Batil əqidələr: Babiliyin yaranma tarixi

1400 illik İslam tarixi boyunca bu dunun daxilində müxtəlif batil əqidələr və cərəyanlar yaradılmışdır. Bunların əksəriyyəti ilk dövrlərdə özünü İslam dininə bağlı bilən şəxslər tərəfindən icad edilmişdir.

Bu şəxslərin bir çoxu zaman keçdikcə öz xəstə təfəkkürünü daha da inkişaf etdirmiş, guya İslam dininin naqisliklərini islah etmək üçün Allah tərəfindən görəvləndiyini elan etmişdir. Saytımızda mütəmadi olaraq bu cür batil əqidələr haqqında məlumat vermək və oxucularımızı bu batil əqidələrin tarixi və əsasları ilə tanış etmək qərarına gəldik ki, onların aldadıcı təbliğatı ilə üzləşdikdə əks-reaksiya verməyə hazır olsunlar, batilin hiyləsinə uymasınlar.

Silsilə yazılara babilik haqqında məlumatla başlayırıq. Babilik haqqında yazını şaban ayında verməyimiz də təsadüfi deyil. Əvvəla, bu batil dinin banisi olan Bab şaban ayının 27-də edam edilmişdir. İkincisi, Bab dəvətinin əvvəlində özünü XII İmam Mehdinin (ə) babı (qapısı) adlandırmşdı; İmam Mehdinin (ə) mövludu da şaban ayına təsadüf edir.

Babilik XIX əsrin ortalarında yaranmış qondapma dindir. Özünə bab (qapı) ləqəbini götürmüş Seyid Əlimühəmməd Şirazi tərəfindən yaradıldığı üçün bu adla adlandırılıb. Babiliyin banisi və fəal üzvləri əvvəllər müsəlman olmuş, daha sonra babilik dininə qoşulmuşdular.

Seyid Əlimühəmməd Şirazinin tərcümeyi-halı barədə məlumatlar azdır. O, təqribən 1819-cu ildə İranın Şiraz şəhərində anadan olmuş, kiçik yaşlarında atasını itirmiş və dayısının himayəsi altında böyümüşdü. 15 yaşlı Əlimühəmməd mühüm liman şəhəri olan Bəndəri-Buşirdə ticarətlə məşğul olan dayısına kömək etməyə başlayır. O, muxtəlif əcnəbi səxslərin gediş-gəliş yeri olan bu şəhərdə qaldığı müddət boyunca tənhalığa qapılmağı xoşlayırdı. Bununla belə, ara-sıra alimlərin məclislərində iştirak edir, səyyahların söhbətlərinə qulaq asırdı. Növbənöv iman və məzhəb sahibləri ilə tanışlıqdan sonra 20 yaşlı Əlimühəmməd təhsil almaq üçün Kərbəla şəhərinə yola düşür.

Əlimühəmməd Kərbəlada dəbdə olan şeyxilik məzhəbinin başçısı Seyid Kazim Rəştinin dərslərinə qatılır. O, dərslərdə göstərdiyi fəallıq nəticəsində öz müəlliminin məhəbbətini qazanır və şeyxilərin arasında hörmət sahibi olur. Bir ildən sonra Əlimühəmməd Şiraza qayıdır. Bəzi babi və bəhai mənbələrində Babın Kərbəlada Seyid Kazim Rəştidən dərs alması faktı inkar olunur. Çünki onlar Babın öz elmini heç yerdən əxz etmədiyini və bu elmin lədünni (birbaşa Allahdan alınmış) olduğunu iddia edirlər.

1843-cü ildə şeyxilik təriqətinin başçısı Seyid Kazim Kərbəlada vəfat edir. Sayı on minlərlə ölçülən şeyxi müridlər başsız qalırlar. Yeni rəhbər axtarışı başlayır. Bu məqsədlə 4 nəfər ən hörmətli mürid İslam məmləkətinin müxtəlif guşələrinə göndərilir ki, şeyxliyə layiq şəxsi tapan kimi xəbər versin¬lər. Axtarış üçün Şiraza gələn Molla Hüseyn Buşruyi köhnə tələbə dostu Əlimühəmmədlə görüşüb, bir-iki qısa söhbətdən sonra Kərbəlaya məktub yazır və rəhbərliyə hamıdan layiq olan şəxsi tapdığını bildirir. Bu məktubdan sonra şeyxilərin Şiraza axını başlayir. Əlimühəmməd təriqətin başçısı elan edilir. Şeyxilərin az bir hissəsi Mühəmmədkərim xan Kirmanini, başqa qisim isə Molla Həsən Gövhəri özünə mürşid bilir.

Təqribən 1844-cü ildə Əlimühəmməd özünü İmam Mehdinin (ə) babı (qapısı) adlandırır. Təbliğatının ilk illərində Əlimühəmməd Bab Məkkəyə həcc ziyarətinə yola düşür və müqəddəs məkanda bir il qalır. Özü uzaqda olsa da, ardıcılları onun şöhrətinin yayılmasına ciddi-cəhdlə çalışırdılar. Artıq camaat içində bu fikir yayılmağa başlamışdı ki, İmam Mehdinin (ə) zühur vaxtı çatmışdır və hamı Onun bayrağı altında Babın dövrəsinə toplanmalıdır.

Böyük müsəlman alimləri babilərin nüfuzunun get-gedə artdığını görərək, bu batil əqidəyə qarşı mübarizəyə başlayırlar. Həcc səfərindən qayıdan Bab Bəndəri-Buşirdə Fars vilayətinin hakimi Nizamüd-dövlə Hüseyn xanın əmri ilə saxlanıb Şiraz şəhərinə gətirilir. Məşhur alimlərin iştirak etdikləri xüsusi yığıncaqda öz iddiasını sübuta yetirə bilməyən Bab tövbə etməyə məcbur olur və bir neçə ay zindanda qalır.

Həbsdən azad olan kimi Bab İsfahana qaçıb, oranın hakiminin himayəsinə sığınır. Himayədarının vəfatından (1847-ci il) sonra mərkəzi hökumətin göstərişi ilə Bab İsfahandan Təbrizə gətirilir və Azərbaycan valisi vəliəhd Nasirəddin Mirzənin göstərişi ilə şəhərin məşhur alimlərinin iştirak etdikləri elmi məclisdə imtahana çəkilir. Alimlərin qarşısında Bab özünü Mehdi adlandırır və İslam şəriətinin qüvvədən düşdüyünü, yeni bir din gəlməsinin zamanı çatdığını elan edir. Yeni dinin əsasları isə Babın “Bəyan” kitabında əks edilmişdi. Babın puç və əsassız iddiaları alimlər tərəfindən tamamilə ifşa olunur. Öz məntiqsiz cavabları ilə məclis əhlini heyrətləndirən Bab dindən azmış divanə hesab edilir. Onun ayaqlarını falaqqaya salıb çubuqla vururlar. Bab yazılı şəkildə tövbə etdikdən sonra Maku şəhərinə sürgün olunur.

1848-50-ci illərdə İran ərazisində (Mazandaran, Zəncan və Neyriz məntəqələrində) güclu babi üsyanları baş verir. Hökumət qüvvələri üsyanları çətinliklə yatırır. Makuda 6 aylıq sürgün həyatından sonra Bab yenidən Təbrizə gətirilir və növbəti mühaki¬mədən sonra 1850-ci ilin iyun ayında ölümə məhkum edilir. Babla birlikdə mühakimə edilən dörd nəfərdən üçü son anda tövbə edib, ondan üz çevirir. Babın Təbrizdəki naibi sayılan, böyük fitnələr törətmiş Ağa Mühəmmədəli isə Babın taleyini onunla bölüşür.

1850-ci il iyul ayının 9-da (hicri təqvimlə 27 şaban 1266-cı il) zərərli fikirləri ilə məntəqəni lərzəyə salmış Seyid Əlimühəmməd Bab 30 yaşında Təbriz şəhərində güllələnir. Deyilənlərə görə, Babı güllələ¬mək üçün edilmiş ilk cəhd uğursuzluqla nəticələnir, güllələr ondan yan keçir. Bab qarışıqlıqdan istifadə edərək qaçmağa cəhd göstərir. Lakin əsgərlər onu tutub hökmu icra edirlər. Ehtimal ki, Babın cəsədi tərəfdarları tərəfindən əvvəlcə Tehranda torpağa basdırılmış, sonralar cənazənin qalıqları Bəhaullah tərəfindən Hayfa şəhərinə aparılıb orada təmtəraqla dəfn olunmuşdur.

Babın ölümü ilə babilər hərəkatı nəzərəçarpaçaq dərəcədə zəiflədi. Onlara qarşı ciddi cəza tədbirləri başladı. 1852-ci ilin avqustunda babilərin Nasirəddin şah Qacara uğursuz sui-qəsdindən sonra onlara qarşı hücum şiddətləndi.

(Ardı var. Məqalənin ikinci bölümündə babiliyin əqidə əsasları haqqında qısa məlumat veriləcək)


Yerləşdirilib:27 May, 2016, Baxılıb:2644, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com