə yetirir. O, nə şirə yığır, nəbal hazırlayır, nə də sürfələri yedizdirir. O, yalnız yumurta qoymaqla məşğuldur. Biz – onun qızları onu da, sürfələri də arı “südü” ilə yedizdiririk. Ana arı gündə 2000 yumurta qoyur.

Otuz beşinci gün. Bədənimdə daha bir yeni mexanizm işə düşdü. Bədənimdən mum ifraz olmağa başlayır. Mən ayaqlarımdakı çubuqlarla onları yığır, və çeynəyirəm, daha sonra şan düzəltmək üçün material kimi istifadə edirəm.

Şan üçün hazırladığımız mumun miqdarı həmin şanda saxlayacağımız balın miqdarına münasib olmalıdır. Şanın altıgüşəli quruluşu xarici təsirlərə qarşı ən dözümlü formadır. Yarım kiloqram mumdan biz 35 min hücrə düzəldir və onlarda 10 kiloqrama yaxın bal yerləşdiririk. Yarım kiloqram mum hazırlamaq üçün 3,5 kiloqram bal lazımdır. Biz şanı hazırlayanda Yerin cazibə qüvvəsini də nəzərə alırıq. Dişi işçi arılar hücrələrdə üfüqi halda yatırlar, həmin hücrələr şaquli xəttə üzrə düzülür. Sürfələr hücrədə şaquli formada durur, bu hücrələrin özü isə üfüqi xətt üzrə düzülür. Erkək arıların sayı dişi arılara nisbətən xeyli azdır.

Otuz yeddinci gün. Mən indiyə kimi pətəkdən bir neçə dəfə çölə çıxmışam, amma yalnız zibil atmaq üçün. Arılar üçün uçmaq çətindir. Quşlardan fərqli olaraq, biz qanadlarımızı açıb tərpətmirik. Bizim qanadlarımız avtomatik olaraq hərəkət edir və saniyədə 250 dövrə vurur. Uçuş zamanı qabaq və arxa qanadlar bir-biri ilə əlaqəli şəkildə tərpənir. Çiçəklərin şirəsini toplayanda qanadlar ağırlaşır. Buna baxmayaraq, biz saatda 15 kilometr sürətlə uça bilirik.

Otuz səkkizinci gün. Mənim yeni vəzifəm pətəyin girişini qorumaqdır. Heç kimin, hətta başqa arıların da pətəyə icazəsiz girmək ixtiyarı yoxdur. Bu icazə - xüsusi qoxudur. Biz bir-birimizi qoxumuzdan tanıyırıq. Hər bal arısı cəmiyyəti özünəməxsus qoxuya malikdir. Bığcıqlarımız bunu yaxşı duyur. Pətəyin girişi də bu cür qoxu ilə işarələnib.

(ardı var)


Yerləşdirilib:13 İyun, 2016, Baxılıb:5492, Çap
 

Son şərhlər : 1
Müəllif: Ferdin | 14 İyun, 2016  15:32
# Ответить
0


]]>]]>

Allahu Əkbər!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com