Batil əqidələr: Babiliyin əqidə əsasları

(Əvvəli: http://az.islam.az/article/a-815.html)

Bu isə, pəs o ləinin də işi qullabıdır,

Dini-imanı danıb, yoldan azıbdır, babıdır…

M.Ə.Sabir

Babın edamından sonra onun ardıcılları iki hissəyə parçalandılar. Bunlardan birinə Babın canişini “Sübhi-əzəl” ləqəbli Mirzə Yəhya (1831-1912), o birinə isə onun qardaşı Mirzə Hüseynəli Bəhaüllah (1817-1892) başçılıq edirdilər. Hər biri Babın əsil canişini olduğunu iddia edirdi. Birinci dəstənin ardıcıllarını “əzəli”, ikinci dəstəni isə “bəhai” adlandırırlar. Göründüyü kimi, babilik əqidəsi bəhailiyin yaranması üçün baza rolunu oynamışdır.

İlk ardıcılları Babı “haqqın qapısı” adlandırırdılar. Elə həmin vaxtlarda kəlmeyi-şəhadətin uç əvvəlinci cümləsinə “Əlimühəmməd Bəqiyyətüllahın (yəni XII imamın) quludur” məzmunlu dördüncü cümlə gizli şəkildə əlavə edildi. Az sonra həmin bəndi “Əlimühəmməd Bəqiyyətüllahın sirridir (yəni yaxın dostudur)” ifadəsi ilə əvəz etdilər. Babilər cayca artıb möhkəmləndikdən sonra artıq Babı Bəqiyyətüllahın (XII imamın) sirri yox, özü adlandırmağa, “Bəqiyyətüllahın sirri” ləqəbini isə Babın an yaxın silahdaşlarına verməyə başladılar. Babilər şəhadət kəlmələrini bu məzmunda deyirdilər: 1) Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur; 2) Mühəmməd (s) Allahın elçisidir; 3) Əli (ə) Allahın dostudur; 4) Əlimühəmməd Bəqiyyətüllahdır; 5) Filankəs Bəqiyyətüllahın sirridir (yəni Əlimühəmmədin yaxın adamıdır). Çox zaman ixtisar məqsədilə 2-ci və 3-cü cümlələri demir, yalnız “La ilahə illəllah, Babün bəqiyyətüllah və fülanün sirrüh” (Allahdan başqa məbud yoxdur, Bab Bəqiyyətüllahdır və filankəs onun sirridir) deməklə kifayətlənirdilər.

Babın əqidəsincə təbiətdəki hər şey pakdır. Şeyxilər kimi babilər də ruhun bir bədəndər digərinə keçməsinə (tənasüx əqidəsinə) inanırdılar. Öz rəhbər və alimlərini Allaha məxsus sifətlərlə adlandırır, bir çoxlarına müqəddəs İslam şəxsiyətlərinin adını verirdilər. Məsələn, mazandaranlı Hacı Mühəmmədəliyə “Əkbər”, Mir Əbdülkərim adlı başqa birisinə isə VIII imamın adını (Riza) verməklə, birincidə Allaha məxsus sifətin təcəssümünü, ikincidə isə VIII imamın özünü görürdülər. Babilərin əqidəsincə, bu cür müqəddəs şəxslər öldükdən 40 gün sonra onların ruhu yeni bir şəkildə bu dünyaya qayıdır. Babilər tərəfindən Quranın avəzedicisi kimi qəbul edilən və Babın qələminin məhsulu olan “Bəyan” kitabında (əlyazma halında bu kitab 1120 səhifədən ibarət narın xətlə yazılmış 70 dəftəri əhatə edir) tənasüx (ruhun bir bədəndən digərinə keçməsi) haqqında çoxlu qeydlər vardır.

Babilərin qadın hüququ məsələsinə baxışları da öz qəribəliyi ilə seçilir. Babi dinində qadın da kişi kimi talaq hüququna malik idi; ərli qadına təbərra (özünü ərindən azad etmək) hüququ verilirdi. Qadın ərindən təbərra etdikdən sonra istədiyi kişiyə ərə gedə bilərdi. Qadınların hicabsız gəzmələrinə icazə verilirdi. Kişinin ikidən çox qadınla evlənməsi qadağan idi. Qadına talaq verdikdən sonra kişi 19 dəfə onun yanına qayıda bilərdi.

Babilər orucu 30 gündən 19 günə kimi qısaltmışdılar. Ümumiyyətlə, 19 ədədi babilər tərəfindən müqəddəs sayılırdı. Şeyxilərin əsaslandıqları vəhdəti-vücud fəlsəfəsindən ilhamlanan babilər “vücud” kəlməsini Allahın əsas atributu hesab edirdilər. “Vücud” kəlməsini təşkil edən hərflərin əbcəd hesabı ilə cəmi 19-a bərabərdir. Babilər savab heca6 etdikləri əməlləri 19 dəfə təkrar edirdilər. Onlar ili 19 aya, ayi 19 günə bölərək, özlərinə məxsus təqvim duzəltmişdilər. Bu təqvimin aylarının adı belədir: bəha, cəlal, cəmal, əzəmət, nur, rəhmət, kəlimat, əsma, kəmal, izzət, məşiyyət, elm, qüdvə, qövl, məsail, şərəf, sultan, mülk və səlat. İlin sonuna daha 5 gün əlavə edir və həmin günlərdə bayram keçirirdilər.

Babi şəriətində günah etmiş şəxsin cəriməsi 19 misqal qızıldır. Hər kəs öz varisi üçün üzərində Allahın adları həkk olunmuş 19 üzük irs qoymalıdır. Müqəddəs “Bəyan” kitabından 19 ayədən az oxumaq olmaz. Babilərin fikrincə ev əşyalarını hər 19 ildə təzələmək lazımdır.

Babilər xümsün yerinə süls təyin etmişdilər. Yəni mənfəətin beşdən-birini deyil, üçdən-bir hissəsini vergi kimi verirdilər.

Onlar namaz qılarkən bir möhür əvəzinə üç möhürdən istifadə edirdilər. Nisbətən yastı möhürü alnın, bir qədər hündür olan iki möhürü isə yanaqların altına qoyur, bu üç möhürsüz səcdəni batil hecab edirdilər.

Babilər bir-biri ilə göruşərkən salam verən şəxs “Allahü əkbər” (Allah ən böyükdür) deyir, əks tərəf salama “Allahü əzəm” (Allah ən əzəmətlidir) deyə cavab verirdi. Adi hallarda isə bir-birinə “mərhəbən bik” (Sənə mərhəba olsun) deməklə salamlaşırdılar. Babi olmayanlarla bu cür salamlaşmaq haram sayılırdı.

Babilər ağ rəngli əqiq qaşı olan üzük taxır, üzüyün qaşında Quran kəlmələrindən əlavə, öz imamlarının rəqəm və işarələrlə ifadə olunmuş adlarını da qeyd edirdilər. Babilik əqidəsini qəbul etmiş ilk 18 nəfər “hürufi-həyy” (diri hərflər) adlandırılırdı. Bunların birincisi – Seyid Əlimühəmmədi şeyxilərin yeni başçısı kimi təqdim etmiş Molla Hüseyn Buşruyi idi. Hürufi-həyyin biri qadın idi (babi üsyanının lideri Qürrətül-eyn Tahirə).

Təqribən 1848-ci ildə İslamla əlaqəni birdəfəlik kəsmək üçün Bab fitrət adlı yeni təlimi elan etdi. Bu təlimə görə, dünyanın hər yerində babilərin hakimiyyəti bərqərar olana və Bab tərəfindən yeni təlimat (risalə) təqdim edilənə kimi bütün babilər dini vəzifələri (mükəlləfiyyətləri) icra etməkdən azad olunurdular. Bu təlimi şüar edən babilər dini vəzifələrin icrasını boşladılar; onlar daha namaz qılmır, oruc tutmur, çaxır içir, zina edir, heç nəyi murdar saymır, haram bilmirdilər.

Bu da qeyd edilməlidir ki, tarixi mənbələrdəki məlumatlara əsasən, babilik yalnız dini çərəyan olmamışdır. O zamankı İran ərazisinda dövlət əleyhinə kütləvi iğtişaşlar törədilməsində babilikdən fəal istifadə edilmişdir.



Yerləşdirilib:6 İyun, 2016, Baxılıb:4460, Çap
 

Son şərhlər : 1
Müəllif: Qasid | 16 İyun, 2016  21:32
# Ответить
0


]]>]]>

Bunlar kafirdi
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com